İnkişaf etməkdə olan ölkələrin ƏN BÖYÜK PROBLEMLƏRİ...
Nazim Cəfərsoy: "Yanlış yerə böyük pullar xərclənir, nəticəsi də həmin sektor pis vəziyyətdə qalmağa davam edir"
"İnkişaf etməkdə olan ölkələrin ən böyük problemi dövlət strukturlarının, cəmiyyətin, ictimai strukturlarının və fərdlərinin səmərəli fəaliyyət göstərməməsidir. Baxırsan enerji, pul, zaman faydasız və əsasən də bilmədikləri şeyləri həyata keçirməyə xərclənir. Baxırsan dövlət qurumudur, harda lazımsız adam var beynəlxalq konfrans və ya idman tədbiri adıyla ölkəyə dəvət edirlər". Hurriyyet.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy qeyd edib.
Politoloq hesab edir ki, yanlış yerə böyük pullar xərclənir, nəticəsi də həmin sektor pis vəziyyətdə qalmağa davam edir: "Ölkədə bu işə can qoyanlara isə "pul yoxdur" deyirlər, ya da qul kimi istismar edirlər! 5 müəllimin və ya işçinin illik maaşını bir nəfərin "YouTube"da tapacağımız 15-20 dəqiqəlik çıxış və fikirlərinə verən tədris müəssisələri və dövlət qurumları bununla ölkədə nəyisə düzəltmək mümkün olmayacağını anlamalıdırlar. Baxırsan adam universitetdə bakalavr dərsinə düz əməlli gəlmir, normal dərsi güclə 50 faiz mənimsəyir, ancaq oturub hardasa düz əməlli adı olmayan bəzi Azərbaycan universitetləri üçün magistraturaya hazırlaşır. Ümumiyyətlə, ölkədə çox mənasız bir magistratura oxumaq trendi yaranıb. Nə işə yarayır bilən də yoxdur. Baxırsan ölkədə hərə bir təşkilat qurub, Türkiyədə və dünyada adi populyar olan kim varsa ölkəyə dəvət edir".
Nazim Cəfərsoyun fikrincə, bu, yaxşı biznesdir, amma bizim cəmiyyətin problemlərini həll etməyə heç bir köməyi yoxdur.: "20 dil danışıb, 10 süper universitet də oxusanız, bu təfəkkürlə inkişaf edə bilməzsiniz!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az