📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“HÜRRİYYƏT” ZAVOD DİREKTORLARININ FIRILDAĞINI İFŞA ETDİ – Azərbaycanda çörəyin bahalaşması haqda qərar hələ iyun ayında verilmişdi...

2022-01-04 16:08:00

“HÜRRİYYƏT” ZAVOD DİREKTORLARININ FIRILDAĞINI İFŞA ETDİ – Azərbaycanda çörəyin bahalaşması haqda qərar hələ iyun ayında verilmişdi...

Xəbər verdiyimiz kimi, Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıb.

Hurriyyet.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib.

Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub.

Bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədillə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır.

Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib.

Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb.

Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.

Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq".

Qeyd edək ki, Hurriyyet.az hələ iyul ayında Azərbaycanda çörəyin qiymətinin süni surətdə bahalaşdırılmasına cəhdlər edildiyi haqda məlumat vermişdi. Həmin vaxt qeyd etmişdik ki, Azərbaycanda çörək zavodu direktorları qapalı toplantı keçirərək, qiymət artımı ilə bağlı anlaşma əldə ediblər. Həmin toplantıda bildirilib ki, çörəyin hazırki satış qiyməti zavodların gəlir əldə etməsini təmin edə bilmir. Bu baxımdan, çörəyin satış qiymətinin qaldırılması ilə bağlı qərar qəbul edilib.

Həmin vaxt “NUR" çörək zavodunun şöbə müdiri Zöhrab Cabbarov qiymət artımının “iqtisadi əsaslar”a dayanıqlı olduğunu bildirmiş və bu səbəbdən də, çörəyin bahalaşacağını istisna etməmişdi. Lakin “Hürriyyət”in həmin yazısından və ekspertlər tərəfindən Azərbaycanda çörəyinin qiymətinin artırılması üçün heç bir iqtisadi əsas olmadığı ardıcıl şəkildə bəyan edildikdən sonra, hökumət bahalaşmanın qarşısını aldı.

Bu gün isə, Azərbaycanın iri un və çörək istehsalçıları yenidən müraciət yayaraq bildirirlər ki, “50 kq-lıq bir kisə unun topdansatış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur”. Qiymət artımı üçün “əsas” gətirilən bu bir cümləlik açıqlamadan aydın olur ki, Azərbaycanda çörəyin bahalaşması yenə də hansısa işbazların maraqlarına xidmət edir. Söhbət ondan gedir ki, faktiki olaraq, ölkədə unun qiyməti ötən aylara nisbətən bahalaşmayıb, sadəcə, kimlərinsə proqnozuna görə, unun topdansatış qiyməti 36 manat ola bilər. Maraqlıdır, o halda “çaya çatmamış hoppanmaq” kimə lazımdır? Bəlkə, hökumətin qabaqlayıcı tədbirlər görməsi nəticəsində, bu proqnozun əksinə olaraq, unun qiyməti aşağı düşəcək. Həmin vaxt zavod direktorları çörəyin qiymətini endirəcəklərmi? Əlbəttə, yox! Çünki Azərbaycanda süni şəkildə artan qiymətlərin nə vaxtsa endirilməsi təcrübəsi mövcud deyil. Bizdə iş adamlarının hədəfi əhalinin cibinə girmək olduğundan, hamı bu sahədə yarışa çıxıb. Eynilə, çörək zavodunun direktorları kimi.

Bütün bunlardan göründüyü kimi, əslində, bir qrup işbaz hökumətdəki havadarlarının dəstəyi ilə ölkədə çörəyin qiymətini süni surətdə bahalaşdırmaq və daha böyük pullar qazanmaq niyyətindədir. Görünür, iyul ayından yarmçıq qalmış planlarını indi reallaşdırmağa çalışırlar. Əslində, bu, hökumətin özü üçün də xoş deyil. Bu, 2022-ci ilin gəlişi ilə əhalini “çörəklə sınağa çəkməkdir”. Şübhəsiz, bu bahalaşma nəticəsində ölkədə yarana biləcək narazılıq da hansısa iş adamına deyil, məhz hökumətə yönələcək. Odur ki, Azərbaycanda çörəyin qiyməti artacağı təqdirdə, hökuməti heç də yaxşı “sürprizlər” gözləmədiyinə əminik...

Hurriyyet.az