📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hürriyyət"ə müraciət edən tənha qadının qaz borcu "Azəriqaz" tərəfindən ödəniləcək

2021-11-18 15:07:00

Nərimanov rayonu, Təbriz 72/74 mənzil 91-də yaşayan Əliyeva Zeynəb İsmayıl qızı "Hürriyyət"in redaksiyasına müraciət edərək, mənzilindəki qaz sayğacının düzgün quraşdırılmadığını deyir. Qadın iddia edir ki, mənzilinin qaz sayğacında problem var.

Zeynəb Əliyeva bildirir ki, 2018-ci ildən ödəmədiyi bəri 81 manat borc yığılaraq 400 manata çatıb:

"2018-ci ildə qaz idarəsinə getdim. Dedilər ki 81 manat borcun var ödəməlisən. Mən aidiyyatı qurumlara müraciət etdim. Çünki, qaz sayğacında problem var. Nəticədə, borcum 400 manata çatıb".

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Hürriyyət"ə açıqlamasında deyib ki, Əliyeva Zeynəbin səhhətindəki vəziyyət, tənha olması nəzərə alınaraq, borcu "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ödəniləcək:

"Əliyeva Zeynəbin səhhətindəki vəziyyət "Azəriqaz" İstehsalat Birliyi tərəfindən nəzərə alınıb. Eyni zamanda, onun tənha və köməksiz olmağı da nəzərə alınıb. Bu tip istisna hallar çox az olur. Kiminsə tənha və köməksiz olması istisna hal kimi dəyərləndirilir. Bu baxımdan, həmin abonentin "Azəriqaz" İstehsalat Birliyinə olan borcu hər hansısa formada, özü olmadan ödəniləcək. Ona görə də həmin abonentə rahat olmağını istəyirik. Heç bir problem yoxdur. Bu da biz tərəfdən həll ediləcək. Abonentin borcu ya  "Azəriqaz" İstehsalat Birliyi, ya da İcra hakimiyyəti tərəfindən hər hansısa formada yoluna qoyulacaq".

YƏHYA