📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hökumət proporsional qaydada və səsləri nisbətən düzgün sayaraq seçki keçirmək istəyir" - İLQAR MƏMMƏDOV

2023-10-20 13:12:36

"Prezidentin daxili və xarici siyasətini illərdir dəstəkləyən partiyaların mövcudluğunda heç bir dürüst ideoloji, eyni zamanda seçki məntiqi yoxdur"

"Uzun illərdir Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyən partiyalara nə ehtiyac qalır? Ağlabatan dövr ərzində bir partiya digərinin siyasətini dəstəkləyə bilər, amma bu dəstək uzun zaman davam edirsə, formal olaraq ayrı durmağın heç bir dürüst məntiqi də artıq yoxdur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.

Partiya sədrinin sözlərinə görə, gələn il hökumət proporsional qaydada və səsləri nisbətən düzgün sayaraq seçki keçirmək istəyir: "Niyəsini qoyaq kənara. Yaxşı, onda bu partiyaların hamısı kimin səsindən "dişləyib aparacaq"”? Əlbəttə Yeni Azərbaycan Partiyasının(YAP). Yəni, tutalım prezidentin daxili və xarici siyasətini illərdir dəstəkləyən X adlı partiya seçkiyə qatılır. Bu partiyanın yoxluğunda onun seçicisi kimə səs verərdi? Əlbəttə YAP-a. Amma yarışa həm o X, həm də onun kimi olan W, Y, Z və s. partiyalar qatılırsa, onların hərəsi 0,5 faizdən tutmuş 5 faizə qədər xırda dişləmlərlə YAP-ın nəticəsini zəiflədəcək".

İlqar Məmmədovun fikrincə, bunu anlayan hökumət, partiyaların ümumi sayını son bir ildə 60-dan hazırkı 26-ya endirdi: "Amma YAP seçkidə həqiqi səs itirmək istəmirsə, bu proses davam edəcək. Onsuz da dediyim kimi, belə partiyaların mövcudluğunda heç bir dürüst ideoloji məntiq yoxdur. İndi isə həm də seçki məntiqi yoxdur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az