“Hesablama Palatası hüquq-mühafizə orqanlarına 9 iş göndərib" - “Böyük işlərdir...”
“Hesablama Palatası 2023-cü il üzrə hüquq-mühafizə orqanlarına doqquz iş göndərib. Mən ad çəkmək istəmirəm, böyük işlərdir. Məncə, palata tədricən fəaliyyətini daha da genişləndirəcək".
Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov palatanın ötən illə bağlı hesabatını şərh edərkən deyib.
Qeyd edək ki, ötən il Hesablama Palatası 562.5 milyon manatlıq maliyyə pozuntusu aşkar edib. Bunun 103.2 milyon manatı dövlət büdcəsinə vurulmuş zərərdir. Bu barədə palatanın 2023-cü il üzrə fəaliyyəti ilə bağlı hesabatında bildirir.
Maliyyə pozuntuları arasında satınalma prosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha gerçəkləşdirilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması göstərilir. Yoxlamaların nəticəsində bəzi dövlət qurumları ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Vahid Əhmədov son illər Hesablama Palatasının əhatə dairəsinin genişləndirildiyini bildirir: "Təsəvvür edin ki, 36 milyardlıq dövlət büdcəsinin 50 faizindən çoxunu yoxlayırlar. Məxfi təşkilatlarda da müəyyən yoxlamalar aparırlar. Bu yoxlamaların nəticəsindən asılı olaraq qərar qəbul edirlər və ciddi məsələlər olanda hüquq-mühafizə orqanlarına göndərirlər".
V.Əhmədov Hesablama Palatasının hesabatlarında iri yoxlamaların olduğunu qeyd edib: "Amma palatanın əsas məqsədi məbləğ deyil. Məqsəd maliyyə pozuntuları və mühasibat uçotunun düzgün aparılıb-aparılmamasından ibarətdir. Bəzi məbləğləri məcburi şəkildə ödətdirirlər, amma bəzi məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər”.
report.az