📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərarət günlərlə düşmür, hər kəs qrip sanır, amma... - insanlar təşvişdə

2022-01-25 12:12:00

Hərarət günlərlə düşmür, hər kəs qrip sanır, amma... - insanlar təşvişdə

İnfeksionist: “Bir test yetərli olmaya bilər, xüsusilə də virusun ağır gedişatlarında”

Azərbaycanda koronavirusa yoluxma sayı günü-gündən artır. Yazını hazırladığımız zaman məlum olan son statistik məlumatlara görə, 1 697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 633 731 nəfər koronavirus infeksiyasına yoluxub.

Dünya isə koronavirusla vidalaşır. Proqnozlarda deyilirdi ki, pandemiya iki il çəkəcək. “Koronavirusun ”Omikron" ştamı Avropada pandemiyaya son qoya bilər". Bunu Ümumdünya Səhiyyə Təşkilatının  Avropa üzrə regional direktoru Hans Kluqe açıqlamasında bildirib. Onun sözlərinə görə, çox güman ki, Avropada pandemiyanın sonu yaxınlaşır. Azərbaycanda da ötən gündən COVİD-ə yoluxmuş şəxslərin karantin müddəti 7 günə qədər azaldılıb. Bundan əvvəl  Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi.

Bu arada əhali arasında virusla bağlı narahatlıq var. Vaksin olunanların xəstəliyi yüngül keçirdiyi bildirilsə də, son günlər koronavirusa yoluxanlar xəstəliyi ağır keçirdiklərini bildirirlər. Digər tərəfdən, davamlı hərarəti 4-5 gün olan adamların test nəticəsi neqativ çıxır. İnsanlar da bunun adi qrip olmadığını zənn edirlər. Ümumiyyətlə, adi qrip infeksiyalarında hərarət 4-5 gün davam edə bilərmi? 

Azərbaycanda koronavirusla bağlı QORXUNC PROQNOZ: Üç həftəyə qırğın olacaq

Könül İsmayılova

Mövzu ilə bağlı “Yeni Müsavat” ın bu və digər suallarını həkim ekspertlər cavablandırıblar. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova bizimlə söhbətdə bunları şərh edib: “Koronavirusun ”Omikron" ştamının klinik-patogenik xüsusiyyətləri, epidemik fəallığını nəzərə alaraq, ÜST bütün dünya ölkələrini, xəstəliyin müalicəsi, gedişatı, karantin tədbirləri ilə bağlı qərarları bir daha nəzərdən keçirməyə çağırıb. Əvvəlki ştamlara nəzərən daha az inkubasiya dövrü, xəstəliyin klinik simptomlarının daha tez təzahür etməsi xüsusiyyətinə görə artıq bir sıra dövlətlərdə karantin müddətinin qısaldılması ilə bağlı qərarlar gündəmə gəlmişdi. Bizim ölkəmizdə də bununla bağlı Nazirlər Kabinetinin qərarına əsasən, laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.  COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün)  sonra veriləcəkdir. Xəstəlik əlaməti olan işçinin laborator üsulla COVİD-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır".

Həkimin sözlərinə görə, hazırda “Omikron”, “Delta” ştamları ilə yanaşı olaraq adi qrip infeksiyası da dolaşmaqdadır: “Koronavirusa görə götürülmüş PZR testi influenza zamanı mənfi olacaqdır. Ümumiyyətlə, qızdırmanın olması bütün tənəffüs yolu infeksiyalarında rast gəlinə bilər. Qızdırmanın yüksəlmə dərəcəsinə görə, ”Omikron", yaxud adi qrip olmasını demək mümkün deyil. Koronavirus infeksiyası zamanı hərarətin olmaması, yaxud subfebril (37 S), yaxud daha yüksək olması müşahidə olunub. Eyni cür şəkildə təzahürlər qrip infeksiyası zamanı da rast gəlinə bilər.

Vətəndaşların diqqət verməli olduğu məqam qızdırma yalnız 38.5 dən yuxarı olduqda hərarətsalıcı preparatların həkim məsləhəti əsasında qəbulu, vaxtında seçilmiş düzgün tibbi müalicədir. Bəzən, ev şəraitində, orta tibb personalının tövsiyələrinə əsasən dərman qəbulu, hormonal preparatlar və yaxud qan durulducu dərmanların istifadəsi, xəstəliyin ağırlaşma ehtimalını artıra bilər.

Yeri gəlmişkən, xarici media yazır ki, “Omikron”a yoluxmuş insan ilk əvvəl qulaqlarında problem yaşaya bilər. Alimlər koronavirusun simptomlarını təyin edən xüsusi tətbiqdə bu əlamətləri də müəyyən ediblər. Mobil tətbiq yoluxanların yoluxmadan öncə və sonrakı halını, əlamətlərini qeydə alır. Insanların çoxu testdən öncə qulaqlarında ağrı başladığını etiraf edib. Daha sonra pasiyentlər baş ağrısı, yorğunluq, əzələ ağrısı hiss ediblər.

Omikron” ştamı ilə mübarizədə ən optimal yollardan biri əvvəlki kimi  qorunma qaydalarına ciddi riayət etməkdir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Nilufər Məmmədova 

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova da “Yeni Müsavat” a fikirlərini açıqlayıb: “Yoluxmuş şəxslərin karantin müddətinin 7 gün azaldılması çoxdan gözlədiyimiz bir qərar idi. Belə ki, artıq yeddinci gündən sonra əksər xəstələrdə yoluxduruculuq olmur. Bu xəstələrin cəmiyyət içinə geri dönməsi, onların iş yerinə qayıtması lazım gəldiyi üçün 7-ci gündən sonra öz həyat fəaliyyətlərinə davam etməsi məqsədəuyğun sayılıb. Yəni burada heç bir qorxulu hal yoxdur. 7 gündən sonra əksər xəstələrdə yoluxduruculuq qalmır. Bu baxımdan qərar hər cəhətdən işimizə yarayacaq”.

N.Məmmədova əlavə edib ki, “Omikron” ştamını digərlərindən fərqləndirən xüsusi bir simptom yoxdur:  “Sadəcə olaraq, bu ştamda xəstəliyin daha yüngül, hətta asimptomatik gedişatını daha çox müşahidə edirik. Belə ki, çox insanlarda təsadüfən test verərkən bu xəstəlik aşkar olunub, ona görə də yoluxduruculuq yüksək olduğu üçün onlar bilməyərəkdən virusu daha çox insana yaymış olurlar. Son günlər kəskin respirator xəstəliklərin, viral xəstəliklərin də yayılmasını nəzərə alaraq ən yüngül simptomlar belə olduqda insanlar koronavirusa görə test edib, pozitiv və ya neqativ olduğunu müəyyənləşdirməlidirlər. Hər bir ştamda testlər yalançı neqativ ola bilər. Təbii ki əgər xəstədə simptomlar varsa, koronavirus xəstəsi ilə təmasda olursa, bəzən bir test yetərli olmaya bilər. Xüsusilə də virusun ağır gedişatlarında”.

“Yeni Müsavat”