📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi - Bomba həyəcanına görə

2026-11-07 11:04:41

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi - Bomba həyəcanına görə

Bolqarıstanda göyərtəsində partlayıcı qurğu olması barədə məlumat daxil olan iki sərnişin təyyarəsi hərbi qırıcıların müşayiəti ilə Sofiya hava limanına eniş edib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyinə istinadən NOVA telekanalı məlumat yayıb.

Bildirilib ki, Bolqarıstan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcıları bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilən təyyarələri ölkənin hava məkanında müşayiət edib. “Qraf İqnatyevo” aviabazasından havaya qalxan qırıcıların ekipajları hava məkanına nəzarət və onun mühafizəsi ilə bağlı bütün prosedurları uğurla yerinə yetiriblər.

Məlumata görə, sərnişin təyyarələri London və Brüsseldən uçuş həyata keçirirmiş. Hər iki təyyarə Sofiyadakı Vasil Levski adına hava limanına endikdən sonra sərhəd polisi tərəfindən yoxlanılıb. Aparılan yoxlamalar nəticəsində şübhəli əşya və ya partlayıcı qurğu aşkarlanmayıb.

Qeyd edək ki, təyyarələrin müşayiəti NATO-nun hava məkanının mühafizəsi üzrə “Air Policing” missiyası çərçivəsində həyata keçirilib.