Hər Qrenlandiya sakininə 1 milyon dollar! – “Tramp onları pulla almaq istəyir”
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya sakinlərinin ABŞ-yə qoşulmaq üçün səs verəcəkləri təqdirdə hər birinə 1 milyon dollar ödəmək təklifini nəzərdən keçirir.
“AzPolitika” xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məqalədə deyilir ki, Tramp Qrenlandiyanın 57.000 sakininin hər birinə 1 milyon dollar ödəməyi adanın ilhaq edilməsi üçün vasitələrdən biri kimi görür.
Davos Dünya İqtisadi Forumunda çıxış edən Tramp bir gün əvvəl ABŞ-nin Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verib. Lakin bu arada, Danimarkanın Xarici İşlər naziri Lars Lökke Rasmussen Qrenlandiyanın ABŞ-yə satılması ilə bağlı danışıqların aparılması ehtimalını rədd edərək, danimarkalıların Qrenlandiyanın ABŞ-yə verilməsini qəti şəkildə rədd etdiklərini deyib. Bu halda hərbi yoldan başqa heç bir variant qalmır.
“The Telegraph” isə ABŞ-nin Qrenlandiya ilə bağlı razılaşmasının onu satın almağı nəzərdə tutmadığını, əksinə Kiprdəki Britaniya bazalarına bənzər şəkildə ABŞ-nin hərbi bazalar üzərində suveren nəzarətini təmin etdiyini bildirib. Bu versiyaya görə, ABŞ ada üzərində Danimarkanın suverenliyini saxlaması şərtilə hərbi və kəşfiyyat əməliyyatları apara, eləcə də regionun inkişafında iştirak edə biləcək.