📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hürriyyət"in baş redaktoru imansızlarla ÜZ-ÜZƏ QALIB

2023-08-15 12:49:00

Vüqar Məmmədov çoxdan bu mənfur bandanın atamanlarının aşlarına soyuq su qatmışdı

Stəkanda fırtına qoparan... Rus jurnalistləri bu sözü adətən özünə diqqəti cəlb etmək istəyən, boş, mənasız çıxışları ilə avamları yolundan azdırmağa çalışanlar üçün işlədirlər. Çox sərrast ifadədir! Bakılıların da belə məxluqlar üçün gözəl sözü var: Dibsiz kürə, boş anbar. Sovetlər dövründə belələri əvvəlcə yaxşı karyera edib bir az irəli gedə bilirdilərsə, amma sonra aqibətləri pis olardı.

Müstəqillik illərində torpağının az qala yarısı işğal edilmiş Azərbaycanda məhz bu buqələmun tüfeylilər söz yiyəsi oldular. İqtidara da belələri xoş gəlirdi. Neçə-neçə qalmaqallı hadisələrin, məhkəmə proseslərinin, insanları sarsıdan ifşaların şahidi olmuşuq. Prezidentin sayəsində isti yerlərdə, milli məclisdə oturmuş bu güruhun içindən hələ indiyə qədər bir cəsarət yiyəsi çıxmayıb. Bunlar indiyə qədər nə bir yırtıcı maqnatın, nə bir poqonlu rüşvətxorun, nə də bir siyasi həzrəkarın adını çəkiblər. Nələrinə lazımdır? Prezidentin özü təyin edib, özü bilər – bu nücəbanın əsas devizi bu olub.

"Tərtər işi" ilə bağlı elə vaqiələr üzə çıxır ki, adamın inanmağı gəlmir. Bizim nakəslər həbs edilənlərə elə zülmlər ediblər ki, sanki tarixdə adı qalmış nasist gestaposunun, Jejov “enkevede” sinin estafetini daşımaq bunlara etibar edilib. Müstəqillik bu idi? Nə manyaka dönmüş cəlladlar, nə də onlara əmr edənlər heç bir vaxt məhşər ayağına çəkiləcəklər. YAP-ın “fürerləri” də iş bərkə düşəndə dədələrinin canlarına da and içəcəklər ki, onlar imam övladı kimi məsumdurlar, heç nədən xəbərləri olmayıb. Gözlərinin içinə qədər yalan deyəcəklər, ümumiyyətlə bu ikiayaqlı siyasətbazlar indiyə qədər bir dürüst söz deyiblər? YAP-ın hansı funksioneri puritan həyat tərzi ilə öyünə bilər? Hansı göz qabağında olan xadimi cəbhədə qan su yerinə axanda ön xəttdə olub?

Millət necə tarac olur-olsun nə işim var?

Düşmənlərə möhtac olur olsun nə işim var?

Cəfakeş Sabirin bu sözlərini pula pul deməyən təmtəraqlı villada yaşayan, kasıb-kusuba yuxarıdan aşağı tüpürən YAP “fürerlərinin” hər birinin darvazasına yazmaq olar. Bütün məsuliyyətimlə deyirəm, Ulu Öndər Heydər Əliyevin irsinə YAP-ın vəzifəli məmurları qədər zərbə vuran ikinci qüvvə tanımıram. Yaşadığım Xətai rayonunda illər ərzində baş vermiş "yaşıl terror"a analoq tapmaq olmur. On minlərlə ağac, yaşıl bəzək kolu kəsildi. “Bir ağac kəsiləndə elə bilirəm qolumu kəsirlər!” – bu sözləri Ulu Öndər Heydər Əliyev deyib. Kişinin bu sözlərindən sonra Nizami və Xətai rayonlarında əsl ağac qırğını başladı. Heç kim bu ittihamı təkzib edə bilməz, bu illər ərzində yüzlərlə məqalə çap olundu, daha söz qalmadı ki, deyilməsin. Amma Ramiz Mehdiyevin "boz kardinal" mantiyası altında rayonları tarac edib "yaşıl terror"u başlayanlara söz deyilmədi. Mən çoxdan bilirdim ki, aparatda oturan bir ovuc xəbis, Prezidentə həqiqi xəbərin çatdırılmasına mane olur. Bir binanın içində əgər vacib siqnalların müraciət və ərizələrin Prezidentə çatmasına mane olurlarsa, deməli bu zinakarlardan nə desəniz gözləmək olar. Üzvləri ellik zəmanətlə bir-birilərinə bağlı olan banda xoşuna gəlməyən adamı şərlədib sındıra, hətta fiziki cəhətdən aradan götürə bilər. “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov çoxdan bu mənfur bandanın atamanlarının aşlarına soyuq su qatmışdı. Axı “Hürriyyət” qəzetinin hər sayında elə yırtıcı məmur qalmamışdı ki, rüsvay edilməsin. Yerli-yersiz söydüyümüz Kommunist diktaturası zəmanəsində bu ifşaedici məqalələrin əsasında neçə-neçə hak-küylü proses başlardı... Amma indi heç kimin tükü də tərpənmir.... Dairəvi müdafiə sistemi yaratmış yırtıcılar, giyenalar isə məqam gözləyirlər, görək baş əyməyən nə vaxt büdrəyəcək, nə vaxt səhvə yol verəcək. Bununla bərabər fitnə-fəsad törətməkdə yaxşı təcrübə qazanan murdar məxluq da axtarılır onun da boynuna tapşırıq qoyulur: “Sən qorxma, söy, qoy avam camaat səni mübariz kimi tanısın. Yaxşı muzdun da olacaq. Bizə isə açıq, gizli bütün narazıları aşkar etmək lazımdır”. "Hürriyyət"in baş redaktoru isə çox yəqin ki, belə fitnəkarlığa qol qoymayıb. Yaxşı ki, məsələ bir aylıq həbs cəzası ilə bitib.... Amma şəxsən mən buna inanmıram, çünki bu üsuli idarənin bütün pəstahlarına yaxşı bələdəm. Bir ölkədə ki, hər yerindən duran vampir istədiyi vaxt, istədiyi yerdə rəiyyətin dənizə aparan yolunu bağlayır, bir ölkədə ki, öz doğma torpağında basdırılmaq üçün bədbəxt kasıb məzar yeri üçün 700 manatdan üç min manata qədər pul vermək məcburiyyətindədir, bir ölkədə ki, müharibə vəziyyətində olan torpaqda vəzifə sahibləri milyonları həzm-rabedən keçirirlərsə, onlara söz deyən tapılmırsa, orada yaşamaq günahdır. Bir tərəfdə qeyrətli kişilərin sayəsində quruculuq işləri görülür, didərginlərin öz doğma yurdlarına qayıtması üçün hər cürə zəhmət çəkilir, çəkilən yollar göz oxşayır, yeni-yeni müəssisələr işə salınır, çörək qıtlığı bilmərrə yoxdur, ərzaq dükanları aşıb-daşır... Bir tərəfdə də bütün sahələrdə hakimi-mütləqə dönmüş "marodyorlar" nə istəyirlər, onu da edirlər. Kəsilən başa sorğu-sual yoxdur. Bir neçə maqnatın kaşanələrinin şəkilləri əlimə düşüb. Heç orta əsrlərin valilərinin, bəylərbəyilərinin yuxusuna da belə imarətlər girə bilməzdi. Bir az sorğu-sual eləsən özünü tutub zindana salacaqlar.

86 yaşım var, ölüm ayağındayam, amma bu üsuli-idarəyə kömək üçün müraciət etmərəm. Dörd il bundan əvvəl bir məşhur fırıldaqçının arzusu ilə bizim hakimlər məni, üç infarkt almış qocanı, yaşayış minimumundan məhrum etdilər, 20 ay təqaüdü əlimdən aldılar. Onlarla ərizə yazdım! Yazdım ki, mən heç kimi təhqir etməmişəm, sadəcə olaraq pulları, varidatları əllərindən çıxmış zavallıları müdafiə etmişəm. Qocalığıma, heydən düşməyimə rəhm etmirsinizsə, heç olmasa məsələni adam kimi araşdırın. Axı mən Heydər Əliyevin siyasətini müdafiə etmək naminə bütün müxalifətin üzərinə tək gedəndə Elmira Axundovanın, YAP-ın əsas “fürerlərinin” cınqırı da çıxmırdı. Onlarda o cəsarət nə gəzirdi ki, müxalifətin qorxmaz igidlərinin üstünə gedəydilər. Bir məqsədləri vardı, artıq qələbəsi şübhə oyatmayan Heydər Əliyevin hüzurunda arxa pəncələri üzərində duraraq mədhiyyə deyə-deyə sərvət sahibi olmaq, Milli Məclisdə oturmaq, yeddi arxasını təmin etmək. İstədiklərinə çatdılar, üç rəngli bayrağın dalğalanması naminə hər şeylərini qurban verənlərin çoxu dərddən üzülüb öldülər, sağ qalanlar da mənim günümdə.

"Hürriyyət"in baş redaktoru da bu imansız qüvvə ilə üzbəüz qalıb. İmansızın da əlindən hansı alçaqlıq desən gəlib. Bunu öz təcrübəmdən bilirəm. Rəhmətlik Rəsulzadənin sözü hamının yadındadır, bir kərə yüksələn bayraq bir daha enməz. Mən də bütün varlığımla inanıram ki, peyğəmbər nişanəli bayrağımın nuru min-min bədxahın gözünü kor, vücudunu isə xarı-zəlil edəcək.

Firuz Haşımov

P.S. İnanıram ki, millətin qəzəbi ümman kimi kükrəyənə qədər, Şuşanı bir həmlə ilə erməni köpəklərindən azad edən oğullar, yaralı qazilər ədalətin təntənəsi naminə "maradyorlar"ın möhtəşəm imarətlərinin qapılarını döyəcəklər.