“İdeal həyat”ın arxasında gizlənən gerçək – İnsanlar buna görə bədbəxt olur?
Son vaxtlar gündəlik həyatda insanların demək olar ki, hər şeydən narazı olduğunu görürük. Bahalaşma, nəqliyyat, iş, münasibətlər və hətta sosial media belə şikayət mövzusuna çevrilib.
Bəs bu narazılığın səbəbi nədir? İnsanlar həqiqətən daha çox problem yaşayır, yoxsa şikayət etmək artıq gündəlik davranışa çevrilib?
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu hal xüsusilə böyük şəhərlərdə və paytaxtda daha qabarıq şəkildə müşahidə olunur: “Bilirsiniz, bu daha çox şəhər həyatında, yəni mərkəzi şəhərlərdə, xüsusilə də paytaxtda özünü göstərir. Şəhər insan baxımından çox yüklənir, bölgələrdən, əyalətlərdən paytaxta çox sayda insan gəlir və əmək bazarında sıxlıq yaranır. Şübhəsiz ki, paytaxtda tıxaclar, nəqliyyat çətinlikləri var və bunlar insanlara təsir göstərir.
Bundan başqa, şəhərlərdə səs-küy və informasiya çirkliliyi də mövcuddur. Bu amillər insanların psixoloji durumuna və əhval-ruhiyyəsinə təsir edən faktorlardandır. Əlbəttə ki, səbəblər çoxdur.
Xüsusilə sosial şəbəkələrdə parlaq həyat tərzi təqdim edən insanlar var. Əslində isə həmin həyatın görünməyən tərəfində kifayət qədər çətinliklər və problemlər olur. Lakin onlar sosial şəbəkələrdə yalnız ideal həyatlarını nümayiş etdirirlər və insanlarda yanlış təsəvvür yaradırlar”.
Sosioloq qeyd edib ki, bu, bir növ perfeksionizm yanaşmasıdır:
“Sanki həyatda hər şey mükəmməldir, amma arxada olan problemlər təqdim edilmir. Sadəlövh izləyici də həmin şəxsin ideal həyat yaşadığını düşünür, onu təqlid etməyə çalışır və nəticədə reallıqla qarşılaşdıqda xəyal qırıqlığı yaşayır. Çünki gerçəklik tamam başqadır.
Sosial şəbəkələrdə qəzəb, nifrət və kin üzərindən qurulan məzmunlar da kifayət qədər yayılıb. Bu da cəmiyyətdəki ümumi psixoloji mühitə təsir edən amillərdəndir.
Mən bununla bağlı “Toksik cəmiyyət: paxıllıq, kin, küdrət” adlı yazı hazırlamışam. Orada psixoloji nəzəriyyələr əsasında cəmiyyətdəki bu toksik mühiti təsvir etmiş, onun səbəblərini araşdırmış və çıxış yolları ilə bağlı tövsiyələr vermişəm”.