📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İbrahim Rəisinin ölümünə səbəb QƏZADIR, YOXSA TERROR?

2024-05-21 10:31:27

İbrahim Rəisinin ölümünə səbəb QƏZADIR, YOXSA TERROR?

Məhəmməd Əsədullazadə: "İran prezidentinin helikopterinin qəzaya düşməsində SEPAH izinin olmasını istisna etmirəm"

Aqşin Kərimov: "Yayılan fotolarda qəza baş vermiş ərazidə qatı duman olduğu görünsə də, hava şəraiti mümkün təxribatları qətiyyən istisna etmir"

Elxan Şahinoğlu: "İran tərəfi qəzanı "hava şəraiti" ilə əlaqələndirir, ancaq vaxt keçdikcə versiyasını dəyişdirə də bilər"

Xaqani Cəfərli: "Rəisinin ölümü rejimin dərhal çökməsinə gətirib çıxarmayacaq, ancaq rejim qan itirməkdə davam edir və bu, onun ömrünü qısaldır"

Fuad Qəhrəmanlı: "Əgər ehtimal olunan təxribatın qaynağı İran daxilində olarsa, o zaman bu, rejim daxilində ciddi hesablaşmalara və ixtilaflara da yol aça bilər"

Zeynal Əmrəliyev: "Həm Qasim Süleymaninin, həm də İbrahim Rəisinin daxili oyunların qurbanı olduğunu düşünürəm"

Bugünlərdə, daha dəqiq desək, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim və Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. İranın rəsmi qurumlarının səsləndirdiyi ilkin versiyaya görə, qəzaya qatı duman səbəb olub. İran Xarici İşlər Nazirliyinin helikopter qəzası ilə bağlı yaydığı açıqlamada isə deyilir ki, baş verənlər İranın regional və beynəlxalq miqyasda konstruktiv rol oynamaq əzminə təsir etməyəcək.

Mövzu ilə bağlı axar.az-da yer alan informasiyaya görə, "Politiko" qəzeti "İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması İran dini lideri Əli Xameneinin oğlunu atasının əsas mümkün varisi edir", deyə qeyd edib. "Politiko" iddia edir ki, Rəisinin ölkə rəhbərliyinə sədaqəti son illərdə onun İran dini liderini əvəz edə biləcəyi ilə bağlı iddialara səbəb olmuşdu: "İndi Rəisinin ölümü ilə ölkədə və xaricdə Xameneinin vəzifəsinə əsas namizədin oğlu Müctəba olacağına daha çox əminlik var". Nəzərinizə çatdıraq ki, Müctəba Xamənei SEPAH və hakimiyyətin radikal mühafizəkar qanadı arasında nüfuza malikdir.

Bu arada, İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bəyan edib ki, İbrahim Rəisi və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopterin qəzaya uğraması faciəsinin əsas günahkarlarından biri ABŞ-dır. Zərifin sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, ABŞ İrana təyyarə və hava nəqliyyatı ehtiyat hissələrinin satışına sanksiya tətbiq edib. Birləşmiş Ştatlar İran xalqının hava nəqliyyatının yaxşı imkanlarından istifadə olunmasına imkan vermir. Bu isə ABŞ-nin İran əleyhinə cinayətləri siyahısında qeydə alınacaq. İranlı sabiq nazir əlavə edib ki, ötən gün İranda helikopter qəzası ağır və acı hadisə idi: "Ötən 45 il ərzində İran müxtəlif dövrlərdə çətin şəraiti təcrübə edib. İran bu vəziyyətdən də çıxacaq və vahid səslə və vahid hərəkətlə gələcəyə doğru addımlayacaq".

"Baş verənlər sıradan hadisə deyil, iki prezident dostluq mesajı vermişdi və çox ciddi layihələrin həyata keçirilməsi razılaşdırılmışdı"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, İranda siyasi və hərbi sistemə nəzarət edən SEPAH daim anti-Azərbaycan siyasəti aparıb, hökumət isə bu istiqamətdə aparılan siyasətə təzyiq edib: "Azərbaycanla İran arasında əlaqələrin inkişafının yeni mərhələdə davam etdirilməsi üçün razılıq əldə edilmişdi. Xüsusi mesajlar verildi və Bakı ilə Tehran arasında siyasi əlaqələrin ən üst səviyyəyə qaldırılması razılaşdırıldı. Təbii ki, İran hakimiyyət sistemində Azərbaycana qarşı ikitirəlik var. İran prezidenti Azərbaycanla əlaqələrin normallaşması istiqamətində ciddi addımlar atır və sərhəddə gəlir. Bütün bunları nəzərə alaraq, demək olar ki, İran prezidentinin helikopterinin qəzaya düşməsi şübhəlidir və burada SEPAH izinin olmasını istisna etmirəm".

Milli Cəbhə Partiyasının sədr müavini qeyd edib ki, Azərbaycanla İran arasında başlayan normallaşma prosesində belə bir hadisənin olması təssüf doğurur: "İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasını İsraillə əlaqələndirən bəzi xarici siyasi şərhçilədir. Düşünürəm ki, İsrailin burada hər hansı şəkildə rolu istisnadır. İran tərəfi bunu hava şəraiti ilə əlaqələndirirsə, problem daxili siyasi proseslərdən irəli gələ bilər. Hesab edirəm ki, bundan həm də İran-Azərbaycan əlaqələrinə qarşı istifadə etməyə çalışanlar da olacaq. Baş verənlər sıradan hadisə deyil, iki prezident dostluq mesajı vermişdi və çox ciddi layihələrin həyata keçirilməsi razılaşdırılmışdı".

"Baş vermiş hadisə texniki qəza deyilsə və kənardan idarəolunan bir ssenari olubsa, deməli məsələ "dəhlizlər uğrunda mübarizə" ruhunun əksi kimi görünə bilər"

Siyasi şərhçi Aqşin Kərimov isə bildirib ki, yayılan fotolarda qəza baş vermiş ərazidə qatı duman olduğu görünsə də, hava şəraiti mümkün təxribatları qətiyyən istisna etmir: "İbrahim Rəisi İran siyasi istiblişmentində post-Xamenei dövrünün ali lideri vəzifəsinə namizədlərdən biri idi. Onun məhz Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən qayıtdıqdan sonra qəzaya düşməsi regionda geosiyasi təsirlərdə yüksək pay almaq amalları fonunda diqqətdən kənarda qala bilməz".

"Azərbaycanla İranın yaxınlaşması kimə sərf etmir" sualını cavablandıran siyasi şərhçinin qənaətincə, bunun cavabını iki versiyada axtarmaq lazımdır: "Birincisi, Bakı-Tehran yaxınlığı İran daxilində radikal dairələrin maraqlarına tam şəkildə cavab vermir. Beləliklə, Rəisinin həm İran ali rəhbəri vəzifəsinə gedən yolunun bağlanması, həm də Bakı ilə əlaqələrdəki rolunu qapamaq üçün mümkün bir ssenari lazım idi. İkincisi, Azərbaycanla İran "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tam işləməsi üçün səylərini birləşdirirdi. Bunda Rusiya da maraqlı idi, kənar qüvvələrdən isə kimin bu nöqtədə qısqanc davrandığını araşdırma mövzusu olmalıdır. Yəni, baş vermiş hadisə texniki qəza deyilsə və kənardan idarəolunan bir ssenari olubsa, deməli məsələ "dəhlizlər uğrunda mübarizə" ruhunun əksi kimi görünə bilər. Məncə, mövzuları təhlil edərkən, İsrailin üzərinə vurğular etmək yanlışdır. Ən azından buna görə ki, Azərbaycan-İran yaxınlaşmasında Bakı İsrailin maraqlarını kənara qoyan və Təl-Əvivə alternativ cəbhə kimi yanaşan formulları rədd edir".

"İranın Ali dini lideri İbrahim Rəisini əvəz edəcək şəxsin mühafizəkarların düşərgəsindən olmasını istəyəcək"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, İran prezidentinin helikopterinin qəzaya uğraması ilə bağlı Türkiyə kanallarındakı müzakirələrdə israrla İsrailin adı çəkilir: "Halbuki, İran tərəfi qəzanı "hava şəraiti" ilə əlaqələndirir, ancaq vaxt keçdikcə versiyasını dəyişdirə də bilər. Türkiyənin televiziya kanallarında İran prezidentinin helikopterinin qəzasını şərh edən ekspertlərin bir qismi tutub ki, İsrailin Azərbaycanda güclü istihrabat mərkəzi var. Nəyə işarə etdikləri aydındır. Bunu deyərkən ancaq ona istinad edirlər ki, İsrail Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir. İsrailə neft satırıq, bu ölkədən modern hərbi texnika alırıq. Bunu bilməyən yoxdur, ancaq bu, o demək deyil ki, İsrailin Azərbaycanda istihbarat mərkəzləri var. Bunu deyənlər İran rejiminə yaxşı pas atırlar".

İranda təxminən, iki aydan sonra prezident seçkilərinin keçiriləcəyini xatırladan Elxan Şahinoğlunun fikrincə, mühafizəkarlar öz tərəfdarlarından birini bu kürsüyə seçilməsinə çalışacaqlar: "Ali dini lider də İbrahim Rəisini əvəz edəcək şəxsin mühafizəkarların düşərgəsindən olmasını istəyəcək. İranda son prezident seçkisi səs verənlərin sayının xeyli azalmasıyla müşahidə olunmuşdu. Şərti islahatçılar kimi qiymətləndirilən qrupun seçkidə uğur qazanacağını söyləmək çətindir. Mühafizəkarlar İsrailin obrazında xarici düşmənlə mübarizə fonunda mövqelərini əllərindən verməməyə çalışacaqlar".

Politoloq əlavə edib ki, "Helikopter qəzasına hava şəraiti səbəb olub" deyilsə də, komplo teorilərindən qurtulmaq mümkün olmayacaq, çünki insanlar adətən maraqlı versiyalara inanmağa həvəslidirlər: "Yaxın və uzaq tarixdə təyyarə və helikopter qəzaslarında həlak olan dövlət liderləri və tanınmış siyasətçilər olub, indiyənə qədər onların ölümlərinin təsadüf olmadığını söyləyənlər və araşdıranlar var. ABŞ-ın keçmiş prezidenti Con Kennedi 1963-cü ildə Texasda nəqliyyat vasitəsilə növbəti görüşə gedərkən snayper atəşi ilə qətlə yetirildi. Üstündən 60 il keçib, Con Kennedinin ölümünə böyük qüvvələrin qərar verdiyi müzakirələri bugünər qədər tükənmək bilmir. İndi İbrahim Rəisinin həlak olması ətrafında illər boyu müzakirələr səngimək bilməyəcək".

"Bu qədər texnoloji geriliyə malik bir dövlət uzun müddət mövcudluğunu qoruya bilməz"

Politoloq Xaqani Cəfərli isə bu qənaətdədir ki, Rəisinin ölümü rejimin dərhal çökməsinə gətirib çıxarmayacaq, ancaq rejim qan itirməkdə davam edir və bu, onun ömrünü qısaldır: "Rəisi öncə Tehranın, daha sonra İranın baş prokuroru olarkən rejimə müxalif çoxlu sayda insan barəsində edam hökmü verib və icra olunmasını təmin edib. "Tehran qəssabı" ləqəbini də buna görə qazanıb. İndi Rəsinin ölümünü "İlahi ədalət"in təntənəsi hesab edənlər Tehranda atəşfəşanlıq edirlər. Son illər İran küçələrində etirazların "Rəisiyə ölüm", "Xameneiyə ölüm", "Diktatora ölüm" şüarı ilə keçirildiyini nəzərə alanda, Rəsinin ölüm xəbərinin atəşfəşanlıqla qarşılaması təəccüblü görünməməlidir. Atəşfəşanlıq edənlər lənətlərinin qəbul olunduğuna inanırlar. Rəisinin ölümü rejimin dərhal çökməsinə gətirib çıxarmayacaq, ancaq rejim qan itirməkdə davam edir və bu, onun ömrünü qısaldır".

Poliqoloq əlavə edib ki, prezidentinin müasir avionikası olmayan 1989-cu il istehsallı helikopterdə uçması, qəzaya uğrayan helikopterin yerinin yalnız Türkiyənin göndərdiyi "Akınçı" pilotsuz uçuş aparatının vasitəsilə müəyyən edilməsi İranın texnoloji cəhətdən nə qədər geri qaldığını göstərir: "Bu qədər texnoloji geriliyə malik bir dövlət uzun müddət mövcudluğunu qoruya bilməz".

"Əgər hadisənin hər hansı bir xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən törədilmiş təxribat nəticəsində baş verdiyi məlum olarsa, o zaman bu, regionda çox böyük gərginliyə yol aça bilər"

Siyasi şərhçi Fuad Qəhrəmanlı isə hesab edir ki, bu hadisə hələlik qəza hesab olunsa da, olayın təfərrüatları hərtərəfli araşdırmadan sonra bəlli olacaq: "Ancaq bu nəticələrin ictimaiyyətə açıqlanıb-açqlanmayacağını bəri başdan dəqiq demək mümkün deyil. Əgər hadisənin hər hansı bir xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən törədilmiş təxribat nəticəsində baş verdiyi məlum olarsa, o zaman bu, regionda çox böyük gərginliyə yol aça bilər. Bu halda İran dövlətinin üzərinə qisas, cavab addımı atmaq öhdəliyi düşmüş olacaq. Ancaq regionda İran ətrafındakı həlqənin getdikcə daraldığı və müharibə təhlükəsinin olduğu bir şəraitdə, təxribat faktını ictimailəşdirmək rejimin manevr imkanlarını məhdudlaşdıra bilər. Ona görə də belə bir təxribat faktı aşkarlanmış olsa da, istintaqının nəticələrini siyasi filtrdən keçrildikdən sonra elan ediləcəyini ehtimal etmək olar".

Fuad Qəhrəmanlının sözlərinə görə, əgər ehtimal olunan təxribatın qaynağı İran daxilində olarsa, o zaman bu, rejim daxilində ciddi hesablaşmalara və ixtilaflara da yol aça bilər: "Bu ana qədər cavabsız suallardan biri də prezidenti müşaiyət edən iki helikopterlə bağlıdır. Onların taleyi ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Ancaq necə olub ki, bu iki helikopter Rəisinin olduğu helikopterin qəzaya uğramasını görə bilməyib, əgər eyni xətt boyu uçuş həyata keçrilibsə, necə olur ki, qəzaya məhz prezidentin helikopteri uğrayıb? Rəisinin helikopteri qəzaya uğradığı an digər iki helikopterlə rabitə əlaqəsinin kəsildiyi yer və ana görə vaxt itirmədən qəza yerini də dərhal müəyyən etmək mümkün olmalı idi. Ancaq qəzanın yeri 10 saat gecikmədən sonra Türkiyədən göndərilən gecə görüş radarına malik insansız hava aparatı ilə müəyyən edilib. Hələlik isə 50 gün ərzində yeni seçkilər keçrilməlidir. Ötən il Məhsa Əmininin öldürülməsinə qarşı rejimin böyük qəddarlıqla həyata keçirdiyi repressiyalar nəticəsində ölkə miqyasında kütləvi xalq etirazlarını yatırmaq mümkün olmuşdu. O zaman minə yaxın etirazçı öldürülmüş, 30 min nəfər isə həbs olunmuşdu. İndi rejimlə xalq arasında susqun gərginliyin olduğu bir şəraitdə növbədənkənar seçkilər yenidən bu etirazları tətikləyib aktivləşdirməyəcək? Bu sualın da cavabını qarşıdakı günlərdə görəcəyik".

"Fikrimcə, 85 yaşlı ali lider Əli Xamenei prezident kürsüsünə kimi otuzduracaqsa, ehtimal ki, varisi də həmən şəxs olacaq"

Siyasi şərhçi Zeynal Əmrəliyev isə bildirib ki, İranın ali dini lideri artıq yaşlanıb və Rəisi çox rahatlıqla onun yerində oturacaqdı: "İbrahim Rəisi sıradan bir şəxs deyildi. İnqilabdan sonra İran baş prokuroru işləyib, bütün şah tərəfdarlarını, rejimə müxalifləri məhv etdi. Elə buna görə Qərb meriyası onu "Ayətullah Qətliam" adlandırırdı. Uzun illərdir şiəliyin 2 ən böyük mədrəsəsindən biri olan İmam Rza məqbərəsinə rəhbərlik edirdi. Bu milyardlara nəzərət və dini elita daxilində xüsusi hörmət sahibi olmaq deməkdir. Rəisi özü də İmam Rzanın soyundan gəlir. Əli Xamenei artıq yaşlanıb və Rəisi çox rahatlıqla onun yerində oturacaqdı. Bu isə SEPAH-a sərf etmirdi".

Rəisinin güclü imkanları olan müstəqil biri olduğunu vurğulayan siyasi şərhçinin fikrincə, SEPAH isə Xameneinin yerinə öz adamlarını gətirmək istəyirdi: "Bu Qasim Süleymani idi. Mən həm Qasim Süleymaninin, həm də İbrahim Rəisinin daxili oyunların qurbanı olduğunu düşünürəm. Ölkədə faktiki olaraq mollalar və ordu arasında ali rəhbərlik üçün mübarizə gedir. Son söz isə Xameneinindir. Fikrimcə, 85 yaşlı ali lider prezident kürsüsünə kimi otuzduracaqsa, ehtimal ki, varisi də həmən şəxs olacaq".

Vazeh BƏHRAMOĞLU