I və III ixtisas qruplarında edilən dəyişiklik narazılıq yaratdı
Kamran Əsədov: “Birdən-birə bu dəyişikliyi etməklə abituriyentləri çətin vəziyyətə sala bilərik”
I və III ixtisas qruplarında bəzi ixtisaslar üzrə imtahan fənlərinə edilən dəyişiklik narazılıq yaradıb. Qəbul imtahanlarında abituriyentlər III qrup üzrə coğrafiya fənnindən də suallara cavab verəcəklər. Eyni zamanda I qrup üzrə imtahan verənlər informatika fənnindən də suallara cavab verməli olacaqlar. Bu dəyişiklik isə təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Qeyd edilir ki, yenə də əvvəlki kimi, fənlərin sayını çoxaltmaqla imtahanları çətinləşdirmək istəyirlər.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov mövzuya belə şərh verib: “İlk növbədə qeyd edim ki, qəbul sistemində hər hansı bir islahatlar və dəyişikliklər tədris ili başlayandan sonra həyata keçirilməməlidir. Çünki artıq oktyabr ayı başa çatır. Bizim abituriyentlərimiz, şagirdlərimiz növbəti il üçün hazırlıqlara başlayıblar. Etiraf edək ki, bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri orta məktəbin nəticələri deyil. Burada uşaqlar yaxşı nəticə göstərmək üçün mütləq şəkildə hazırlıq kurslarına, repititor yanına gedirlər. Onlar bütün proqramlarını bu istiqamətdə qururlar. Təbii ki, III ixtisas qrupunda dəyişiklik ediləcəyi gözlənilirdi. Çünki Nazirlər Kabinetinin bununla bağlı qərarı var idi ki, beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarını seçmək üçün beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üçüncü qrupa keçirilir. Burada coğrafiya fənninin əlavə edilməsi müzakirə olunurdu, amma qərar yox idi. Bir məsələni qeyd edim ki, bu dəyişiklik üçüncü ixtisas qrupuna coğrafiya fənninin əlavə edilməsi, eyni zamanda əlavə olaraq coğrafiya fənnindən imtahan vermək imkanı veriləcək. Bu da ancaq beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasını seçən abituriyentlər üçündür. Yenə əvvəlki qaydada I, III ixtisas qrupuna daxil olan digər ixtisasları seçmək üçün abituriyentlər Azərbaycan dili, rus bölməsi isə rus dili tarix və ədəbiyyatdan imtahan verəcəklər. Kimsə həm də beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasına qəbul olmaq istəyirsə, əlavə bir fənn də coğrafiyadan imtahan verəcək. İxtisas seçimində isə hər iki alt qrupdan ixtisasları seçə biləcək. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi isə bu dəyişiklik üçüncü qrup üçün müsbətdir. Çünki üçüncü qrupa əlavə ixtisasların daxil olması plan yerlərinin sayını artıracaq. Üçüncü ixtisas qrupunda hər il böyük sayda abituriyent, ali məktəblərə qəbul ola bilmirdi. Hətta yüksək balla kəsilənlər də olurdu. Amma mövcud dəyişiklik III qrupda abituriyentlərin şansını artıracaq. Amma bu, heç də gələcəkdə ixtisaslar üzrə fənlərin artırılmasına gətirib çıxarmayacaq”.

Kamran Əsədov
Hurriyyet.az xəbər verir ki, ekspert əlavə edib ki, bununla belə, I qrupda vəziyyət bir az fərqlidir: “Ona görə fərqlidir ki, birinci ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər 6,7,8-ci sinifdən artıq kimya ixtisası üzrə hazırlaşırdılar. Çünki kimya digər fənlərlə müqayisədə bir az çətin hesab edilir. Biz 7 və 8-ci sinifdə kimya üzrə hazırlaşıb gələcəkdə informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, proqramlaşdırma, eyni zamanda digər logistika ixtisaslarına qəbul olmaq istəyən şəxslərin arzularının üzərindən xətt çəkə bilərik. Bu, təhlükəli yanaşma olar. Çünki kimya digər fənlərlə müqayisədə daha çox hazırlıq tələb edən fənn idi və IX, X sinifdən valideynlər övladlarını müəllim yanına qoyublar. Onların proqramları, proqnozları o idi ki, uşaqları gələcəkdə informasiya texnologiyaları ixtisasları üzrə qəbul olunsun. Amma indi DİM təklif edir ki, həmin ixtisaslara qəbul olmaq istəyənlər həm də informatikadan imtahan versinlər. Biz bunu həmişə demişik ki, İKT ixtisasında oxuyurlar, amma bundan anlayışları yoxdur. Amma buna qədər bir problem var. Hazırda ölkədə ən ciddi müəllim çatışmazlığı informatika fənnindəndir. Baxmayaraq ki, informatika fənni ölkədə yeganə fənlərdəndir ki, I sinifdən XI sinfə qədər tədris edilir. Amma Azərbaycanda bunun tələb test bazası yoxdur. İnformatikadan keçirdiyimiz magistratura pilləsi, dövlət qulluğuna qəbul imtahanları var, orada müəyyən hazırlıq kurslarının materiallarından istifadə edilir. Amma DİM-in test bazası yoxdur. Digər fənlər nəzəri fənlərdir, amma informatika praktik fəndir. Birincisi, hazırda dərsliklərimiz test tapşırığı hazırlamağa uyğun deyil, ikincisi informatika fənni qəbul imtahanında istifadə edilə biləcək qədər keyfiyyətli tədris edilmir. Üçüncü, bunun yoxlanılması üçün nümunəvi test tapşırıqları yoxdur. Biz birdən-birə hansısa nümunə testini hazırlayıb vəziyyətdən çıxa bilmərik. III ixtisas qrupuna coğrafiyanın əlavə edilməsi 2022-ci ildə yenə tətbiq edilə bilər, hazırda 11-ci sinifdə oxuyan uşaqlar bundan yararlana bilərlər. Amma I qrupa bunu tətbiq eləmək uyğun deyil, çünki bizim şagirdlərimiz informatika fənnini yaxşı mənimsəməyiblər. Eyni zamanda bu fənn üzrə biliklərin yoxlanması və ölçülməsi üçün nümunəvi test tapşırıqları yoxdur. Yalnız DİM-in bir test kitabçası var.
Düzdür, orta məktəb dərslikləri var. Amma hansı formatda testlər hazırlanacaq, bu yoxdur. Bölgələrdə ciddi şəkildə informatika müəllimi çatışmazlığı var və biz birdən-birə bu dəyişikliyi etməklə uşaqları çətin vəziyyətə sala bilərik. Xüsusən uzunmüddətli hazırlaşan abituriyentlərə çətinliyin yaradacağı birmənalıdır. Bu, psixoloji təsir göstərə bilər. Əgər informatika fənni birinci qrupa daxil edilərsə, bu o deməkdir ki, ən azından abituriyentlərin toplamalı olduğu kimi edən 100 bal aşağı ola biləcək. Mən gözləmirəm ki, I qrupda yüksək bal formalaşsın. Hazırda 11-ci sinifdə oxuyan indiki şagirdlər belə informatika fənnini o qədər yüksək səviyyədə oxumurlar və bununla bağlı ölkədə, ümumiyyətlə, repititorluq sistemi formalaşmayıb. Hazırda Azərbaycan təhsil sistemi məktəblərin yox, hazırlıq kurslarının nəticəsidir. Ona görə biz bu dəyişikliyə yaxın iki ildə keçməməliyik. İnformatika fənninin əlavə edilməsi və tətbiq edilməsi uyğun yenilik olmayacaq. Təbii ki, valideynlərin haqlı narahatlığı və narazılığı var. Biz bu yeniliyə gedərkən abituriyentləri də mütləq şəkildə nəzərə almalıyıq. Çünki onlar uzun müddətdir kimya fənnindən hazırlaşırlar və ölkədə hələ də informatika fənni üzrə hazırlıq formalaşmayıb. Orta məktəb bilikləri ilə biz buna getsək, bu, heç də doğru yanaşma olmayacaq. Çünki hazırda orta məktəblərdə bu fənnin tədrisi o qədər də keyfiyyətli deyil, ixtisaslı müəllim çatışmazlığı var. Ona görə də birmənalı şəkildə birinci qrupda ediləcək dəyişikliyin yaxın iki ildə edilməməsi daha yaxşı olardı”.
Qeyd edək ki, yaranmış bu vəziyyətlə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, III qrupa əlavə fənn artırılmayıb, sadəcə, beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə imtahan verən tələbələr coğrafiya fənnindən imtahan verəcəklər. DİM sədri onu da bildirib ki, bir ildən sonra I qrupda informatika ixtisasını seçən tələbələrə kimya əvəzinə informatikadan imtahan verməyə icazə veriləcək.