📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İdmançılarımızın Tokiodakı uğursuzluqlarının səbəbləri…

2021-08-10 11:02:00

İdmançılarımızın Tokiodakı uğursuzluqlarının səbəbləri…

Bu, Azərbaycan üçün öz ərazi bütövlüyünü təmin edəndən sonra qatıldığı ilk Olimpiada idi, amma…

XXXII Yay Olimpiya oyunları sona çatdı. Qorxduğumuz baş verdi: Azərbaycan Tokioda uğursuz çıxış etdi və 1996-cı ildən bəri ilk dəfədir Olimpiya yığmamız qızıl medal qazana bilmədi.

Yaponiyada komandamız 7 mükafat - 3 gümüş və 4 bürünc əldə etdi. Gümüş medallar karateçilər Rafael Ağayev və İrina Zaretskayanın, həmçinin sərbəst güləşçi Hacı Əliyevin aktivindədir. Bürünc medalları dzüdoçu İrina Kindzerskaya, boksçu Alfonsa Dominges, klassik güləşçi Rafiq Hüseynov və sərbəst güləşçi Mariya Stadnik qazandı. Yəni, 7 mükafatdan 4-ü naturallaşmış idmançıların hesabındadır. İndi isə mükafatçıların yaşına diqqət edək. Rafael - 36 yaş, Rafiq - 33, Hacı - 30. Bəs hanı gənclər? Hanı müvafiq olaraq 19, 20 və 22 yaşlarında Olimpiadanın qızıl mükafatını əldə etmiş Toğrul Əsgərov, Elnur Məmmədli, Fərid Mansurov?  Son illər ərzində real ümidlər bəsləyə biləcəyimiz gənclər niyə yetişməyib?

36 yaşlı Rafael Ağayev bürünc medalla kifayətlənməli oldu

Medal hesabına qayıdaq. Rio-de-Janeyro Olimpiadasında Azərbaycan nə az-nə çox, 18 mükafat qazanmışdı: 1 qızıl, 7 gümüş və 10 bürünc. London-2012-də 9 medal (2-2-5), Pekin-2008-də  - 6 (1-1-4), Afina-2004-də - 5 (1-0-4), Sidney-2000-də - 3 (2-0-1), Atlanta-1996-da - 1 (0-1-0).

Tokioda isə rəqəmlər bu cürdür: 0-3-4. Müqayisə üçün Gürcüstan yığmasının nəticələrinə baxaq. Qonşularımız 8 mükafat qazandı - 2 qızıl, 5 gümüş və 1 bürünc. Dalbadal ikinci Olimpiadadır ki, maliyyə imkanlarına görə neft Bakısına yetərincə uduzan Gürcüstan komanda hesabında Azərbaycanı üstələyir. Əgər Rio-de-Janeyroda Gürcüstan bizim 1 qızıl medalımızın qarşılığında 2 qızıl qazansa da, ümumi mükafat hesabında bizdən geri qalmışdısa, Tokioda layiqincə və güclü çıxış edərək Azərbaycanı medalların sayına görə ötdü. Postosovet məkanında Azərbaycanı Rusiya, Ukrayna, Belarus, Estoniya və Litva da üstələdi.

 

Tokiodakı uğursuzluqların səbəbi nədədir?

 

Azərbaycan üçün əsas Olimpiya idman növü həmişə güləş olub. Bütün medallarımızın 50 faizdən çoxu güləş xalçası üzərində qazanılıb. Və necə oldu ki, Azərbaycan güləşi Tokio Olimpiadasına dərin böhran vəziyyətində yollandı. Əvvəldən fərz etmək olardı ki, “xəstə” Azərbaycan güləşini Tokioda, yumşaq desək, uğursuzluq gözləyir. Heyf ki, gözləntilər özünü doğrultdu.

İrina Zaretskaya uduzulmuş finaldan sonra məyusdur

Tokioya lisenziyanı yalnız 7 güləşçimiz ala bildi. Bu, Rio-de-Janeyro Olimpiadası ilə müqayisədə 2 dəfə azdır. Bu vəsiqələrin necə çətinliklə qazanıldığını bilərək onların 7-sinin də fəxri kürsüyə yüksələcəyini fərz etmək sadəlövhlük olardı.  Hələ mayda, yekun lisenziya turnirinin nəticələri məlum olanda biz ehtimal irəli sürmüşdük ki, güləşçilərimiz Olimpiadada ən yaxşı halda 2-3 medal əldə edə biləcək. Elə də oldu: üç mükafat, ancaq qızılsız.

Qızıl qazanmaq üçün ciddi şansa yalnız Hacı Əliyev malik idi, ancaq ona da püşkatma zamanı bəxtə ümid etmək qalırdı. Düzdür, üçqat dünya və Avropa çempionumuzun püşkatmada bəxti gətirdi.  Arzuolunmaz rəqiblərin demək olar hamısı turnir torunun digər tərəfində qaldı. Finala yol açıldı. Həlledici döyüşdə Əliyevin rəqibi yenilməsi tamamilə mümkün yapon Takuto Otoquro oldu. Təəssüf, təcrübəli idmançımız iki səhv buraxaraq 22 yaşlı yaponun qızılı onun əlindən almasına imkan verdi.

Növbəti dəfə baş məşqçi Namiq Abdullayevin səhv addımlarını etiraf etməliyik. Hesab yaponun xeyrinə 4:2 olanda və Əliyevin tarazlığı bərpa etmək üçün hələ vaxtı qalanda Abdullayev “çellenc” - mübahisəli epizodun hakimlər tərəfindən videobaxışını istədi. Videoyazı Otoquronun 2 xalı düzgün qazandığını təsdiqlədi (bunu finaldan da Hacı da təsdiqlədi). “Çellenc”in əsassız istifadəsi bizə daha bir xala başa gəldi və fərq artdı - 2:5. Yekun hesab - yaponun xeyrinə 5:4.

Namiq Abdullayev artıq vərdişə çevrilən və güləşçilərimizin işini çətinləşdirməyə başlayan bu cür yanlışlıqlara tez-tez yol verir. Sərbəst güləş üzrə məşqçi qərargahı və Hacımurad Hacıyevin aldığı xəsarətlə bağlı da suallar var. Hacıyev 74 kq. çəki dərəcəsində medal qazanmağa namizədlərdən biriydi, ancaq Olimpiada ərəfəsində travma aldı. İdmançı Olimpiya oyunları kimi vacib startdan əvvəl xəsarət alanda həmişə hazırlıq prosesinin yarıtmaz təşkili ilə bağlı fikirlər yaranır. Əgər Olimpiadada medal qazanmağa iddialı güləşçi son anda travma alırsa və heyəti tərk edirsə, hazırlıq prosesi nə dərəcədə düzgün olub? Hacıyevi gənc Turan Bayramov əvəzlədi, ancaq o, çətin ki mükafata iddia edə bilərdi.

 

Namiq Abdullayev Hacı Əliyevin oyununu sındırdı...

Sərbəst güləşdə yeganə medal yenə təsdiqlədi ki, Federasiya baş məşqçi seçimində səhv edib. Federasiyanın rəhbərliyi Olimpiya seçimi dövründə məşqçilik sahəsində ciddi uğurları olan əməkdar mütəxəssisləri kənarlaşdıraraq seçimini tanınmış idmançının, ancaq təcrübəsiz məşqçinin üzərində saxladı. Və bu özünü həm lisenziya yarışları zamanı, həm də Olimpiadanın gedişatında göstərdi.

Aydındır ki, güləşçilər həmişə medallar uğrunda mübarizədə bizim əsas ümid yerimiz olub və dəfələrlə Azərbaycanın üzünü ağardıb. Ancaq Tokio uğursuzluğunda yalnız güləşçiləri qınamaq böyük ədalətsizlik olardı.

Dzüdo və taekvondo federasiyalarına da çoxlu suallar toplanıb. Azərbaycanın dzüdo üzrə kişilərdən ibarət yığma komandası Olimpiadaya ilk dəfəydi tam heyətdə yollanırdı, ancaq bir medal da qazana bilmədi. Dzüdoçular fərdi yarışların sonuncu günündə Azərbaycan dzüdosunun nüfuzunu biabırçılıqdan xilas etmiş İrina Kindzerskayaya minnətdar olmalıdırlar. Dzüdo Federasiyasının vitse-prezidenti Sadıx Sadıxov Bakıya dönəndən sonra başda ukraynalı Ruslan Maşurenko olmaqla kişilərdən ibarət komandanın bütün məşqçi qərargahını istefaya yolladı. Bəs Azərbaycanda çalışana qədər heç vaxt ciddi məşqçi fəaliyyəti olmayan Maşurenkonu kim təyin etmişdi? Azərbaycan dzüdo Federasiyası bu gün üçün bəlkə də maliyyə cəhətdən ən təminatlı idman təşkilatıdır. Məşqçi qərargahına və dzüdoçulara uğurlu çıxışlar üçün bütün imkanlar yaradılıb - kişi dzüdosunda sıfır medal!

 

Aksioma bunu deyir: istedadlı idmançı hələ yaxşı məşqçi demək deyil

Taekvondoda da mükafatsızıq. Hər şey ondan başladı ki, Azərbaycan idmanı tarixində ilk dəfəydi fəaliyyətdə olan Olimpiya çempionu sonrakı Oyunlara vəsiqə ala bilmədi. Bizdə bu cür heç vaxt olmamışdı. Söhbət Rio-de-Janeyroda qızıl qazanan, ancaq Tokioya vəsiqə qazana bilməyən Radik İsayevdən gedir.

Boksda bir ədəd bürünc medalımız var, onu da naturallaşmış kubalı Alfonso Dominges qazanıb. Rio-2016-da gümüşə sahib olan, ancaq ondan sonra peşəkar idmandan çox instaqramla əylənərək ümumin seyrinə kefli həyatının çıxaran Lorentso Sotomayorun çıxışı isə büsbütün peşmançılıq yaratdı. Bəzi legionerlərin uğursuzluğu tamam başqa mövzudur. Təəssüf ki, bizim federasiyalar boşluğu doldurmaq üçün əcnəbiləri cəlb etmək ənənəsindən əl çəkmirlər. Əgər o əcnəbilər üzgüçülükdə sonuncu yeri tuturlarsa, nəyimizə lazımdırlar?  Yüksək nəticəyə hədəflənmədən, sadəcə bu və ya digər idman növündə təmsil olunmaq xatirinə legionerləri dəvət etmək ümumiyyətlə lazımmı?

 

Yeri gəlmişkən, ictimaiyyətdə də beynəlxalq yarışlarda iştiraka münasibət dəyişilir. İctimai simulyasiyanın, enerjinin müəyyən mənada sosial mümkün məqsədlərə nail olmağa istiqamətləndirilməsi dövrü bitib. Bu, Azərbaycan üçün öz ərazi bütövlüyünü təmin edəndən sonra qatıldığı ilk Olimpiada idi. 2020-ci ildə dövlətin və xalqın bütün gücü, bütün diqqəti siyasi qələbəyə, işğal olunmuş torpaqların azad edilməsinə, münaqişədən sonra Ermənistanla sərhəddə baş verən toqquşmalara yönəlmişdi. Hələ uzun illər bizim əsas qələbəmiz Qarabağdakı qələbə olacaq!

Dzüdoçular da uğur qazana bilmədilər

Heç bir Olimpiya medalı, güləş xalçası üzərində erməni idmançı üzərində qələbə (Rafiq Hüseynov bürüncü məhz erməniyə qalib gəlməklə qazandı) ictimai qavramada Azərbaycan ordusunun hərbi qələbəsi ilə müqayisədə milli uğur səviyyəsində qəbul oluna bilməzdi.

Və, əlbəttə, pandemiyanın da ziyanlı rolu var. 2020-ci ildə Azərbaycan da daxil olmaqla bütün dünya gücünü COVID-19-la mübarizəyə yönəltdi. Məhdudiyyətlər idmançılara da sirayət etdi. Olimpiadanın vaxtı dəyişdirildi Yaşı 30-u ötən idmançı üçün 1 il böyük müddətdir. Bu müddət ərzində Rafael Ağayev, Hacı Əliyev, Mariya Stadnik, Rafiq Hüseynov heç də daha güclü olmadılar. Bəlkə də bizim idmançılarımıza həlledici qarşılaşmalarda məhz bu “bir il yaşlanmaq” mane oldu, hər halda düşünməyə dəyər: 7 medalçımızdan 6-sı həlledici görüşlərdə özlərindən yaşca aşağı olan rəqiblərə uduzdular!

Lorenso rinqdən İnstagram-a keçir

Üç finaldan heç olmasa birində hakim sarıdan bəxtimiz gətirsəydi, Olimpiada ilə başqa ovqatla vidalaşardıq. Ancaq bir dəqiq zərbə və ya hesaba alınan sıçrayış bizi problemlərdən yayındırmamalıdır. Hətta qızıl medal qazansaydıq belə, idmançılarımızın Tokiodakı çıxışı düşünmək üçün qida verir.  Həyatımızın əksər sahələrində islahatların dərinləşdiyi bir vaxtda Azərbaycan idmanı yerində sayır və hələ də keçmiş uğurları ilə yaşayır.

Böyük qələbə Tokionu kölgədə qoyur

Çevrilib Avropa oyunları-2015-dəki uğurlu çıxışlara, Riodakı 18 medala və xüsusilə də İslamiada-2017-dəki zəfərə boylanmaq lazım deyil. Keçmiş uğurlar - fotoalbomdakı xoş şəkillərdir. Tokio isə əyani şəkildə idmanımızın bu gününü göstərdi.  Ciddi nəticələr çıxarmaq, yanaşmaları dəyişmək, bütün gücü uşaq və gənclər idmanına yönəltmək, böyük idmanın dirçəlişi və inkişafı barədə düşünmək gərəkdir.  Əks halda karate yarışlarının olmayacağı, xalçaya Hacı Əliyevin və Mariya Stadnikin çıxmayacağı Paris-2024-də bizi daha böyük məyusluqlar gözləyəcək…

Elmir Əliyev