Hikmət Babaoğlu: “Azərbaycanda siyasi dialoq mühiti dərinləşir”
"Azərbaycanda siyasi dialoq mühiti dərinləşir, yeni siyasi ənənələr yaranır və siyasi sistemin rəng palitrası zənginləşir”.
Hurriyyet.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr Şöbəsinin ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə "Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirdiyi görüşün nəticələrini şərh edərkən deyib. O, hesab edir ki, bu görüş siyasi sistemimizdə dialoq mühitinin daha da dərinləşməsi istiqamətində atılan növbəti mühüm addımlardan biridir:
"Əslində, görüşün mövzusu özlüyündə həm qiymətləndirmə, həm təsbit, həm də çağırış mahiyyəti daşıyır. Xüsusi qeyd olunmalıdır ki, əldə etdiyimiz böyük tarixi zəfər həm də siyasi sistemimizin struktur tərkibi olan siyasi partiyaların həmrəylik nümayiş etdirməsi və tarixi sınaq qarşısında milli maraqlar ətrafında bilik nümayiş etdirə bilməsi sayəsində reallığa çevirilib. Biz artıq yeni reallıqda yaşayan müzəffər xalq kimi siyasi münasibətlərimizdə də yeni keyfiyyət mərhələsinə qədəm qoymaqdayıq. Ona görə də bu məsələyə diqqət çəkən Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr Şöbənin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən siyasi partiya rəhbərlərinə Prezident İlham Əliyevin adından ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən fəaliyyətlərinə görə təşəkkürünü bildirib. Əlbəttə, siyasi sistemin təkmilləşməsi, onun fəaliyyətinin milli maraqlar ətrafında konsolidasiya olunması demokratik cəmiyyətdə daim ən aktual məsələlərdən biri olub. Görüşdə yadda qalan əsas xüsuslardan biri də siyasi fəaliyyətin yenidən və daha yaxşı təşkili üçün yeni qanunvericilik bazasının yaradılması, siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi istiqamətində aparılan müzakirələr olub. Qeyd edilib ki, ölkəmizdə aparılan və siyasi sistemimizin bütün sahələrini əhatə edən islahatlar nəticəsində qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılıb, 25 siyasi partiyanın qurultayları keçirilərək nəticələri dövlət qeydiyyatına alınıb, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiya dövlət qeydiyyatına düşüb”.
Deputat vurğulayıb ki, bütün bunlar cəmiyyətdaxili siyasi münasibətlərə müsbət təsir etməklə cəmiyyətdə siyasi proseslərə yeni yanaşma formalaşdırıb:
"Siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakını təmin edib. Bütün bunlar isə demokratiya tariximizin yeni mərhələsini təşkil etməklə siyasi münasibətlər sistemimizə rasionallıq və pozitiv siyasi hava gətirib. Ancaq hazırkı postmüharibə mərhələsində qarşımızda olduqca mühüm və tarixi çağırışlar var ki, siyasi sistemimiz iqtidarı və müxalifəti ilə birlikdə bu çağırışın öhdəsindən gəlməyi bacarmalıdır. Ona görə də siyasi dialoq və əməkdaşlıq mühitinin daha da dərinləşməsinə böyük ehtiyac var. Təəssüf ki, bəzi siyasi partiyalar bu ümummilli dialoq platformasından kənarda qalmaqla ölkəmizin ümumi maraqlarına və məqsədlərinə lazımi xidmət göstərməkdən yayınırlar. Bu isə şübhəsiz ki, siyasi aktiv zümrənin diqqətindən yayınmır və onlara qarşı ictimai qınağa çevirilir”.