📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İngilis nazirin Bakı səfərinin pərdəarxası – "NG"nın sensasion iddiası

2026-10-02 17:51:19

İngilis nazirin Bakı səfərinin pərdəarxası –

Böyük Britaniyanın dövlət naziri Lord Vernon Coakerin Azərbaycan və Mərkəzi Asiyaya səfəri Londonun regionda artan marağını bir daha gündəmə gətirib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Kremlə yaxın "Nezavisimaya qazeta" yazıb.

Rusiya nəşrinin təhlilinə görə, Britaniyanın region siyasətində təhlükəsizlik, hərbi hazırlıq, müdafiə texnologiyaları, enerji, logistika və kritik minerallar xüsusi yer tutur.

Yada salıaq ki, Coaker sentyabrın 28-dən oktyabrın 1-dək Düşənbə, Bişkek və Bakıda bir sıra görüşlər keçirib. Səfərin Bakı mərhələsi isə xüsusilə diqqət çəkib. Britaniyalı nazir Prezident İlham Əliyev tərəfindən qəbul edilib, daha sonra ADEX-2026 müdafiə sərgisində iştirak edib.

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

“Nezavisimaya qazeta”(NG) yazır ki, Bakıda əsas diqqət iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib. İlham Əliyevlə görüşdə müasir silah və hərbi avadanlıqların tədarükü, eləcə də Azərbaycanda birgə müəssisələrin yaradılması imkanları müzakirə olunub. Bu məqam xüsusilə diqqət çəkir. Çünki Britaniya şirkətləri ADEX-2026-da geniş şəkildə təmsil olunub. Britaniya səfirliyinin məlumatına görə, sərgidə 18 britaniyalı şirkət iştirak edir. Bununla yanaşı, Coaker Azərbaycan müdafiə naziri Zakir Həsənovla da görüşərək hərbi və hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib. Hazırda konkret silah müqavilələrinin imzalanması barədə məlumat açıqlanmayıb. Lakin Londonda Azərbaycanla müdafiə əməkdaşlığının genişləndirilməsi istiqamətində siyasi qərarın artıq formalaşdığı görünür.

“NG” hesab edir ki, indiki səfəri yalnız Bakı ilə London arasında ikitərəfli münasibətlər kontekstində qiymətləndirmək düzgün olmaz. Çünki Coakerin marşrutu daha geniş bir strategiyanı göstərir. Britaniya Mərkəzi Asiyadan Cənubi Qafqaza qədər təhlükəsizlik və iqtisadi əlaqələrini paralel şəkildə inkişaf etdirir. Düşənbədə əsas mövzular terrorizm, ekstremizm, narkotik qaçaqmalçılığı, kibercinayətkarlıq və transmilli cinayətkarlıq olub. Bişkekdə isə enerji, logistika, kritik minerallar, Əfqanıstan və sanksiyalardan yayınmanın qarşısının alınması məsələləri müzakirə edilib. Bu mənada Londonun yanaşması yalnız hərbi sahə ilə məhdudlaşmır. Britaniya eyni zamanda region ölkələrinin enerji və nəqliyyat imkanlarına, kritik mineral resurslarına və logistika marşrutlarına maraq göstərir.

Coakerin əvvəlki səfərləri də bu siyasətin sistemli xarakter daşıdığını göstərir. O, 2025-ci ildə Özbəkistan və Qazaxıstanda hərbi təhsil, sülhməramlı hazırlıq və hərbçilər arasında mübadilə məsələlərini müzakirə edib. Qazaxıstanla bağlı Britaniya tərəfi müdafiə əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Britaniya hökumətinin məlumatına görə, 2025-ci ilin oktyabrında London Azərbaycan və Ermənistanla bağlı silah embarqosunu aradan qaldırıb və Bakı ilə yeni müdafiə əməkdaşlığı proqramı razılaşdırıb. Coakerin Bakıdakı indiki görüşləri həmin xəttin davamı kimi qiymətləndirilə bilər.

Burada Azərbaycanın mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Bakı son illərdə müdafiə sənayesinin inkişaf etdirilməsi, yeni texnologiyaların əldə olunması və müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi istiqamətində siyasət yürüdür. ADEX kimi sərgilər də bu əməkdaşlıq üçün mühüm platformaya çevrilib. 

Kremlə yaxın nəşrin təhlilini ümumiləşdirsək, əsas nəticə budur ki, Britaniya regionda əlaqələrini təkcə siyasi bəyanatlarla deyil, konkret hərbi təhsil proqramları, müdafiə texnologiyaları, investisiyalar, logistika və təhlükəsizlik layihələri üzərindən möhkəmləndirməyə çalışır. Bakı isə bu prosesdə mühüm halqadır. Azərbaycanın coğrafi mövqeyi, inkişaf edən müdafiə sənayesi, enerji və nəqliyyat imkanları Britaniyanın regiona dair maraqları ilə üst-üstə düşən istiqamətlər yaradır.Bu baxımdan Coakerin Bakı səfərinin əsas mesajlarından biri də budur: London Cənubi Qafqazda, o cümlədən Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsində daha fəal tərəfdaşlıq imkanlarını araşdırır. Konkret müqavilələrin olub-olmayacağı isə növbəti mərhələdə bəlli olacaq.