İngiltərəni sarsıdan casus qalmaqalı! Kod adı C2 - Kral Çarlzla da görüşübmüş
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, bütün İngiltərə MI6 (Xarici Kəşfiyyat Xidməti) xidmətinə sızmış casusdan danışır. C2 kod adlı casusun gizli xidmətlə yanaşı nazirliklərdə də mühüm vəzifələrdə işlədiyi iddia edilir.
Rusiya Ukraynaya təcavüz etdikdən sonra London və Moskvanın mövqeləri tez-tez toqquşmağa başladı. İngilislər yardım tankları ilə yanaşı, Ukraynaya "Storm Şadov" hücum raketləri də göndərib. Bu raketlər sonuncu dəfə Fedodosiya limanında Rusiya hərbi gəmisini havaya uçurmuşdu.
Hücumun üzərindən həftələr keçəndən sonra, London MI6 xidmətində casus qalmaqalı ilə sarsıldı. İddiaya görə o, hətta Kral Çarlz ilə də görüşüb. Onun vəzifəsi ilə əlaqədar nazirlərin əksəriyyəti və keçmiş baş nazirlə də əlaqə saxladığı aşkara çıxıb. Əfqanıstandan İngiltərəyə qaçqın kimi gələn şəxsin sığınacaq icazəsi aldıqdan sonra Rusiya üçün casusluq etdiyi qeyd edilir.
“Tayms” qəzetinin yazdığına görə, “C2” kod adlı casus Britaniya dövlətini kiberhücum və təhdidlərdən qorumaq üçün hökumət tərəfindən təyin edilmiş təhlükəsizlik və kəşfiyyat orqanı olan GCHQ (Hökumət əlaqələri mərkəzi) idarəsində çalışıb. Onun həm Rusiya, həm də Böyük Britaniya vətəndaşı olduğu müəyyən edilib.
ÖLKƏYƏ NECƏ DAXİL OLUB?
C2 kod adlı casus 2000-ci ildə Böyük Britaniyaya daxil olub və altı il Rusiyada yaşamasına baxmayaraq, "Taliban"dan qaçdığını və birbaşa Əfqanıstandan gəldiyini iddia edərək sığınacaq alıb. GCHQ, MI6, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışdığını iddia edən C2, öz ifadəsində “tam məxfi” sənədlərə də çıxış əldə elədiyini və onları Rusiyaya göndərməyə nail olduğunu söyləyib.
“Tayms” təhlükəsizlik orqanlarının yüksək vəzifəli əməkdaşlarının son illərdə hökumətə Rusiya casusları barəsində dəfələrlə xəbərdarlıq elədiklərini xatırladaraq, bu vəziyyəti “Britaniya üçün utandırıcı" adlandırıb.
1994-cü ildə Əfqanıstanda hökumət süqut etdikdən sonra C2 Rusiyaya keçmək üçün insan qaçaqmalçılarına pul ödəyib. Rusiyada rus dili və ədəbiyyatı təhsili alan C2 daha sonra rus qadınla ailə həyatı qurub. Eyni üsulla 2000-ci ildə Böyük Britaniyaya gələn C2 birbaşa Əfqanıstandan gəldiyini iddia edərək, səlahiyyətlilərə sığınacaq üçün müraciət edib. Çərşənbə günü baş tutan məhkəmə prosesində C2 yalan danışdığını etiraf edib və deportasiya olunacağından qorxaraq Rusiyada yaşadığını gizlətdiyini bildirib.
YENİDƏN ƏFQANISTANA KÖÇÜB
2000-ci illərin sonlarına doğru C2 Xarici İşlər Nazirliyindən aldığı tapşırıqla yenidən Əfqanıstana gedib. Bu dövrdə C2 keçmiş baş nazirlər Qordon Braun və Devid Kameron da daxil olmaqla, yüksək səviyyəli siyasətçilərlə görüşüb. C2 bu dövrdə çoxsaylı sui-qəsdlərdən xilas olduğunu da iddia edir.
RUSİYA İLƏ YAXIN ƏLAQƏ
C2 agenti olduğu müddətdə 6 dəfə Rusiyaya gedib. Bu proses zamanı C2 Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və NATO ilə bağlı kritik məlumatları Moskvaya təqdim edib. Üstəlik, bu həftə keçirilən məhkəmədə C2 ittihamları rədd edərək, ona qarşı irəli sürülən ittihamların “çox şişirdildiyini” bildirib.
Hürr Tərcüman