Heydər Əliyev Fondu və Vatikan yeni birgə layihələri müzakirə ediblər
Heydər Əliyev Fondu və Vatikan yeni birgə layihələri müzakirə ediblər. Belə ki, Azərbaycana səfəri çərçivəsində Vatikanın Müqəddəs Arxeologiya üzrə Papa Komissiyasının prezidenti, Monsenyor Paskal Yakabonun rəhbərlik etdiyi arxeoloq və ekspertlərdən ibarət nümayəndə heyəti Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.
Görüşdə Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı səfərlərin, o cümlədən Roma Papası II İohann Pavelin və Roma Papası Fransiskin Azərbaycana səfərlərinin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vatikana səfərlərinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın Vatikandakı səfirliyinin uğurlu əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsi və mədəni irsin qorunmasına töhfəsi qeyd olunub. Paskal Yakabone Mehriban Əliyevaya gördüyü işlərə görə təşəkkür edib, Azərbaycanın dini etiqad azadlığı və dini abidələrin bərpası sahəsində səylərini yüksək qiymətləndirib.
Ələkbərov vurğulayıb ki, Heydər Əliyev Fondu Vatikanla yeni layihələrə açıqdır. Abidələrin bərpasında təcrübə mübadiləsinin vacibliyindən də danışılıb.
Monsenyor İakabon Heydər Əliyev Fondunu 2025-ci ildə Vatikanda keçiriləcək Müqəddəs Yubiley ilinə həsr olunmuş tədbirə dəvət edib.
Ülviyyə, Hurriyyet.az