“HÜRRİYYƏT” TIR SÜRÜCÜLƏRİNİN ETİRAZA QALXACAĞI HAQDA GÜNLƏR ÖNCƏ YAZMIŞDI, AMMA... – Rəsmi qurumların insanların problemlərinə etinasızlığı problemi daha da dərinləşdirir
Bir neçə gün əvvəl “Hürriyyət” qəzetində və Hurriyyet.az saytında ““Nəqliyyat dəllalları” TIR sürücülərinə necə zülm edir... - Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən sürücülər DANX və ABADA-ya qarşı üsyan həddindədirlər” sərlövhəli yazı dərc etmişdik.
TIR sürücüləri tərəfindən redaksiyamıza daxil olan şikayət əsasında qeyd etmişdik ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Dövlət Avtomobil Nəqliyyatı Xidməti onların fəaliyyətinə süni əngəl yaradır. Sürücülər deyirdi ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi səlahiyyətlərini icra edən Anar Rzayev vəzifəsinin başına keçər-keçməz toplanan rüşvətin həcmini qaldırmaq və beynəlxalq yükdaşıma sahəsində aşkar monopoliya yaratmaqla, onların fəaliyyətinə ciddi problem yaradıb.
Qeyd etmişdik ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan TIR sürücüləri “dozval” (dozvola) adlandırdıqları “üçtərəfli icazə vərəqəsi”nin (“Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları) verilməməsindən şikayətçidir. Onların sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) sürücülər arasında ayrı-seçkilik yaradaraq, sözügedən “icazə vərəqəsi”ni ancaq özlərinin himayəsində olan, yaxud da müxtəlif məmurlara aid olduğu bildirilən firmalar arasında bölüşdürür ki, nəticədə “arxası” olmayan, sərbəst fəaliyyət göstərən TIR sürücülərinə böyük zərər dəyir...
Sürücülər onu da deyirdi ki, Anar Rzayevin “qaydaları”na əsasən, “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları yalnız maşınlar yüklü olduqdan sonra verilir. Bu isə onunla əlaqədardır ki, sürücü məcbur olub, onların istədiyi rüşvəti versin: “Maşın boş olanda heç kimdən əlavə pul tələb edə bilmirlər. Çünki heç bir sürücü artıq ödəniş etmir. İndi “dozvalı” ancaq yüklü maşınlara ona görə verirlər ki, sürücülər məcbur olub, onların istədiyi pulu versinlər. Çünki, əks halda yüklərin maşında qalıb xarab olacağını bilirlər”.
Üstəlik o da etiraz doğurmuşdu ki, “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları üçün dövlət rüsumu 20 ABŞ dolları olsa da, sürücülərdən əlavə olaraq “xidmət haqqı” adı altında 20 manat 40 qəpik də alınır. Amma, bu, sadəcə “dövlət rüsumu”dur. Sürücülər bildirir ki, son vaxtlar “icazə vərəqəsi”nin “bazar qiyməti” 300-500 dollara qaldırılıb. Hətta bəzi hallarda bu rüşvəti ödəməyə hazır olan sürücülər belə, həftələrlə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin binası qarşısında gözləməli olurlar. Bu zaman isə, təbii olaraq, TIR-lara yüklənən mal vaxtında ünvanına çatmadığından xarab olur ki, nəticədə də cəriməsini sürücülər ödəməli olurlar.
“Hürriyyət”ə müraciət edən TIR sürücüləri rəsmi qurumların bu cür qanunsuz əməllərinə qarşı etiraz aksiyası keçirəcəyini bəyan etmişdilər. Odur ki, biz yazımızın sonunda “Sürücülər yaxın günlərdə Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA-nın qanunsuz əməllərinə qarşı ciddi etiraz nümayiş etdirəcəklərini bildirirlər. Üstəlik, bir çox şikayətçilər var ki, rəsmi qurumların bu cür yarıtmaz fəaliyyəti nəticəsində külli miqdarda zərərə düşüblər, onlar öz haqlarını hüquq müstəvisində əldə etməyi düşünürlər”, - deyə qeyd etmişdik.
Təəssüflə bildiririk ki, “Hürriyyət” qəzetinin yazısına yetkili qurumlar tərəfindən vaxtında reaksiya verilmədiyindən, bu gün səhər saatlarında TIR sürücülərinin etiraz aksiyasının şahidi olduq. Hansı ki, qeyd etdiyimiz kimi, Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayaraq, baş verən qanunsuzluğa etiraz etdilər. Onlar yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd etdilər.

Belə ki, “R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazmışdı: “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin.
Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”.
Hurriyyet.az
P.S. Mövzu ilə bağlı “Hürriyyət” geniş araşdırma aparır və tezliklə etirazlara səbəb olan faktlarla bağlı oxucularımıza geniş məlumat verəcəyik. Bizi izləyin!