İbrahim Tatlıses köhnə filmlərinin yayımını dayandırmaq istəyir
Türkiyəli məşhur müğənni İbrahim Tatlıses illər əvvəl çəkildiyi filmlərin icazəsi olmadan rəqəmsal platformalarda yayımlanmasına etiraz edib. Sənətçi bu səbəbdən filmlərin istehsalı ilə məşğul olan şirkətlərə qarşı məhkəməyə müraciət edib.
Hurriyyet.net xəbər verir ki, jurnalist Armağan Yılmazın məlumatına görə, Tatlıses İstanbul Əqli və Sənaye Mülkiyyəti Hüquqları üzrə Məhkəməyə iddia ərizəsi təqdim edib. Məhkəmə müraciəti qəbul edib, iş üzrə dinləmənin yaxın günlərdə keçirilməsi gözlənilir.
İbrahim Tatlıses iddia ərizəsində sənətçilərə qanunla verilən hüquqların 2001-ci ildə tanındığını xatırladıb. O bildirib ki, filmlərinin çəkildiyi dövrdə bu hüquqlar hələ mövcud olmayıb.
Sənətçinin mövqeyinə görə, həmin vaxt hüquqi baxımdan yaranmamış bir hüququn istehsal şirkətlərinə və ya üçüncü şəxslərə ötürülməsi mümkün deyil. Tatlıses imzaladığı müqavilələrin də belə bir hüquq transferi anlamına gəlmədiyini müdafiə edib.
İddia ərizəsində kinoteatr nümayişi üçün çəkilmiş filmlərin bu gün onun razılığı olmadan rəqəmsal platformalarda yayımlanmasının qanunsuz olduğu da vurğulanıb.
Müğənni məhkəmədən istehsal şirkətlərinin qanunsuz hərəkət etdiyinin və filmlərin həqiqi hüquq sahibinin müəyyənləşdirilməsini istəyib. Tatlıses, həmçinin icazəsiz yayımların dayandırılmasını tələb edib. O, filmlərin yayımından əldə edilən gəlirlə bağlı 10 min Türkiyə lirəsi məbləğində də iddia qaldırıb.
“İmperator” ləqəbi ilə tanınan İbrahim Tatlıses musiqi karyerası ilə yanaşı, aktyor kimi də böyük populyarlıq qazanıb. O, 1980-ci illərdə baş rollarda çəkildiyi çoxsaylı filmlərlə Yeşilçamın arabesk kino dövrünün tanınmış simalarından birinə çevrilib. Həmin ekran əsərləri bu gün də televiziya kanallarında və rəqəmsal platformalarda nümayiş etdirilir.
Qeyd edək ki, son dövrlərdə Türkiyədə tanınmış sənətçilərin rəqəmsal müəllif hüquqları ilə bağlı məhkəmə çəkişmələri də gündəmə gəlib. Ajda Pekkan 373 mahnısının rəqəmsal platformalarda icazəsiz istifadəsinə qarşı qaldırdığı iddianı qazanıb. Kadir İnanır isə bu ilin əvvəlində üç filminin icazəsiz yayımlanmasına qarşı məhkəmədən yayımın dayandırılması barədə qərar əldə edib.