Husilər Rusiya və Çin gəmilərinin təhlükəsizliyinə təminat verirlər
Hurriyyet.az xəbər verir ki, Yəməndəki "Ənsar Allah" təşkilatının siyasi bürosunun üzvü olan Məhəmməd əl Bahiti "İzvestiya" qəzetinə müsahibəsində Qırmızı dənizdə Rusiya və Çin gəmilərin üçün heç bir təhlükə olmadığını bildirib. Husilərin təmsilçisi təşkilatın Rusiya nefti aparan tankerə zərbə endirməsi xəbəri barəsində şərh vermək xahişinə cavab verərkən deyib: "Rusiya və Çin də daxil olmaqla, qalan ölkələrə gəlincə, regionda onların gəmiçiliyi üçün heç bir təhlükə yoxdur. Bundan başqa, biz onların gəmilərinin Qırmızı dənizdəki təhlükəsizliyini təmin eləməyə hazırıq. Çünki sərbəst gəmiçilik ölkəmiz üçün mühüm rola malikdir".
O, husilərin hədəfinin Qırmızı dənizdəki gəmiləri ələ keçirmək, yaxud da batırmaq olmadığını, əsas məqsədinin - "Qəzzadakı qırğınları dayandırmaq üçün İsraili iqtisadi cəhətdən zəiflətmək olduğunu" söyləyib. Təmsilçi "Ənsar Allah"ın sülhə hazır olduğunu, lakin bunun üçün ABŞ ilə Böyük Britaniyanın Yəmənə qarşı aqressiyasını və Qəzzadakı müharibəni dayandırmalı, tibbi məhsulların, yanacağın və ərzağın daimi tədarükünə imkan yaratmalı olduğunu deyib.
Hürr Tərcüman