İmişlidə də prokurorluğun yaradılmasının 108 illiyi keçirildi - Fotolar
Oktyabrın 1-də İmişli rayonunda Azərbaycan prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub.
Hurriyyet.net xəbər verir ki, bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon prokuroru Valeh Səmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə dəyirmi masa formatında davam etdirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan İcra başçısı Azərbaycan prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşmasını Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü islahatların nəticəsi kimi dəyərləndirib. Qeyd edib ki, Ümummilli Liderin inkişaf konsepsiyasını uğurla reallaşdıran dövlət başçısının hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunmasına yönələn siyasəti öz böyük bəhrəsini verib. Eyni zamanda, kadr korpusunun şəffaf prosedurlar əsasında yeniləndiyini vurğulayan İcra başçısı prokurorluq əməkdaşlarının qanunun aliliyinin təmin edilməsində əzmlə çalışdıqlarını diqqətə çatdırıb. O, prokurorluğun fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsində institusional imkanların gücləndirilməsi və müasir texnologiyalardan istifadənin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra çıxış edən rayon prokuroru Valeh Səmədov Baş Prokurorluğun kollegiyası adından bütün əməkdaşları və veteranları təbrik edib. O, qurumun milli maraqlara xidmət edən müasir təsisat kimi formalaşmasının məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasəti və qayğısı sayəsində mümkün olduğunu bildirib.
Digər çıxış edənlər də prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və gələcək işlərində yeni nailiyyətlər arzulayıblar.
Tədbirin yekununda bir qrup prokurorluq əməkdaşı İmişli Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif edilib, daha sonra tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.










