📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev 3 sərəncam imzaladı

2021-09-30 15:28:00

İlham Əliyev 3 sərəncam imzaladı

Prezident İlham Əliyev "Kürdəmir rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (26 km)–Qarasaqqal–Cəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (26 km)–Qarasaqqal–Cəyli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

***

Prezident İlham Əliyev "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilmişdir. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaratmışdır.

Təcrübə göstərir ki, təhsilin keyfiyyətinin yüksəlməsi Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaratmışdır. Xüsusilə gənclərin xarici təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə vermişdir.

Postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması davamlı olmalıdır".

Nazirlər Kabineti gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamının 1-ci hissəsində “Rüfət Məmmədov” sözləri “Rövşən Nəcəf” sözləri ilə, “Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin və həmin hissədən “Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, Azərbaycan Respublikası maliyyə nazirinin müavini” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.