Hulusi Akar S-400-lərlə bağlı açıqlama verdi
Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib: “S-400 bir müdafiə sistemidir. S-300 sistemlərindən NATO daxilində necə istifadə edilirsə, biz də S-400 sistemlərindən eyni şəkildə istifadə edəcəyik.
F-35 layihəsində bütün öhdəliklərimizi yerinə yetirməyimizə rəğmən, Rusiyadan S-400 sistemlərimizi almağımızı bəhanə edərək F-35 tədarükümüzü əngəlləyiblər. Maliyyə məsələlərini detallı şəkildə müzakirə eləmək üçün, 2022-ci ilin əvvəllərində ABŞ-da yenidən danışıqlar aparılması barəsində razılaşma əldə edilib. Yeni F-16 tədarükü və mövcud F-16 hərbi təyyarələrimizin bir qisminin modernləşdirilməsi üçün rəsmi tələbimizi Xarici Hərbi Ticarət çərçivəsində 2021-ci il sentyabrın 30-da ABŞ-a təqdim eləmişdik. ABŞ rəhbərliyinin məsələyə müsbət yanaşa biləcəyini zənn edirik. Lakin proses Konqresin razılığından asılıdır və biz hadisələri yaxından müşahidə edirik. ABŞ-ın mövqeyinin mənfi olacağı təqdirdə, Türkiyə içərisində olduğu təhdid vəziyyətində öz təhlükəsizliyini təmin eləməyə məcbur olduğu üçün təbii olaraq, başqa alternativləri də qiymətləndirməli olacaq”.
Hulusi Akar öz çıxışında terrora qarşı mübarizədəki uğurlardan da danışıb: “2015-ci il 24 iyul tarixindən bu günə qədər ölkə daxilində, İraqın və Suriyanın şimalında ümumilikdə 31 901, bu ilin əvvəlindən etibarən isə 2 426 terrorçu zərərsizləşdirilib. Unutmamalıyıq ki, terror dəhlizinin qarşısı alınmasaydı, ölkəmiz daha böyük və daha irimiqyaslı təhdid bə təhlükələrlə qarşılaşacaqdı”.
Qeyd edək ki, Türkiyə kimi NATO üzvü olan Yunanıstan, Bolqarıstan və Slovakiya dövlətləri dünyanın ən güclü orta mənzilli hava hücumundan müdafiə sistemlərindən hesab edilən, Rusiyanın istehsal elədiyi S-300 sistemlərindən istifadə edirlər.
Hürr Tərcüman