📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı

2026-09-21 21:51:51

Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı

Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib.

Hadisə sentyabrın 20-də axşam saatlarında Payas rayonunun Yenişehir məhəlləsində baş verib. Məlumata görə, 54 yaşlı K.Ç. boşanma prosesində olduğu və iki övladının anası olan həyat yoldaşı Emine Çilə ov tüfəngi ilə atəş açıb.

Ağır yaralanan qadın hadisə yerində həyatını itirib.

Xəbər daxil olduqdan sonra əraziyə polis əməkdaşları göndərilib. Hadisədən sonra ərazidən uzaqlaşan K.Ç. polis tərəfindən saxlanılıb. Şübhəli şəxsin cinayətdə istifadə etdiyi ov tüfəngi də onun üzərindən götürülüb. Onun polis bölməsində dindirilməsi və digər prosessual tədbirlər davam edir.

Digər tərəfdən, Emine Çilin ölümündən təxminən 2 saat əvvəl sosial media hesabında ard-arda etdiyi iki paylaşım diqqət çəkib.

Qadın paylaşımlarından birində belə yazıb:

"Çiçəklər çox gözəl açanda ‘yerini sevdi’ deyirik. İnsan üçün də eyni şey keçərlidir. Açdığı yer var, solduğu yer var."

Digər paylaşımında isə bu ifadələr yer alıb:

"Sıfırdan gəlmişəm, yıxılmaqdan qorxum yoxdur. Ol əmrini verən, öl əmrini verənə qədər oyundayam."

Paylaşımların cinayətdən cəmi bir neçə saat əvvəl edilməsi sosial mediada diqqət çəkib. Hadisə ilə bağlı hüquqi araşdırma davam edir./Sonxeber.az/