Hökumət mikro sahibkarların gəlir vergisini 20 faizə qaldırmaqla NƏYƏ NAİL OLMAĞA ÇALIŞIR?
İlqar Məmmədov: "İş burasındadır ki, rəsmi işləyənlərin sayını bu yolla artıranda ölkədə əmək məhsuldarlığı statistikası nəinki düşəcək, demək olar yerə çırpılacaq"
"Mikro sahibkarlara qoyulan vergini 5 faizdən 20 faizə qaldırmaqla hökumət əsasən bir məqsədə, rəsmi işləyənlərin sayını artırmağa nail olmağa çalışır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov qeyd edib.

Partiya sədrinin sözlərinə görə, sonra həmin rəqəmi "nailiyyət" kimi hər kəsə təqdim edəcəklər: "Amma iş burasındadır ki, rəsmi işləyənlərin sayını bu yolla artıranda ölkədə əmək məhsuldarlığı statistikası nəinki düşəcək, demək olar yerə çırpılacaq. Bu cür sistemdaxili reklam fəndləri ilə iqtisadiyyatın strateji inkişafına yön vermək olmaz. Anlamırlar? Anlayırlar. Amma sistemin siyasi qaydalarına uyğun şou qurmaqdan başqa çarələri yoxdur. Bu yoldaşlara iqtisadiyyat yox, gözə soxulacaq dəxlisiz bir rəqəm əldə etmək lazımdır. Sosializm vaxtlarında olduğu kimi".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az