"Hər hansı təxribat aktına məruz qalsaq, bizi kimsə dayandıra bilməz" - RƏY
“Hər hansı təxribat və ya təcavüz aktına məruz qalsaq, bizi kimsə, o cümlədən də Makronun sərsəmləmələrindən sonra əsl məqsədi suallar doğurmağa başlayan Avropa İttifaqı missiyası dayandıra bilməz”.
Hurriyyet.Az bildirir ki, bunu Report-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat vurğulayıb ki, 30 illik münaqişə və 2020-ci ildən sonrakı postmünaqişə dövründə Ermənistanın davranışlarından yalnız bir nəticə hasil etmək mümkündür ki, İrəvan sülh və əməkdaşlıq mühitinin formalaşdırılmasında maraqlı deyil, yaxud başqa formada ifadə etsək, bu ölkə özü könüllü formada təcavüzkar niyyətlərindən əl çəkməyəcək: “Bu illər ərzində Ermənistan həmişə üçüncü bir gücün arxasında gizlənərək mənfur niyyətlərini həyata keçirib. Azərbaycan isə tam siyasi, iqtisadi müstəqilliyə, ordu quruculuğu, müstəqil müdafiə sənayesi və bu sahədə şaxələndirilmiş əlaqələrə nail olduqdan sonra İrəvanın protektorları Azərbaycanın qarşısında dayana bilmədi və biz sərhəd bütövlüyümüzü təmin etdik”.
Bu gün bölgədə daimi sülh və əməkdaşlıq mühiti üçün çox gözəl tarixi şansın yaranmasından bəhs edən deputat bildirib ki, regionda güclər nisbətinin dəyişməsini qəbul edə bilməyən bir sıra aktorların, o cümlədən Fransanın təhrikçi fəaliyyəti başa çatmış münaqişəni yenidən qızışdırmaq təhlükəsi meydana çıxarır: “Ermənistanın son bir neçə gündə Azərbaycanla sərhəd bölgələrinə ordu hissələri və hərbi texnika cəlb etməsi məhz bu prosesin tərkib hissəsidir. Xüsusən, Avropa İttifaqı missiyasının Ermənistan ərazisinə gəlməsi fonunda İrəvanın bu addımları ciddi suallar yaradır. O cümlədən Fransanın canfəşanlığı ilə reallaşan bu missiyanın əslində hansı məqsədə xidmət etməsi ilə bağlı şübhələr meydana çıxır. İrəvan Avropa İttifaqı missiyasının müşahidəsi altında maksimal sabitliyə riayət etməli olduğu halda, təxribata hazırlaşması əslində missiyanın özünün bu təxribatın parçası olması ehtimalları üzərində düşünməyə əsas verir”.
“Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, hər hansı təxribat, hansısa təcavüz aktına məruz qalsaq, bizi kimsə o cümlədən də Makronun sərsəmləmələrindən sonra əsl məqsədi suallar doğurmağa başlayan bu missiya dayandıra bilməz. Əgər Ermənistan hər hansı təcavüzkar və revanşist niyyətə düşəcəksə, BMT Nizamnaməsinin azı 2 maddəsi üzrə özümüzü müdafiə etmək, təhlükəsizliyimizi təmin edəcək qədər əraziləri tutaraq təhlükəsiz zona yaratmaq bizim suveren hüququmuz kimi gündəmə gələcək. O cümlədən sülh niyyəti göstərməyən bir dövlətlə Azərbaycanın daxilində, ayrılmaz parçamız olan Qarabağ iqtisadi rayonunu birləşdirəcək Laçın dəhlizinə də zərurət qalmaya bilər”, - B.Məhərrəmov qeyd edib.