"Hökumət xaricdə ali təhsil almış şəxslərə qarşı yersiz ittihamlara sahib durmadı, amma... " - İLQAR MƏMMƏDOV
"Daha yaxşı olardı ki, o, həmin ittihamlardan daha aydın şəkildə məsafə saxlasın - onda ölkə zərərin yarısından qayıtmış olar"
"Xaricdə ali təhsil almış şəxslərə qarşı hökumətyönlü medianın kobud ittihamla çıxış etməsindən iki gün keçir. Düzdür, hökumət özü bu ittihamlara sahib çıxmadı. Amma kampaniyanın miqyasını, onda iştirak edən medianın özünə yaxın olduğunu nəzərə alaraq hökumət gərək bu ittihamlardan dərhal məsafə saxlayardı". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov qeyd edib.
Partiya sədrinin sözlərinə görə, birjası olan mürəkkəb iqtisadiyyatda hökumətə yaxınlığı ilə tanınan hər hansı şəxs bazara təsir göstərən gərəksiz, ya da ehtiyyatsız sözlə çıxış edəndə birja çökərək ölkə iqtisadiyyatını öz arxası ilə ciddi zərərə doğru apara bilər: "Bizim iqtisadiyyat qətiyən mürəkkəb deyil, amma buna baxmayaraq, onun canındakı bəzi strukturlar təbiətən məhz birja kimi qurulub. O cümlədən əmək bazarı. Yüksək təhsilli, xaricdə oxumuş kadrlar diksinərək bazardan getsə, bu, iqtisadiyyata olduqca ciddi və uzun müddətli zərbə vurur, xüsusən də onun məhsuldarlığına. Bəli, hökumətin özü sözügedən yersiz ittihamlara sahib durmadı. Amma daha yaxşı olardı ki, o, həmin ittihamlardan daha aydın şəkildə məsafə saxlasın - onda ölkə zərərin yarısından qayıtmış olar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az