"Hürriyyət" yazdı, şəhid ailəsinin problemi həll olundu
Şəhid Elşən Piriyevin xanımı və övladları Samux rayonunda ikiotaqlı, təmirli mənzillə təmin edilib
Şəhid xanımı Nazpəri Süleymanova mənzilin sənədini alandan sonra ailəsi ilə birgə "Hürriyyət"in qonağı oldu
Ağstafa rayonunun Kolxəlfəli kəndinin şəhidi Piriyev Elşən Şəfalət oğlunun xanımı və iki azyaşlı övladının çətin vəziyyətdə yaşaması ilə bağlı “Hürriyyət”də ətraflı məlumat vermişdik.
Şikayətçinin müraciəti əsasında bir neçə ay əvvəl qeyd etmişdik ki, valideynləri sağlığında E.Piriyevin Gürcüstan vətəndaşı Süleymanova Nazpəri Yasin qızı ilə ailə həyatı qurmasına qarşı çıxıblar. Anası onu öz qohumu ilə evləndirmək niyyətində olub. Lakin Elşən valideynlərinə qarşı çıxaraq, 2017-ci ildə sevdiyi Nazpəri ilə ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı dünyaya gəlsə də, Elşən Piriyevin ailə üzvləri gəlinlərini heç bir halda qəbul etməyiblər. Bu səbəbdən, Elşən ata yurdunda özü üçün bir daxma tikərək, ailəsini orada saxlayıb.
Elşən Piriyev 44 günlük Vətən müharibəsində şəhadətə qovuşandan sonra, həyat yoldaşının dediyinə görə, onun daha çətin günləri başlayıb. Belə ki, Elşənin valideynləri nikahı olmayan Nazpəri Süleymanovanın övladlarını ondan alaraq, özünü evdən çıxarmaq istəyiblər. Lakin o, övladlarını kimsəyə verməyərək, Ağstafa rayonunun Poylu kəndində yaşayan ailə üzvlərinə sığınıb. Bundan sonra Elşənin valideynləri onu və iki azyaşlı körpəsini şəhidin 11 min manatlıq “qan pulu”ndan və digər yardımlardan məhrum ediblər.
Şəhid xanımının qarşılaşdığı problem “Hürriyyət” qəzetində işıq üzü gördükdən sonra, Prezident İlham Əliyevin sərəncamı ilə Gürcüstan vətəndaşı Süleymanova Nazpəri Yasin qızı Azərbaycan vətəndaşlığına qəbul edilib. Buna rəğmən, Elşən Piriyevin sağlığında atalığını qəbul etdiyi övladları və nikahsız yaşadığı xanımı heç bir halda öz qanuni haqlarını əldə edə bilməyiblər. N.Süleymanovanın dediyinə görə, Elşənlə rəsmi nigahları olmadığından, ona verilən yardımlara ailə üzvləri sahib çıxıb, azyaşlı körpələrə atalarının “qan pulu”ndan bir manat belə verilməyib.
Lakin şəhid Elşən Piriyevin xanımının və övladlarının problemi həllini tapmaq üzrədir. Ailə sosial müavinətlərlə təmin edilib. Eyni zamanda, şəhidin xanımı və övladları Samux rayonunda ikiotaqlı, təmirli mənzillə təmin edilib. Artıq evin sənədləri də şəhidin xanımına təqdim edilib. Şəhid xanımı Nazpəri Süleymanova mənzilin sənədini alandan sonra ailəsi ilə birgə "Hürriyyət"in qonağı oldu. O, mövcud problemlərinin işıqlandırılmasına görə redaksiyamıza təşəkkürünü bildirib:
"Dövlətimiz şəhid ailəsi kimi bizi mənzillə təmin etdi. Bu işdə “Hürriyyət” qəzetinə təşəkkürümü bildirirəm. Əvvəldən problemlərimizi işıqlandırdılar. Nəticədə problemlərimiz həllini tapdı.
Cənab Prezidentə təşəkkürümü bildirirəm. Çünki şəhid ailəsi kimi bizə diqqət göstərir. Sosial Müdafiə Nazirliyi tərəfindən bu gün Bakıya dəvət edildik. Evin sənədləri bizə təqdim edildi. Düzdür, mənzillə hələ ki, tanış olmamışıq. Açarları da bizə verilməyib. Hazırda evlə tanış olmaq üçün Samux rayonuna gedirik.
Ağstafa rayon İcra Hakimiyyətinə də təşəkkürümü bildirirəm. Bütün sənədlərimizin toplanılıb nazirliyə təqdim edilməsində bizə köməklik etdilər".
Xatırladaq ki, Nazpəri Süleymanova əvvəl Gürcüstan vətəndaşı olduğuna görə yoldaşı ilə rəsmi nigaha girə bilməmişdi. O, artıq Azərbaycan vətəndaşlığını alıb. Bu səbəbdən də rəsmi nigahla bağlı məhkəmə qarşısında iddia qaldırıb:
"Əvvəldən həyat yoldaşımla rəsmi nigah kağızımız olmamağına görə qayanamı şəhid ailəsi kimi tanıyırdılar. Lakin "Hürriyyət"də bizim problem işıqlandırılandan sonra problemlərimiz həllini tapdı. Gürcüstan vətəndaşı olduğuma görə problemlərimizi həll edə bilmirdim. Cənab Prezident tərəfindən mənə Azərbaycan vətəndaşlığı veriləndən sonra mövcud problemlərimiz həllini tapmağa başladı. Hazırda şəhid ailəsi kimi sosial müavinətlər almağa başlamışıq. Tək problemimiz rəsmi nigahla bağlıdır. Bununla bağlı məhkəmədə iddia qaldırmışam. Ümid edirəm ki, sözgüdən problem də həllini tapacaq".

YƏHYA