İmişli Mərkəzi Xəstəxanasının yeni baş həkimi haqda şok faktlar
“Azər Kazımov özünə “əlahəzrət kabineti” düzəltdirib, otağı qarşısında 4 cangüdən durur ki, qəbuluna heç kim gələ bilməsin”
Azərbaycan Demokrat Partiyasının (ADP) İmişli RT-nin sədri, keçmiş siyasi məhbus Məhbub Zülfüqarlı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu dərc edirik:
“Cənab prezident!
Ölkəmizdə məmur-oliqarxların ədalətsizliyi, zülmü, korrupsiya girdabında at oynatması sadə insanları hakimiyyətdən narazı salır. Təsadüfi deyil ki, son zamanlar bəzi insanlarımız SSRİ-nin həsrətini çəkməyə başlayıb.
Ümumiyyətlə, ölkəmizdə ləyaqətli məmur, nazir çox azdır.
Baş nazir Əli Əsədova göndərdiyim müraciətin təqdirəlayiq hal kimi Tibbi Sığorta rəisi Zaur Əliyevə göndərilməsi, oradan köməkçinin mənə telefon açması kədərimi azaltdı. Amma bunu ƏƏSMN rəhbərinə, səhiyyəni bərbad günə salan nazirə aid etmək xalqa hörmətsizlik olar. T.Musayev əvvəlki nazirin atasına rəhmət oxutdurur. O, İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə diş həkimi, rayonda mənfi imicli, həm də Hərbi Prokurorun müavini general Rasim Kazımovun qardaşı Azər Kazımovu təyin edib. Əvvəlki baş həkimlər fərqlənmə diplomlu, elmlər namizədləri olublar. Azər Kazımov isə özünü “general qardaşı”, “əlahəzrət” kimi aparır, tabeliyində olanların, tibb bacılarının kabinetlərinə, eləcə də doğum evinin otaqlarına video-kamera yerləşdirib.
Diş həkimi Azər Kazımov özünə “əlahəzrət kabineti” düzəltdirib, otağı qarşısında 4 cangüdən durur ki, “qəbuluna heç kim gələ bilməsin”.
ƏƏSMN rəhbəri Sahil Babayev parlamentdə fəxrlə deyəndə ki, “500 milyon manat büdcəyə pul qaytarmışıq”, bu, deputatlar tərəfindən kəskin reaksiyaya səbəb oldu. Nazir çox yarımcan insanların çörəyini kəsdi ki, indi də xalq tərəfindən ağır ittihamla qarşılaşıb. O isə ittihamları Prezident kimi sizə yönləndirməklə məşğuldur. “Ac qılınca çapar” deyib atalar. Odur ki, məmurlar vətəndaş üsyanlarını gizli şəkildə yetişdirirlər...”.
Hazırladı: KƏNAN