📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İmişlidə “5-ci kolon”un ən “parlaq” simaları

2022-01-25 11:07:00

İmişlidə “5-ci kolon”un ən “parlaq” simaları

“Onların fəaliyyəti prezidentin vətəndaşlar içərisində nüfuzunun zədələnməsinə xidmət edir”

““5-ci kolon”un üzləri İmişlidə meydan sulayır. Torpaqları da, örüş sahələrini də onlar özəlləşdirib”.

Bu haqda ADP İmişli RT-nin sədri Məhbub Zülfüqarlı “Hürriyyət”ə müraciətində yazır.

Hərbi prokurorun müavini, general Rasim Kazımovun doğma qardaşı Azər Kazımovun İmişli rayon Mərkəzi Xəstəxanasına baş direktor təyin edildiyini xatırladan şikayətçi qeyd edir: “Ondan əvvəlki baş direktor Eynulla Qasımov idarəetməni bilən, bacarıqlı rəhbər idi. Bir həftədir ki, dünyasını dəyişib. Onunla Azər Kazımovu qarışıq salanlar bu millətin, bu xalqın gələcək taleyində mənfi imicli qalan şəxslər olacaq.

Yazmadığımız rəsmi qurum qalmayıb ki, diş həkimi Azər Kazımov budkadan, laryokdan başqa, bir dəfə olsun məmur səlahiyyətini icra etməyib. Belə bir təyinatın verilməsi gülünc doğurur və prezidentin kadr siyasətinə kölgə salır. Hesab edirik ki, diş həkiminin baş direktor təyinatı ölkə səhiyyəsinin yarıtmaz fəaliyyətinin nəticəsidir.

Ölkədə “5-ci kolon”un at oynatması, ikihakimiyyətlilik yaratmasının ən böyük dayaqlarından biri də İmişli rayonundadır. Hansı ki, onların fəaliyyəti prezidentin vətəndaşlar içərisində nüfuzunun zədələnməsinə xidmət edir.

Azər Kazımovun özbaşınalıqlarından rəsmilərə şikayətimizin nəticəsi bu oldu ki, 20 ildir Mərkəzi Xəstəxanada baş mühasib işləyən Gündüz Həsənovu vəzifədən azad etdi ki, “dayıların məndən “Hürriyyət”də yazı verib”. Bu kimi əməlləri nəticəsində özünü general qardaşına bənzədən Azər Kazımovdan şikayətlərin ardı-arası kəsilmir. “TƏBİB” –dən narazılıq onsuz da ölkədə böyükdür, bu təyinat da sözügedən qurumun minusuna yazılmalıdır”.

M.Zülfüqarlı onu da yazır ki, İmişlidə “5-ci kolon”un ən böyük nümayəndəsi “Messenat-Holdinq” prezidenti Tofiq İsayevdir: “Tofiq İsayevin arxası Ramiz Mehdiyevdir. O da general Rasim Kazımovun qohumudur. Rayonun böyük ərazilərini özəlləşdirib. Hətta Heydər Əliyevin adına olan parkın özəlləşdirilməsini, buranın şadlıq sarayı, restoran, çayxana kimi fəaliyyət göstərməsini KİV-lər çox yazıb.

İmişlidə “5-ci kolon”un digər nümayəndəsi - hazırda həbsdə olan general Rövşən Əkbərovun bacısı oğlu Elnur Əliyevdir. Onun strateji dövlət obyekti olan “Azərişığ”a rəis təyinatı da təsadüfi deyil. Onun dayısı Əkbərov imişlilərin vaxtilə Ukraynada ən böyük dəstəkçilərindən olan iş adamı Elçin Əliyevi qətlə yetirib.

“5-ci kolon”un daha bir üzvü, əslən İmişlidən olan “tikinti kralı” Yasəf Hüseynovdur. O, imişlilərin 200 hektarlarla örüş sahələrini özəlləşdirib, böyük mağaza, bazar tikdirib ki, oradan da milyonlar götürür. Deyilənə görə, Putinin ətrafı ilə yaxın münasibəti var.

Əvvəllər yazırdıq ki, məmurlar ölkədə vətəndaşları, sakinləri qiyama hazırlayır. Qazaxıstan hadisələri göstərdi ki, məmurların etinasızlığı inqilabla nəticələndi. Əlbəttə, biz demokratlar istənilən inqilabın əlehinəyik. Ona görə də, cənab prezidentdən xahiş edirik ki, onun humanizmindən sui-istifadə edən məmurlar ciddi cəzalarını alsınlar”.

Hazırladı: KƏNAN