“İdarə rəisi bizi günlərcə gözlədir, fəaliyyəti yoxlanılsın” - Bələdiyyə sədrləri narazıdır
“Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 11 saylı Şəmkir ərazi idarəsinin rəisi Əlağa Paşayev bizə ciddi maneələr yaradır, xidmət haqlarını qanunsuz olaraq qabaqcadan tələb edir, sənəd qəbulu və portal üzərindən rəy alınması üçün əsas olan sənədləşmə prosesini aylarla gecikdirir”.
Bu iddialarla “Qafqazinfo”ya Şəmkir rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri müraciət ünvanlayıb.
İdarə rəisindən narazılıq edən şikayətçilərin sözlərinə görə, o, həm bələdiyyələrin, həm də adi vətəndaşların fəaliyyətinə süni maneələr yaradır: “11 saylı Şəmkir ərazi idarəsinin rəhbərliyi tərəfindən köhnə xəritələrə istinad edərək vətəndaşların torpaq sənədləşməsinə əsassız imtinalar verilir, dövlət fərmanları və Nazirlər Kabinetinin qərarlarına məhəl qoyulmur. Bundan əlavə, idarə rəisinin qəbuluna düşmək üçün günlərcə gözləyirik, amma Əlağa müəllim bizi qəbul etmir”.
Şikayətçilər bu cür halların vətəndaşlar arasında narazılıq yaratdığını qeyd edirlər: “Dürüstləşməyə sənədləri göndərməmək, müraciətlərə baxılmaması və yaxud aylarla çəkməsi, sənədləşmə işlərinin düzgün aparılmaması, sənəd qəbulu zamanı 5 gün tələb edilən sənədlərin aylarla çəkməsi ciddi problemdir. Sənəd hazır olduqda da 5 günlüyün rüsumu alınır. Biz tələb edirik ki, Şəmkirdə kütləvi narazılıq yaradan bu hallar araşdırılsın və Əlağa Paşayevin fəaliyyəti yoxlanılsın”.
Problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy hazırlanması müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.
Müraciətlərə baxılmanın daha səmərəli, effektiv və şəffaf həyata keçirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilən xidmətlər elektronlaşdırılmaqla torpaq sahələrinin ayrılmasına dair rəylər elektron sənəd formasında müvafiq bələdiyyələrin şəxsi kabinetinə yerləşdirilir. Bələdiyyələrə və vətəndaşlara çıxarışların verilməsi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma və texniki sənədlərin tərtibi kimi işlər “bir pəncərə” prinsipi ilə həll olunur. Bu qaydalar əsasında Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələrin müraciətlərinə qanunamüvafiq qaydada baxılıb və sənədləşmə işləri aparılıb”.