“İndi təfəkkür müharibəsi gedir” - Ayaz Salayev Moskvada ermənilərlə görüşdən danışdı
Fərhad Bədəlbəyli: “Erməni cəmiyyəti Qarabağ məsələsinin bitdiyini artıq başa düşməlidir”; müxalif partiyadan görüşə reaksiya...
Azərbaycan və Ermənistandan bir qrup ziyalı Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşüb. “Yeni Müsavat” xatırladır ki, görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Hovhannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına teatrın direktoru Marianna Mxitaryan və rejissoru Harutyun Xaçatryan təmsil ediblər.
Görünən budur ki, rəsmi diplomatiya ilə yanaşı xalq diplomatiyasına da start verilib. O deməkdir ki, iki ölkə arasında sülh sənədinin imzalanması üçün ciddi işlər görülür. Bundan əvvəl də Tiflisdə və başqa paytaxtlarda erməni və azərbaycanlı ziyalılar, vətəndaş cəmiyyəti üzvlərinin fəalları arasında görüşlər keçirilib. Lakin o zaman torpaqlar işğal altında idi və Azərbaycan cəmiyyəti bu görüşləri heç də xoş qarşılamırdı. Hazırda reallıq dəyişib, düşmənə hərb meydanında “divan tutmuşuq”, erməni əsirlər əlimizdədir, regionda nəqliyyat dəhlizləri açılmalıdır və xalqların birgə yanaşı yaşayışı haqda müxtəlif variantlar təklif olunmaqdadır.
Görüşdə iştirak etmiş kinorejissor Ayaz Salayev “Yeni Müsavat”a bildirdi ki, belə görüşlər lazımdır. Onun fikrincə, bu, ilk tanışlıq görüşü idi: “Bundan sonra görüşlərdə o şəkildə iştirak edərəm ki, ideoloji cəhətdən də qələbə çala bilək. Çünki onların özlərini və Cənubi Qafqazı geriyə çəkən geydirmə ”Böyük Ermənistan" iddiasını başlarından çıxarmaq lazımdır. Bu sərsəm fikir də əvvəldən yaranmayıb. Onların 16-17-ci əsr yazıçılarını, tarixçilərini oxumuşam, “Böyük Ermənistan” ideyasından orada əsər-əlamət yox idi, sonradan yarandı. İndi müharibə qurtarıb, amma təfəkkür müharibəsi gedir, bu da bitməlidir".

Ayaz Salayev
A.Salayevin sözlərinə görə, görüşdə iştirak edən ermənilərdən birini şəxsən tanıyırdı: “2013-cü ildə onunla İsveçrədə ”Lokorna" festivalında görüşmüşəm. Onda tamam başqa adam idi, özündənrazı, bizə yuxarıdan aşağı baxan... İndi fərqli idi. Hiss olunurdu ki, dəyişiblər. Bu da haqq-ədalət mübarizəsinin nəticəsidir. Yalnız onu deyə bilərəm - bir addım da hansısa çıxış olmadı ki, sonra şəhid analarının gözlərinə baxa bilməyək".
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, buna qədər də müəyyən görüşlər olub: “Amma effekt vermədi, çünki torpaqlarımız işğalda idi. Hazırda yeni konfiqurasiya yaranıb, Ordumuz böyük ölçüdə torpaqları azad edib və indi Azərbaycan sülhdən danışan tərəfə çevrilib. Çünki masada vəziyyət dəyişib, Xankəndində yaşayan ermənilərin bizə inteqrasiyası gündəmə gətlib və bu baxımdan xalq diplomatiyası daha məntiqli görünür”.

Natiq Cəfərli
N.Cəfərli hesab edir ki, xalqların birgə yaşaması konsepsiyasını günişləndirməyə ehtiyac var: “Biz qonşu kimi yaşamağa məcburuq. Nə biz, nə ermənilər bu bölgədən köçəndir. Ona görə birgəyaşayışla bağlı variantlar tapılmalıdır, bundan sonra da QHT rəhbərləri, siyasi təşkilatların sədrləri, mədəniyyət nümayəndələrinin timsalında da görüşlər keçirilə bilər”.
Görüşdə olmuş Bərhad Fədəlbəyli isə “BBC News Azərbaycanca”ya deyib ki, işğal dövründə tamam başqa rolda çıxış edirdik: “İndi biz yerlərimizi dəyişdirmişdik. İndi qalıb bizik. Buna görə, əlbəttə, söhbətin tonu tamam başqa idi”.

Fərhad Bədəlbəyli
F.Bədəlbəylinin sözlərinə görə, belə görüşlər gələcəkdə olacaq: “Əlbəttə, biz istəməzdik ki, müharibə yenə başlasın. Biz istərdik, bizim əsas problem budur ki, o cəmiyyət Qarabağ məsələsinin bitdiyini artıq başa düşsün. Artıq inteqrasiya məsələsi olmalıdır. Əsas məsələ budur. Oturub fikirləşməlidirlər ki, bu insanları (Qarabağ ermənilərini) bəlaya salıblar, 1988-ci ilə qədər gül kimi yaşayırdılar da. Universitet erməni dilində, teatr erməni dilində, musiqi kollec erməni dilində, dükanların adlarının hamısı erməni dilində idi. Onlar çox yaxşı yaşayırdılar. Bu millətçilər onları yoldan çıxardılar, belə vəziyyətə saldılar. Bunu artıq başa düşməlidirlər. 2022-ci ildə bəlkə yeni adamlar gəlsinlər, yavaş-yavaş bu təmasları bərpa edək. Açıq deyək, Azərbaycanda da bunu birmənalı qarşılamayacaqlar. Nəzərə almaq lazımdır, biz çox şəhid vermişik. Şəhid anaları, qazilər... Birdən-birə deyək ki, biz indi dost olacağıq, bu, qeyri-mümkündür. Amma gələcəkdə normal tərəfdaş ola bilərik”.
Görüşdə iştirak edən erməni nümayəndə heyətinin üzvü Marianna Mxitaryan isə deyib ki, Ermənistan və Azərbaycanın mədəniyyət xadimlərinin Moskvada görüşü humanitar xarakter daşıyıb, siyasi mövzulara toxunulmayıb.
Erməni tərəfi bir neçə dəfə vurğulayıb ki, dialoq yalnız erməni əsirlərin qaytarılmasından sonra başlaya bilər: “Azərbaycanlı nümayəndələr bizə dedilər ki, sizin oğlanlarınız mütləq qayıdacaqlar. Onlar minalanmış sahələrlə bağlı suallarının olduğunu bildirdilər. Cavab verdim ki, bizim münasibətlərimizdə, obrazlı desək, minalanmış sahələr çoxdur. Və ilk növbədə bu problemləri həll etmək lazımdır”.
“Yeni Müsavat”