Heydər Əliyev və Azərbaycanın suveren dövlətçilik modelinin formalaşması
Azərbaycanın müasir dövlətçilik tarixində Konstitusiyanın qəbul edilməsi və sonrakı konstitusion islahatlar yalnız hüquqi sistemin yenilənməsi ilə məhdudlaşan proses deyildi. Bu proses müstəqil dövlətin siyasi idarəetmə modelinin müəyyənləşdirilməsi, hakimiyyət institutlarının formalaşdırılması, iqtisadi münasibətlərin hüquqi əsaslarının yaradılması və milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsi ilə birbaşa bağlı idi.
Məhz bu baxımdan, Heydər Əliyevin konstitusion dövlət quruculuğundakı roluna qiymət verərkən, onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən hüquqi dəyişiklikləri həmin dövrün siyasi, iqtisadi və geosiyasi reallıqları kontekstində təhlil etmək vacibdir.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycanın qarşısında yeni dövlətçilik sisteminin qurulması vəzifəsini qoysa da, müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəetmə böhranı, Ermənistanın hərbi təcavüzü, iqtisadi tənəzzül və institusional zəiflik bu prosesin həyata keçirilməsini ciddi şəkildə çətinləşdirirdi.
Dövlət müstəqilliyinin hüquqi baxımdan elan edilməsi onun real siyasi və iqtisadi məzmununun təmin olunması demək deyildi. Bunun üçün dövlət hakimiyyətinin fəaliyyət mexanizmləri, vətəndaş hüquqları, mülkiyyət münasibətləri, iqtisadi fəaliyyət və təhlükəsizlik məsələləri vahid hüquqi sistem daxilində müəyyənləşdirilməli idi.
Heydər Əliyevin 1993-cü ildə siyasi rəhbərliyə qayıdışından sonra dövlət quruculuğunun qarşısında duran əsas məsələlərdən biri məhz bu institusional boşluğun aradan qaldırılması və müstəqil Azərbaycanın hüquqi əsaslarının formalaşdırılması oldu. Bu baxımdan, Konstitusiyanın hazırlanması və qəbul edilməsi yeni dövlətçilik modelinin qurulmasında əsas mərhələlərdən birini təşkil edirdi.
1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın yaradılması və Heydər Əliyevin həmin Komissiyaya rəhbərlik etməsi konstitusion quruculuq prosesinin institusional əsasını formalaşdırdı. Komissiyanın tərkibinə dövlət hakimiyyəti orqanlarının nümayəndələri, tanınmış hüquqşünaslar, alimlər və ictimai-siyasi xadimlər daxil edilmişdi.
Layihənin hazırlanması zamanı beynəlxalq konstitusiya təcrübəsi öyrənilməklə yanaşı, Azərbaycanın tarixi dövlətçilik ənənələrinin və müstəqilliyin yeni reallıqlarının nəzərə alınması əsas istiqamətlərdən biri idi.
12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən, həmin il noyabrın 27-də qüvvəyə minən Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətin siyasi və hüquqi sisteminin əsas prinsiplərini müəyyənləşdirdi. Konstitusiyanın qəbulunu Azərbaycanın müstəqillik tarixində mühüm hadisəyə çevirən əsas məqam onun dövlət hakimiyyətinin təşkilini, xalqın suverenliyini, insan və vətəndaş hüquqlarını, mülkiyyət münasibətlərini və iqtisadi fəaliyyətin hüquqi çərçivəsini vahid Əsas Qanunda birləşdirməsi idi.
Konstitusiyanın 1-ci maddəsində dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olduğu təsbit edildi. 2-ci maddə xalqın öz müqəddəratını sərbəst və müstəqil müəyyən etmək, idarəetmə formasını seçmək hüququnu müəyyənləşdirdi.
7-ci maddədə Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi təsbit olunmaqla yanaşı, hakimiyyət bölgüsü prinsipi təsbit edildi.
Bu müddəalar müstəqil dövlətin siyasi sisteminin hüquqi çərçivəsini müəyyən edən fundamental prinsiplər idi.
Burada mühüm məqam ondan ibarətdir ki, Konstitusiya yalnız dövlət orqanlarının səlahiyyətlərini müəyyənləşdirən sənəd deyil. O, eyni zamanda, dövlətlə vətəndaş arasında münasibətlərin hüquqi əsasını, hakimiyyətin legitimliyinin mənbəyini və dövlətin qarşısında duran strateji məqsədləri müəyyən edir.
Bu baxımdan, 1995-ci il Konstitusiyası Azərbaycanın müstəqillikdən sonrakı inkişafının hüquqi istiqamətini müəyyən edən əsas sənədə çevrildi. 2002-ci il referendumu və konstitusion sistemin təkmilləşdirilməsi və hüquqi mexanizmlərin genişləndirilməsi məqsədi daşıdı. Konstitusiyanın qəbulundan sonra ölkədə baş verən siyasi, iqtisadi və institusional dəyişikliklər Əsas Qanunun müəyyən müddəalarının yeni reallıqlara uyğunlaşdırılmasını zəruri edirdi. Bu ehtiyac 24 avqust 2002-ci ildə keçirilmiş ümumxalq referendumu ilə hüquqi ifadəsini tapdı. Heydər Əliyevin prezidentliyi dövründə Konstitusiyaya ilk dəyişikliklər məhz bu referendum vasitəsilə edildi. Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31 əlavə və dəyişiklik qəbul olundu.
Mənim fikrimcə, 2002-ci il referendumunun əhəmiyyətini yalnız dəyişikliklərin sayı ilə qiymətləndirmək düzgün olmazdı. Əsas məsələ konstitusion sistemin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının müdafiəsi üçün əlavə hüquqi təminatların yaradılması və dövlət institutlarının səlahiyyətlərinin daha dəqiq müəyyənləşdirilməsi idi.
Bu dəyişikliklər içərisində xüsusilə mühüm hüquqi yenilik vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə fərdi qaydada Konstitusiya Məhkəməsinə müraciət etmək imkanının yaradılması idi. Bu addım konstitusion ədalət mühakiməsinin inkişafı baxımından əhəmiyyətli mərhələ oldu. Çünki Konstitusiyanın ali hüquqi qüvvəsi yalnız onun digər qanunlardan üstün olması ilə deyil, həmin müddəaların konkret hüquqi münasibətlərdə müdafiə oluna bilməsi ilə təmin edilir. Digər tərəfdən, referendum çərçivəsində seçki sisteminə, Milli Məclisin fəaliyyət qaydalarına, dövlət hakimiyyəti institutlarının səlahiyyətlərinə və bəzi digər konstitusion müddəalara dəyişikliklər edildi. Bu yeniliklər idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və konstitusion münasibətlərin hüquqi baxımdan daha dəqiq tənzimlənməsinə yönəlmişdi.
Burada diqqət yetirilməli olan digər məsələ Konstitusiyanın özünün dəyişdirilməsi qaydasının referendum vasitəsilə müəyyən edilməsidir. Beləliklə, 2002-ci il islahatları da Əsas Qanunun nəzərdə tutduğu hüquqi prosedur çərçivəsində həyata keçirildi. Bu, konstitusion dəyişikliklərin dövlət idarəçiliyində hüquqi mexanizmlər əsasında aparılmasının əhəmiyyətini göstərirdi.
2002-ci il referendumu müstəqil Azərbaycanın konstitusion inkişafında ilk mühüm yenilənmə mərhələsi olmaqla, sonrakı illərdə həyata keçirilən hüquqi və institusional islahatlar üçün də müəyyən təcrübə formalaşdırdı. Azərbaycanın müasir iqtisadi inkişaf modelinin formalaşmasını konstitusion dövlət quruculuğundan ayrı nəzərdən keçirmək mümkün deyil. Çünki iqtisadi müstəqillik yalnız təbii resurslara və maliyyə imkanlarına malik olmaqla təmin edilmir. Bunun üçün mülkiyyət hüququnun qorunması, sahibkarlıq fəaliyyətinin hüquqi təminatları, investisiya münasibətlərinin tənzimlənməsi və iqtisadi siyasətin davamlılığını təmin edən institusional mexanizmlər də mövcud olmalıdır.
1995-ci il Konstitusiyasının 13-cü maddəsində mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən qorunması, 15-ci maddəsində iqtisadi inkişafın müxtəlif mülkiyyət növlərinə əsaslanması və bazar iqtisadiyyatının inkişafı, 59-cu maddəsində isə azad sahibkarlıq hüququ təsbit edildi.
Bu müddəalar Azərbaycanın planlı iqtisadiyyat sistemindən bazar münasibətlərinə keçidinin hüquqi əsaslarını müəyyənləşdirirdi.
Bu proseslə paralel olaraq, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyası Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsində mühüm rol oynadı.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ölkənin enerji resurslarının beynəlxalq iqtisadi dövriyyəyə daxil edilməsi, xarici investisiyaların cəlb olunması və Azərbaycanın dünya enerji bazarlarında mövqeyinin formalaşdırılması baxımından yeni mərhələnin başlanğıcı idi.
Burada iki mühüm istiqamət bir-birini tamamlayırdı, bir tərəfdən, Konstitusiya mülkiyyət və iqtisadi fəaliyyət münasibətlərinin hüquqi əsaslarını müəyyən edir, digər tərəfdən, neft strategiyası bu hüquqi çərçivə daxilində ölkənin iqtisadi imkanlarını genişləndirirdi.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi strateji layihələr Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxışını şaxələndirməklə iqtisadi və geosiyasi mövqeyinə əlavə imkanlar qazandırdı.
Məhz bu kontekstdə iqtisadi suverenliyi yalnız enerji ehtiyatlarına sahib olmaq kimi dar çərçivədə qiymətləndirmək olmaz.
İqtisadi suverenlik milli resurslar üzərində qərarvermə imkanının, beynəlxalq iqtisadi əlaqələrin müstəqil şəkildə qurulmasının, investisiya siyasətinin və strateji infrastrukturun dövlət maraqları əsasında idarə edilməsinin məcmusudur.
Bununla yanaşı, qeyd etməliyik ki, Konstitusiya iqtisadi inkişafın nəticələrini öz-özlüyündə təmin etmir. O, iqtisadi siyasətin həyata keçirilməsi üçün hüquqi və institusional zəmin yaradır.
Bu zəminin real iqtisadi nəticələrə çevrilməsi isə dövlət siyasətinin ardıcıllığından, idarəetmə keyfiyyətindən və iqtisadi resurslardan səmərəli istifadə olunmasından asılıdır.
Azərbaycanın konstitusion inkişafını milli təhlükəsizlik məsələlərindən kənarda təhlil etmək də mümkün deyil. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi hərbi-siyasi təhdidlər, ərazi bütövlüyünün pozulması və regional təhlükəsizlik mühitindəki mürəkkəb proseslər dövlətin müdafiə və idarəetmə imkanlarının möhkəmləndirilməsini zəruri edirdi.
Konstitusiyanın preambulasında müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması dövlətin əsas məqsədləri sırasında müəyyən edildi.
9-cu maddədə Silahlı Qüvvələrin yaradılması və dövlətin təhlükəsizliyinin müdafiə mexanizmləri hüquqi əsaslarla təsbit olundu.
7-ci maddədə isə hakimiyyət bölgüsü prinsipi dövlət idarəçiliyinin institusional çərçivəsini müəyyən etdi.
Bu müddəaların əhəmiyyəti ondan ibarət idi ki, milli təhlükəsizlik yalnız hərbi güc və müdafiə qabiliyyəti ilə məhdudlaşmır.
Dövlətin təhlükəsizliyi həm də siyasi institutların dayanıqlılığı, hüquqi sistemin işləkliyi, iqtisadi imkanların qorunması və xarici siyasətdə müstəqil qərarvermə qabiliyyəti ilə bağlıdır.
Azərbaycanın enerji diplomatiyası, beynəlxalq tərəfdaşlıqlarının genişlənməsi və strateji nəqliyyat-kommunikasiya layihələrinin inkişafı da bu baxımdan mühüm əhəmiyyət daşıyırdı.
Çünki iqtisadi resursların beynəlxalq bazarlara çıxarılması, tranzit imkanlarının genişləndirilməsi və regional əməkdaşlıq formatlarında iştirak ölkənin geosiyasi mövqeyinə təsir edən amillər idi.
Beləliklə, konstitusion dövlətçilik, iqtisadi inkişaf və milli təhlükəsizlik ayrı-ayrı istiqamətlər kimi deyil, bir-birini tamamlayan dövlət siyasəti sahələri kimi formalaşırdı.
Hüquqi institutların möhkəmləndirilməsi iqtisadi fəaliyyət üçün sabit çərçivə yaradır, iqtisadi imkanların genişlənməsi dövlətin müdafiə və təhlükəsizlik potensialına əlavə resurslar qazandırır, təhlükəsizlik mühitinin möhkəmlənməsi isə uzunmüddətli inkişaf üçün zəruri şərait formalaşdırırdı.
Azərbaycanın konstitusion inkişafı 2002-ci il referendumu ilə yekunlaşmadı.
2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar vasitəsilə Konstitusiyaya növbəti əlavə və dəyişikliklər edildi.
Bu dəyişikliklər dövlət idarəçiliyinin, siyasi institutların və hüquqi münasibətlərin sonrakı mərhələlərdə təkmilləşdirilməsi ilə bağlı idi.
2016-cı il referendumunda vitse-prezidentlik institutunun yaradılması, prezidentin səlahiyyət müddətinin yeddi il müəyyən edilməsi və digər dəyişikliklər idarəetmə sistemində yeni institusional mərhələnin formalaşmasına səbəb oldu.
Bu dəyişiklikləri 1995-ci il Konstitusiyasının qəbul edildiyi dövrün siyasi və iqtisadi reallıqları ilə eyniləşdirmək olmaz. Hər bir konstitusion mərhələ öz dövrünün dövlətçilik və idarəetmə ehtiyacları kontekstində təhlil edilməlidir.
Burada əsas məsələ konstitusion sistemin inkişafının hüquqi prosedurlar, institusional məsuliyyət və dövlətin strateji məqsədləri ilə əlaqəli şəkildə davam etdirilməsidir.
Konstitusiya dövlətin dəyişməz siyasi şüarı deyil, hüquqi sabitliyi qorumaqla yanaşı, cəmiyyətin və dövlətin inkişaf edən münasibətlərini tənzimləyən ali hüquqi sənəddir.
Bu baxımdan, Heydər Əliyevin konstitusion dövlət quruculuğundakı rolunun əsas tarixi nəticəsi müstəqil Azərbaycanın hüquqi və institusional əsaslarının formalaşdırılması, dövlət hakimiyyətinin təşkilinin vahid konstitusion çərçivəyə salınması və sonrakı islahatların həyata keçirilməsi üçün hüquqi mexanizmlərin yaradılması ilə bağlıdır.
Müasir Azərbaycan dövlətçiliyinin formalaşması təcrübəsi göstərir ki, siyasi müstəqilliyin qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi hüquqi institutların, iqtisadi imkanların və milli təhlükəsizlik mexanizmlərinin paralel inkişafını tələb edir. Bu istiqamətlərdən hər hansı birinin zəifliyi digər sahələrdə əldə olunan nəticələrin davamlılığına da təsir göstərə bilər.
1995-ci il Konstitusiyasının qəbulu, 2002-ci il referendumunda ilk konstitusion dəyişikliklərin həyata keçirilməsi və həmin dövrdə iqtisadi suverenliyin möhkəmləndirilməsinə yönəlmiş strategiyanın formalaşdırılması müstəqil Azərbaycanın dövlət quruculuğu tarixində bir-biri ilə əlaqəli proseslər idi.
Mənim fikrimcə, Heydər Əliyevin bu prosesdəki rolunu qiymətləndirərkən əsas diqqət məhz dövlətçiliyin hüquqi əsaslarının yaradılmasına, müstəqil idarəetmə sisteminin formalaşdırılmasına və ölkənin gələcək inkişafı üçün institusional imkanların müəyyənləşdirilməsinə yönəldilməlidir.
Çünki dövlətin gücü yalnız siyasi qərarların qəbul edilməsi ilə deyil, həmin qərarların hüquqi əsaslarının, iqtisadi təminatının və təhlükəsizlik mexanizmlərinin nə dərəcədə formalaşdırılması ilə ölçülür.
Bu gün Azərbaycanın keçdiyi dövlətçilik yoluna nəzər salarkən aydın görünür ki, Konstitusiyanın qəbul edilməsi və onun əsasında həyata keçirilən islahatlar müstəqil dövlətin siyasi-hüquqi sisteminin formalaşmasında mühüm mərhələ təşkil edib.
Dövlət suverenliyinin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin genişləndirilməsi və milli təhlükəsizliyin təmin olunması isə həmin institusional əsasların sonrakı inkişafı ilə birbaşa bağlıdır.
Konstitusion dövlətçiliyin əhəmiyyəti də məhz bundadır, dövlətin bugünkü fəaliyyətini hüquqi çərçivəyə salmaqla yanaşı, onun gələcək inkişafının davamlılığını təmin etmək.
Yeganə Hacıyeva,
Mətbuat Şurası İdarə Heyətinin üzvü