Husilər: “Ərəb koalisiyası Marib şəhərinə 25 hava zərbəsi endirdi”
Hurriyyet.az xəbər verir ki, Yəməndə husilərin Əl-Məsirə televiziya kanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının lideri olduğu Ərəb Koalisiya Qüvvələri dünən Marib şəhərinə 25 dəfə hava zərbələri endiriblər.
Yəmən ordusunun dünən verdiyi açıqlamada Marib şəhərinin qərbində yerləşən Əl Kesara cəbhəsində baş verən döyüşlərdən sonra bəzi rayonların husilərin əlindən alındığı bildirilmişdi. Döyüşlərdə husilərin onlarla üzvünün öldüyü və yaralandığı xəbər verilir.
Koalisiya qüvvələri tərəfindən dünən verilən açıqlamada husilərin Səudiyyə Ərəbistanının cənubunda yerləşən Beynəlxalq Abha aeroportuna silahlı dronla etdiyi hücum nəticəsində 8 nəfərin yaralandığı və bir sərnişin təyyarəsinin zədələndiyi bildirilib.
Husilər 2014-cü ilin sentyabrından bəri paytaxt Səna şəhərinə və bəzi rayonlara nəzarəti əllərində saxlayırlar. Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından bəri husilərə qarşı Yəmən hökumətini dəstəkləyirlər.