📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“HƏR HANSI DƏYİŞİKLİK QƏBULEDİLMƏZDİR…” - İranCənubi Qafqazda təsir dairələrinin yenidən bölüşdürülməsinə müqavimət göstərir

2021-12-09 14:38:00

“HƏR HANSI DƏYİŞİKLİK QƏBULEDİLMƏZDİR…” - İranCənubi Qafqazda təsir dairələrinin yenidən bölüşdürülməsinə müqavimət göstərir

İki gün əvvl İran prezidenti İbrahim Rəisinin dəftərxanası onun Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı barədə məlumat verdi. İran KİV-ləri xəbər verir ki, açıqlamada prezidentlər arasında Cənubi Qafqazdakı vəziyyətin müzakirə olunduğu vurğulandı.

Qeyd edək ki, rəsmi Tehran regionda “geosiyasi status və sərhədlərin dəyişməsi”nin mümkünsüzlüyünə dəfələrlə işarə edib. "Sərhədlərin dəyişməzliyi" ifadəsində isə əsas vurğulanan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesi çərçivəsində İran-Ermənistan sərhəd xəttinin ölkəmizin nəzarətinə keçəcəyi haqda narahatçılıqdır. Çünki rəsmi Tehran yaxşı bilir ki, Zəngəzur dəhlizi reallaşacağı təqdirdə İran-Ermənistan sərhədinin İran-Azərbaycan sərhədinə dönəcək. Təsadüfi deyil ki, İran prezidentinin aparatından bu məsələ açıq şəkildə qeyd olunur: "Bölgədəki ölkələrin geosiyasi statusunda və sərhədlərində hər hansı dəyişiklik qəbuledilməzdir".

Dəfələrlə şahid olmuşuq ki, Tehran bu mövqeni ilk dəfə səsləndirmir. İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan Moskvaya son səfəri zamanı da rusiyalı həmkarı Sergey Lavrovla görüşündə regionda sərhədlərin dəyişdirilməsi mövzusuna toxunmuşdu. Bundan əvvəl, İran quru qoşunları komandanı, briqada generalı Kumars Heydəri də demişdi ki, “heç bir qüvvə regionun coğrafiyasını dəyişə bilməz, biz buna dözməyəcəyik”.

Söhbət hansı sərhəd dəyişikliyindən gedir və nədən Cənubi Qafqazda sərhəd dəyişməsi gündəmə gəlib? Tehran öz narahatçılığının nədən qaynaqlandığını tam açıqlamır, yalnız işarələr vurur. Bu məsələdə Moskva da susur. Bəs, İranı sərhədlərlə bağlı qorxudan nədir?

İkinci Qarabağ müharibəsindən sonra Bakı İrəvanla sərhədin demarkasiyası və delimitasiya məsələsinin təşəbbüskarı oldu. Bununla bağlı “Valday” Forumunda çıxış edən Vladimir Putin də bildirdi ki, Rusiyanın iştirakı olmadan Ermənistan və Azərbaycanla sərhəddə vəziyyəti biryolluq nizamlamaq mümkün deyil. Eləcə də ifadə olundu ki, keçmiş SSRİ-nin ittifaq respublikaları arasında sərhədlərin dəqiq inzibati və siyasi xəritələri hazırda Rusiya ordusunun Baş Qərargahındadır.

Putin, "bu xəritələrə əsaslanaraq hər iki tərəf sakit oturmalıdır, qarşılıqlı kompromis tələb edən şeylər var: haradasa nəyisə uyğunlaşdırmaq, haradasa nəyisə dəyişdirmək. Amma yalnız bu şərtlə ki, bunu hər iki tərəf qəbul etsin və hər iki tərəf üçün faydalı olsun”, deyə xəbərdarlıq xarakterli açıqlama etdi. Putinin bu gedişinə Paşinyan tərəfindən ritorik də olsa "hə" cavabı verildi. Ermənistanın baş naziri bildirdi ki, “Rusiya Müdafiə Nazirliyinin sərhədin delimitasiyası və demarkasiyasına köməklik göstərilməsi təklifləri Ermənistan tərəfi üçün məqbuldur”. Lakin Paşinyan ortaya intriqa salaraq "suyu bulandırmadan keçinə bilmədi". Bildirdi ki, “Rusiya üç dəfə demarkasiya və delimitasiya ilə bağlı yardım təklif edib, lakin Azərbaycan prosesə mane olub”.

Azərbaycan tam haqlı olaraq özünü Birinci Respublikanın (1918-1920) hüquqi varisi kimi tanıyaraq, müvafiq konstitusiya aktı qəbul edərək sovet sərhədlərindən imtina edib. Çünki məntiqli olaraq ölkə sovet hakimiyyəti tərəfindən işğal edilənədək quru yerdə məskunlaşmamışdı, 1920-ci il 28 aprelə qədər ADR mövcud idi. Ən azından məntiqi əsasla ADR SSRİ-yə hansı sərhədlərlə daxil edilmişdisə, SSRİ süqut edərkən o sərhədlərlə də çıxmalı idi. Digər tərəfdən isə, bəzi erməni ekspertlər Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası üçün Putinin təklif etdiyi Rusiya Baş Qərargahının xəritələrini əsas kimi yox, komissiyanın 1920-ci il fevralın 14-də hazırladığı sənəddən istifadə etməyi təklif edirlər. Niyə? Çünki Fransa, İngiltərə, İtaliya və Yaponiyanın daxil olduğu Millətlər Cəmiyyəti o zaman Osmanlı İmperiyasının ərazisinin bir hissəsini Ermənistana daxil etmişdilər.

Yəni hazırda regionda sərhəd problemlərinə diqqətin cəmlənməsi təkcə Dağlıq Qarabağ faktoru ilə bağlı deyil. Sərhədlərin qurulması problemləri ilə 1918-ci ildə Rusiya imperiyasının süqutundan sonra yaranmış gənc Azərbaycan, Gürcüstan, eləcə də Azərbaycan torpaqları üzərində qurulmasına qərar verilmiş Ermənistan dövlətləri məşğul olublar.

Gürcüstanın ərazi iddiaları Cənubi Qafqazın şimal hissəsi və Türkiyə ilə bağlı idi. Bu ölkə Tiflis və Kutaisi əyalətlərinə, Batumi bölgəsinə, Suxumi və Zaqatala rayonlarına iddia edirdi.

Ermənistan 1920-ci ilin avqustunda “Sevr” müqaviləsində qeyd olunanlara daha çox iddialar irəli sürdü.

19-cu əsrin sonlarında gürcü millətçilərinin ruhani lideri İlya Çavçavadze “Qafqaz xalqlarının dostcasına birləşməsi üçün geniş plan” hazırlamağa çalışırdı. Bu mövzu 1920-1930-cu illərdə Qafqaz mühacir dairələrində ətraflı işlənmişdir və Dimitri Vaçnadze ümumi yekunu belə ifadə etmişdir: “Xilas olma, qurtuluş və dirçəliş yolu Qafqaz xalqlarının Qafqaz Konfederasiyası adlanan dövlət birliyindən keçir”. Nikoloz İnsaridze yazırdı: “Qafqaz sakinləri öz mədəni-siyasi çərçivələrini ümumi işə qurban verməli, əl-ələ verərək onları sındırıb məhv etməlidirlər. Qafqazın müstəqilliyinə nail olmaq insan orqanı kimi birləşməkdən keçir. Osetinin, çərkəzin, inquşun, çeçenin, ləkin, gürcünün, azərbaycanlının mədəni-siyasi baxışlarının nominal ifadələri ümumi firavanlıq qurbangahına gətirilməli və bunun müqabilində onların hamısı qafqazlı adını qaytarmalıdır".

Bəzilərinə qəribə gələ bilər ki, sadalanan Qafqaz xalqları arasında erməni yoxdur. Amma bunun kökündə həm ermənilərin Qafqaza aid olmaması, həm də bu aid olmamanın məntiqi nəticəsi kimi erməni mühacirətinin Qafqaz Konfederasiyası layihəsinə soyuq yanaşıb, 1934-cü ildə paktı imzalamaqdan imtina etməsi durur. Daha sonra postsovet dövründə ilk dəfə olaraq vahid Qafqaz təşəbbüsü ilə Zviad Qamsaxurdiya çıxış etdi ki, ardınca da E. Şevardnadze onu bir az dəyişikliyə uğramış formada təklif etdi.

Ərazi problemlərinin kökü isə respublikalar arası sərhədlərin müəyyənləşdiyi 1923-cü ilə gedir. Çünki o zaman inzibati-ərazi vahidləri yaradılmağa başladı və gələcəkdə SSRİ-də millətlər arası münaqişə yaranarkən, onların daha sonra böyük qardaşdan qopmasını əngəlləmək rolunu yerinə yetirən muxtar vilayətlər və muxtar respublikalar termini bu vaxt meydana gəldi. Buna görə də Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya problemlərinin mənşəyini sovet dövlət quruculuğunun ilkin dövründə axtarmaq lazımdır.

Gələk İrana. İranın bölgəyə artan marağı nədən qaynaqlanırdı: Cənubi Qafqaz Rusiya və indiki İranın varis olduğu imperiyalarının çəkişmə səbəblərindən olub. İranın marağı təkcə coğrafiya ilə məhdudlaşmır. Regionda geniş miqyasda Amerika-İran və Türkiyə-Amerika qarşıdurması gedir. İran dövlətçiliyinin "islami" xarakter daşımasına və Qarabağ məsələsində müsəlman həmrəyliyinə çağırışlarına baxmayaraq, Tehran Ermənistanın tərəfini tutdu. Ermənistan İranın simasında Azərbaycan və Türkiyənin blokadasında dünyaya dəhliz qazandı.

Üstəlik, bu gün Yaxın Şərqdə İran-Türkiyə qarşıdurmasının Qafqaz regionuna transferi də yayılmaqdadır desək yanılmarıq, çünki Şimali İran və şimali Azərbaycan vahid etnik məkanın üzərində birləşir. İranın da Şimali Azərbaycanın güclənməsindən qorxusu bundan qaynaqlanır.

Rusiya və İranın Cənubi Qafqazda yeganə strateji tərəfdaşı sayılan Ermənistanın öz xarici siyasətini qərbə yönləndirməsi vəziyyəti daha da gərginləşdirir. ABŞ-dakı erməni lobbisi də Ermənistanın Qərbə yönəlməsini dəstəkləyir.

Odur ki, İranın indiki dövrdə Cənubi Qafqazda sərhədlərin dəyişməsinə etirazını işarə etməsini Yaxın Şərqdə və Cənubi Qafqazda sərhədlərin yenidən bölüşdürülməsi ilə izah etmək olar. İş də bundadır ki, Tehranın qorxduğu sərhədlərin dəyişdirilmə perspektivi baxımından Azərbaycanla Ermənistan arasında ikinci Qarabağ müharibəsi rol oynadı və regionun geosiyasi xəritəsi dəyişdi. Nəticədə əvvəllər İranı Ermənistan və Qarabağla birləşdirən bəzi kommunikasiyalar Bakının nəzarətinə keçdi. Bununla da Azərbaycan İrandan Qarabağa və Ermənistana gedən nəqliyyata nəzarət etməyə başladı. Bakı-Ankara tandemi formalaşdı ki, bu da Türkiyəyə Zəngəzur dəhlizi deyilən Türkiyə-Naxçıvan marşrutu üzrə nəqliyyat xabının yaradılması layihəsini həyata keçirməyə imkan verir. Bu, öz növbəsində, Araz çayından şərqdə Astaraya qədər İranın bütün şimal sərhəddinə Türkiyə vəAzərbaycanın nəzarətinə, o cümlədən hərbi nəzarətinə imkan verir. Yəni Qarabağda müharibənin yaratdığı hərbi-siyasi qarşıdurma yeni müstəviyə keçməyə başlayır: 1828-ci ildə İran-Rusiya arasında “Türkmənçay” ilə çəkilmiş sərhəd “laxlamağa” başlayır.

Güney Azərbaycan türk faktoru aktivləşmədən İranda etnik faktordan istifadə etmək mümkün deyil. Buna görə, rəsmi Tehran Bakının Güney azərbaycanlıları ilə həmrəyliyinə mənfi reaksiya verir. Burada Tehranın əks gedişi o oldu ki, o 1779-1925-ci illərdə ölkəni idarə edən Qacar türk sülaləsi dövründə İrandan ayrılmış Qafqazın 17 şəhərini geri qaytarmağa hazır olduğunu bildirdi. Yəni Tehran rejimi Güney Azərbaycanın özündən qopmasındansa Şimalı Güneyə öz daxilində birləşdirmə hərəkatını yaradıb ki, bunun da nəticəsini Qafqazda sərhədlərin yenidən öz xeyrinə bölüşdürülməsi kimi təqdim edir.

“Qafqazın Rusiyaya birləşdirilməsindən əvvəl indiki Azərbaycanın demək olar ki, hamısı, bütün Ermənistan və müasir Dağıstanın bir hissəsi, yəni Dərbənd İranın bir hissəsi idi”, - deyə Rusiya Elmlır Akademiyasının Şərqşünaslıq institutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqat Mərkəzinin işçi qrupunun koordinatoru Aleksandr Skakov deyir. Skakovun fikrincə, məsələnin hətta Qafqaz şəhərlərinin ilhaqı ilə bağlı bəyanatlar səviyyəsində aktuallaşması Azərbaycanla İran arasında münasibətlərin ümumi şəkildə pisləşməsi ilə bağlıdır. Və indi artıq altı türk dövləti var: Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan. Beləliklə, İranın şimalında və şimal-qərbində, demək olar ki, “türk qövsü” meydana çıxdı ki, onu İran-Ermənistan sərhədinin yalnız kiçik bir hissəsi kəsir.

Bütün bunlar İranı narahat etməyə bilməz. Digər tərəfdən, İran elə hərbi-strateji vəziyyətdədir ki, eyni zamanda Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya və Xəzəryanı ölkələr olmaqla, istər etnik, istər dini, istər hərbi, istərsə də regionun bütün ağrılı nöqtələrini özünə çəkir. Ona görə də İran ətrafında görünməz, lakin şiddətli mübarizə gedir.

İran üçün isə türkçülük ideyalarını yayması arzuolunmazdır. İranın xarici siyasətinin iki əsas vektoru var:

1. İranı şiə dövlətləri İraq, Suriya, Livanla birləşdirən şiə oxu.

2. İranı öz geosiyasi strategiyasında Cənubi Qafqaz əhalisi ilə birləşdirən ikinci ox ki, burada İran bölgədə bütün sahələrdə müstəqil, fəal siyasət yeritmək üçün regional mərkəz rolunu bərpa etməyə çalışır. Yəni İran hakimiyyətini İraqdan Livana və Cənubi Qafqaza uzatmağa çalışdığı şiə oxu ilə yaymağa çalışır.

İran Qafqaza özünün tarixi ərazisi kimi baxır ki, bu baxış İranın keçmişdə müstəmləkə etdiyi bu əraziyə böyük təsir göstərmişdir. Təbii ki, bu təsir ən çox Azərbaycanda, ən az isə Gürcüstandadır, amma hətta Gürcüstanda da yetərli həddədir.

İranın imperiya kimi Arazın şimalında təxminən iki yüz ildir ki, mövcud olmamasına baxmayaraq, bununla bağlı bəzi “xatirələr”i hələ qalmaqdadır. Bundan başqa, İranda Azərbaycan türkləri, eləcə də Qafqazın digər xalqlarının nümayəndələri, o cümlədən müsəlman gürcülər və ermənilər yaşayır. İran Ermənistanı yeganə problem gözləmədiyi qonşu kimi görür, çünki orada türk və türk təhlükəsi yoxdur.

Azərbaycan İran üçün Türkiyədən daha çətin qonşu və tərəfdaşdır. İranın Gürcüstanla münasibətləri də məsafəlidir, amma bəlkə də Gürcüstanla yaxın münasibətdə Ermənistan və Azərbaycanla münasibətdən az maraqlı deyil.

Gürcüstanın Qərb strukturları ilə bağları fəal inkişaf etdiyindən İran Gürcüstana “Qərbə açılan pəncərə” kimi baxa bilər. Hətta Gürcüstanın açıq-aşkar qərbyönümlü siyasəti və İranla Qərb arasında kəskin qarşıdurma dövründə belə, Gürcüstan İranın ondan qisas almasından ehtiyat edərək hər hansı anti-İran addımından yayınmağa çalışırdı.

Cənubi Qafqazda və onun ətrafında isə vəziyyət sürətlə dəyişir. Yaxın Şərqdəki geosiyasi dəyişikliklər mehi bu regionda da təsir dairələrinin yenidən bölüşdürülməsini gündəmə gətirəcək. İran resurslarına güvənərək, nüvə proqramı ilə bağlı yeni saziş bağlanandan sonra təsirini daha da artırmağa səy göstərəcək.

Bunu Türkiyə prezidenti R. T. Ərdoğanın Qafqaz və Mərkəzi Asiyada Turan müstəvisində “türk oxu”nu gücləndirməsi ilə də gözləmək lazımdır ki, bu da açıq-aşkar Tehranın iştahını pozur. Qafqazda Rusiya da öz təsirini artırmağa, eləcə də Yaxın və Orta Şərqdə möhkəmlənməyə çalışacaq.

Ülviyyə, Hurriyyet.az