Hindistan düyü ixracını məhdudlaşdırdı və rüsumları artırdı
“The Wall Street Journal” nəşrinin yazdığına görə, bu addım qlobal inflyasiya təzyiqinin daha da güclənməsinə və ərzaq qıtlığına səbəb olacaq.
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Hindistan xırdalanmış düyünün ixracını qadağan edib, ağ və qəhvəyi düyü növlərinə isə (Basmati və buxara verilmiş düyü növləri istisna olmaqla) 20% rüsum qoyulub. Bu qərar quraqlıqdan məhsulun azalması ilə əlaqədar qəbul edilib. Hindistan hakimiyyəti bu il düyü istehsalının itkisinin 10-12 milyon ton ola biləcəyini gözləyir. Hindistan Çindən sonra dünyanın ikinci ən böyük düyü istehsalçısıdır. Bir sıra yerli ekspertlər dünya düyü bazarındakı məhsunun 40%-dən çoxunun Hindistanın payına düşdüyünü bildirirlər.
Həmçinin, Hindistan bir sıra Afrika ölkələrinə ucuz xırdalanmış düyü ixrac edir – həmin ölkələrdə bu, əsas ərzaq məhsuludur. Çin də xırdalanmış düyünün böyük alıcısıdır – ondan heyvanlar üçün yem kimi, həmçinin, əriştə və şərab istehsalında istifadə edir.
Xatırladaq ki, bu ilin may ayında Hindistan buğda ilə şəkərin ixracını da məhdudlaşdırmağı qərara alıb. Bunun səbəbi son yüz ilin ən isti keçən mart və aprel aylarından sonra məhsuldarlığın aşağı düşməsi ehtimalı olub.
Hindistanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Uttar-Pradeş, Qərbi Benqaliya və Bizar ştatlarında iyun-avqust aylarında yağışların az olması səbəbindən əkinlərin sahəsi 13% (ötən ilki 26,7 milyon hektarla müqayisədə) azaldılaraq, 23,1 milyon hektar olub. Məhsul yığımı oktyabr ayında başlanacaq.
Mart ayında başa çatmış ötən maliyyə ilində ölkənin düyü ixracı rekord 21,2 milyon ton həcminə çatıb (2021-ci ildə 17,8 milyon ton). Bununla yanaşı, istehsal da artaraq maksimum həddə çatmışdı – 129,66 milyon ton (2021-ci ildə 121,1 milyon ton).
Hindistanın xırdalanmış düyü ixracını dayandırması onun bazardakı yerini itirməsi hesabına başa gələcək. Alıcılar bu məhsulun ixracına görə üçüncü yerdə olan Vyetnam ilə Tailanda müraciət edə bilərlər.
Hindistan Düyü İxracatçıları Assosiasiyasının icraçı direktoru Vinond Kaul düyib: “Qadağan Hindistanın dünya bazarındakı vəziyyətinə dəhşətli təsir göstərəcək”.
Hürr Tərcüman