📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hüseyniyyun" kimə söz atır...

2023-10-17 13:20:59

Həmasın İsrailə hücumundan sonra İranın terror hüceyrələri hələ ki, "başlarını papaq altından çıxarmırdılar". Yəqin ki, molla ağalarından əmr gözləyirlər. Hələ ki, rəsmi Tehran 50 ili ötən İsraillə söz atmacasından o yana keçməyən "müharibə bəyanatları" üzündən biabır olmamaq üçün fərqli bəhanələr gətirir.

Guya ki, İran İsraillə müharibə vədini gerçəkləşdirmək üçün ya öz ərazisinə hücum yaxud vətəndaşına təcavüzün baş verməsini gözləyir. Gah da İsrailə hücum üçün lazımi məqamı gözləyir. İndi isə İranda gizlənən “Hüseyniyyun" terror qruplaşması “X” hesabında hədə dolu paylaşım edib. Əlbəttə ki, "Hüseyniyyun" terror qruplaşmasının Azərbaycana "diş qıcadığını" nəzərə alsaq hesab etməliyik ki, bu təhdid bizə qarı yönəlib. Paylaşımda deyilir:
“Dəfələrlə vurğulamışıq ki, “sionist rejim” Bakının neftindən güclü asılılığına və Azərbaycandakı gizli maraqlarına görə Qafqazda müharibə yaratmağın tərəfdarı deyil və yalnız Əliyev hökumətinin Tehranla gərgin və idarə olunan münasibətlərinin olmasına çalışır. Və işğal olunmuş Fələstində mövcudluğu üçün qətiyyətli təhlükə hiss etməyincə, Qafqazdakı gərginlik ocağını aktivləşdirməyəcək. Amma təhlükə hiss edərsə, Azərbaycana və Qafqaza od vurmağa, “müqavimət oxunu” məşğul etmək, öz ömrünü uzatmaq və daha çox vaxt qazanmaq üçün İranın şimalında yeni cəbhə açmağa hazırdır
.
 İstənilən halda, Mossad və onun Qafqaz və Azərbaycandakı əlaltıları yaxşı bilməlidirlər ki, bütün dünyada, xüsusən də Qafqazda “müqavimət oxu” onların hər bir avantürasına cavab verməyə hazırdır və bu fitnə onların hesabladıqları kimi getməyəcək. Biz sizi İranın şimalında qarşılamağa hazırıq. İran lazım deyil, sizin tərəf müqabiliniz Azərbaycan İslam Müqaviməti Hərəkatı - “Hüseyniyyun”dur”. 

Göründüyü kimi, "Hüseyniyyun" hədəfini gizlətmir. Yəhudi qardaşı İsrailə aqressiyası "söz atmacası"ndan o yana keçməyən İran yaranmış vəziyyətdən istifadə edərək Azərbaycana qarşı "kinini qusmağa" fürsət əldə etməyə cəhd edə bilər. Maraqlıdır ki, sözdə İsrailə qarşı qondarma aqressiya sərgiləyən İran düşmənini İranın şimalında niyə qarşılayacağını deyir?
Ülviyyə, Hurriyyet.az