“Hər şey pulla ölçülmür” — Mir Şahin telekanalları sərt tənqid etdi (VİDEO)
Tanınmış telejurnalist Mir Şahin reket medianı və bir sıra telekanalları sərt tənqid edib.
Real TV-də yayımlanan “Mir Şahinin vaxtı” proqramının aparıcısı Mirşahin Ağayev artıq bəzi kanal rəhbərlərinin Prezident Adminstrasiyasına çağrıldığını, onlara ən kəskin şəkildə iradlar bildirildiyini vurğulayıb.
Həmçinin, verilişdə öz yerini tutan və haqlı tənqidə yer ayıran telekanallardan da bəhs edilib:
“Ona görə ki, ənənəvi, klassik media Yeni Azərbaycanın, qalib gəlmiş, ərazi bütövlüyü bərpa edilmiş təptəzə ölkənin ölçülərinə uyğun olmaq istəyir, Azərbaycanda peşəkar medianın, peşəkar jurnalistlərin özünü ifadə etmək üçün sağlam, rəqabət mühiti yaradılıb. Media islahatlarının da, Media haqqında qanunun da əsas qayəsi bundan ibarətdi. Peşəkar jurnalistlər bu gün daha açıq, daha sərbəst şəkildə öz mövqelərini, öz fikirlərini ifadə edir, öz peşə fəaliyyətlərini yerinə yetirirlər. Yeni qaydalara, daha doğrusu peşəkar əxlaqa uyğunlaşmayan reketlər, cığallar da açıq görünür. Çünki hələ dünən onlar media məkanında mövcud olan qeyri-sağlam mühitin fonunda özlərini göstərə bilir, bulanıq suda balıq tutmağı bacarırdılar. İndi sular durulub, Bəxtiyar Vahabzadə demişkən, dibindəki daşları görürük. Və peşəkar media fonunda onlar öz ənənəvi oyunlarını daha oynaya bilmirlər. Ona görə də dibdəki daşlar da daxil olmaqla, bütün karandaşlara, yoldaşlaradı sözüm. O vaxtlar keçib artıq. Peşəkarlığa doğru dəyişin. Rəqabətdə dözə bilmirsinizsə, cığallıq da etməyin. Etiraf da igidin yaraşığıdır. Əvvəllər bütün mediamız boz rəngdə idi. Siz məhz o bozun fonunda rəngarəng görünürdüz. Amma indi artıq AzTv-də də tənqid var, İTV-də, elə REAL-da da. Problem məsələ peşəkar şəkildə qaldırılır, problemin üzərinə gedilir. Həlli barədə reportajlar təqdim edilir. Belə olan halda siz sadəcə artıq olursuz. Axtarışda deyilsiz, araşdırma aparmırsız, öz üzərinizdə işləmirsiz. Artıq Azərbaycan o deyil. Ərazi bütövlüyümüz təmin edilib. Bəs siz niyə yarımçıq olaraq qalmısınız. Hanı sizin 20 faiziniz? Özünüzü bərpa edin. Şuşalaşın, Kəlbəcərləşin, Ağdamlaşın. Bütöv Azərbaycanlaşın! Azərbaycana Ömər aşırımından baxın! Bütün günü ofisdə oturub nə qədər boş-boş danışmaq olar? Özünüzdən, qısıq kabinetlərinizdən çıxın. Reket media isə anlamalıdır ki, o media deyil və heç vaxt da olmayıb. Sadəcə problemdir: hüquq müstəvisində, qanun masasında həll olunmalı problem. O dövlət orqanlarını şantaj edərək aldıqları xəraca görə cavab verməlidir və verəcək. İndi isə açıq yayımda olan televiziyalarımızla da bağlı bəzi fikirlərimi bildirm. Biz qalib Azərbaycana layiq ola bilmirik hələ ki. Düzdür, son zamanlar Azərbaycan teleməkanında inkişaf meylləri var. Fasiləsiz xəbər xidməti olan kaalımızdan danışmayacam, təvazökarlıqdan uzaq görünər deyə. Amma AzTv-nin, İTV-nin, ARB-24-ün timsalında müsbət dəyişiklikləri görmək mümkündür. Dünya auditoriyasına çıxmağı bacaran CBC var. Xəzər TV artıq öz simasını müəyyənləşdirir. Və... Və təəssüf ki yerdə qalan bir neçə kanalımız var ki, onlar yerdə qalıblar. Ağır da olsa deməliyəm ki, ictimai fikri, ictimai zövqü korlayırlar. Məndə olan dəqiq məlumata görə, bu kanalların rəhbərləri Prezident Adminstrasiyasına çağrılıb, onlara ən kəskin şəkildə iradlar bildirilib. Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığını məntəqəsinə çevrilməsi, sonra yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların, siqnalların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb. Məndə məsələnin hüquq-mühafizə müstəvisində araşdırılma perspektivinin olması barədə də məlumatlar var. Ona görə də hörmətli, həmkarlar, qardaşlar, yoldaşlar! Məsuliyyətdaşlar! Hər şey pulla ölçülmür. İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni etik davranış sisteminə, mənəvi dəyərlərimizə nə kimi zərər vurduğunuzun fərqində olun! Bu dəfə irad bildirilib. Növbəti irad olmayacaq!” - deyə M.Ağayev qeyd edib.
Zamiq
Demokrat.az