📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İnsanlar 3-cü dozanı vurdurmaq istəmir, ona görə ölüm sayları artır” - infeksionist

2021-11-03 09:48:00

“İnsanlar 3-cü dozanı vurdurmaq istəmir, ona görə ölüm sayları artır” - infeksionist

Son günlər qəfil ürək tutmalarının səbəbi COVİD ola bilərmi?

Dünyada və ölkəmizdə koronavirusa yoluxma sayının azalmaması bir sıra sualların yaranmasına səbəb olub. Niyə peyvənd olunanların  sayı çoxaldıqca, yoluxma və ölüm halları kəskin azalmır? Statistik göstəricilərə nəzər salsaq görərik ki, demək olar, hər gün COVİD-dən ölüm sayı 20-29 arasında dəyişir.

Yaxın ölkələrdə isə vəziyyət daha da pisləşib. Məsələn, Türkiyədə son sutka ərzində virusa yoluxan 217 nəfər həyatını itirib. Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib ki, son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 356 643 nəfərdən test götürülüb, onların 28 678-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 29 296 nəfəri sağalıb. Rusiyada isə koronavirus infeksiyası ilə bağlı vəziyyət lap pisləşib. Ölkədə həftə ərzində COVİD-19-a gündəlik yoluxma sayı 40 mini, virusdan ölüm  hallarının sayı isə 1100-ü ötüb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkədə koronavirusla bağlı mürəkkəb vəziyyət yaranıb: “Gündə 40 min nəfərdən çox insan koronavirusa yoluxur. Heç vaxt belə olmamışdı”, - deyə o bildirib. Yada salaq ki, artıq yoluxmalar səbəbindən Rusiyada sərt qapanmalara başlanılıb.

Bu arada, peyvənd olunanların sayında azalma müşahidə edilməkdədir, insanlar 3-cü dozanı vurdurmağa maraqlı deyillərmi?  Daha bir narahatlıq doğuran məqam isə son günlər ətrafda qəfil ürək tutmasından  vəfat edənlərin artmasıdır. Vəfat  edənlərin yaxınları bildirirlər ki, bu şəxslər aylar öncə koronaya yoluxub, ağır keçiriblər. Post-COVİD dövründə belə ölümlər ola bilərmi? Ürək tutması post-COVİD sindromu sayıla bilərmi?

Mövzu ilə bağlı tanınmış ekspertlər “Yeni Müsavat”a fikirlərini açıqlayıblar. 

Delta" ştammı peyvənd olunan insanlara da keçir" iddiası

Mərdan Əliyev 

İnfeksionist-hepatoloq Mərdan Əliyev son epidemioloji vəziyyətlə bağlı narahatlığını ifadə edib: “Yoluxma sayı zəif tempdə də olsa da, artmağa doğru davam edir. İnsanlar üçüncü dozanı vurdurmaqda elə də maraqlı deyillər. Çünki birinci, ikinci dozanı vurdurub artıq arxayınlaşıblar. Tək bizdə deyil, bütün dünyada, o cümlədən Türkiyədə də vəziyyət belədir. Peyvəndin vurulma tempində azalma qeydə alınır. İnsanların peyvəndə qarşı marağı azalıb və peyvənd olunanların sayı da azalır. Bunun səbəbi müəyyən insanların arxayınlaşması ilə əlaqədardır. Çünki artıq virus təqribən iki ildir var, artıq insanlar buna öyrəşiblər. İnsanların əksəriyyəti hesab edir ki, birinci, ikinci dozanı vurdurublar, xəstəliyi keçiriblər, üçüncü dozanın tətbiqini vacib saymırlar. Yəni artıq bəziləri birinci, ikinci dozanı vurdurub, bununla kifayətləniblər. Son günlər peyvəndləmənin azalmasına səbəb də budur”.

İnfeksionist ürək tutmalarının COVİD-lə əlaqədar olub-olmaması məsələsinə də münasibət bildirib: “Ürək tutmalarını qətiyyən COVİD-lə əlaqələndirmək mümkün deyil. Hazırda bu, tam olaraq araşdırılmayıb, elmi əsası yoxdur. Çünki  müəyyən bir mexanizm olmalıdır ki, bunu izah edək. Post-COVİD dövründə belə bir halın baş verməsi nəzəri cəhətdən o zaman mümkün ola bilər ki, xəstəliyi ağır keçirənlərdə ağır pnevmoniya, hipoksiya olub. Hipoksiya olanda orqanizmdə bütün orqan və sistemlərin pozulması baş verir. Asidoz, böyrək, qaraciyər problemləri baş verir. Ürəklə bağlı müəyyən problemlər ola bilər. Bu, bəlkə də post-COVİD dövründə  digər orqanlarla yanaşı, ürək problemi də ola bilər. Amma dediyim kimi,  bunu ürəklə əlaqələndirmək mümkün deyil. Hər hansı bir mexanizm yoxdur ki, o mexanizm üzərindən deyək ki, COVİD ürəyə təsir göstərə bilir. Hazirda bunu izah etmək üçün əlimizdə tibbi, elmi əsas yoxdur”.

Oxu.az - İnfeksionist: “Dördüncü dalğa ehtimalı çox yüksəkdir” – FOTO

Nicat Əzimli

Həkim-infeksionist Nicat Əzimli də mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Üçüncü dozanın elmi adı buster dozadır. Gücləndirici doza sayılır. Bu termini işlətsək, daha doğru olar. Məqsəd burada odur ki, tam vaksinasiya olunmuş, yəni hər iki doza vaksin almış şəxs üç və altı ay sonra vaksin növündən asılı olaraq onun bədənindəki həmin o spesifik immunitet zəifləməyə başlayır. Zəifləmiş immuniteti gücləndirməyə ehtiyac yarandığı üçün, optimizasiya etməyə ehtiyac yarandığı üçün yenidən bir doza vaksin alınmasına həmin şəxslər çağırılır. Buster doza çox önəmlidir. Çünki Azərbaycanda 50 faizdən çox insan vaksinasiya olunub, yəni statistika üzrə bu göstərilir. Lakin həmin o 50 faizdən çox əhali qrupunun böyük bir hissəsi var ki, onların iki doza vaksin olunmalarına baxmayaraq, bu vaksinasiyanın üzərindən altı aydan çox vaxt keçib. Həmin şəxslər özlərini vaksin olunmuş hesab edirlər. Lakin bədənlərindəki immunitet zəifləyir. Onların gücləndirici dozanı almağa ehtiyacı var və mütləq şəkildə bunda iştirak etməlidirlər”.

N.Əzimli ürək tutmaları ilə bağlı sualı da cavablandırıb: “Post-COVİD dönəmində qəfləti ölümlər, tromboemboliyalar baş verə bilər. Bu da xəstəliyin ağırlığından asılı olaraq ehtimal daha da artır. Təbii ki, əgər xəstəlik simptomatik keçməyibsə də, bu baş verə bilər. Amma ehtimal daha aşağıdır. Hər iki halda mən məsləhət görürəm ki, xəstəliyi keçirmiş şəxslər xəstəlik bitəndən bir müddət sonra bir ”Cek up" müayinədən  keçsinlər. Əsas da bu istiqamətdə müayinələrdən keçsinlər. Kardioloji, ürək-damar sistemi ilə bağlı olan problemlərin öncədən bilinməsi bu istiqamətdə müəyyən tədbirlər görülməsinə şərait yarada bilər".

Gülnarə Musabəyova: COVID-19-la əlaqədar gərginliyi azalmayan, daim stres  keçirənlər mütəxəssisə müraciət etməlidirlər - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Gülnarə Musabəyova

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova isə bildirib ki, son günlər koronavirusa yoluxma hallarının artması ilə insanlarda fizioloji təsirlərlə yanaşı, psixoloji təsirlər də artıb: “Virusun yayılmasını azaltmaq üçün tövsiyə olunan yollar gündəlik həyatımızı dəyişdi. Müvəqqəti də olsa bir çox müəssisələr və məktəblər bağlandı, idman tədbirləri təxirə salındı, kinoteatrlar və teatrlar bağlandı. Elə vəziyyət yaranmışdı ki, məcburiyyət olmasa çölə çıxa bilmirdik. COVİD-19 infeksiyasınin psixoloji təsiri insanlarda iki cür yanaşma yaratdı: bir qrup insanlar bunu həddindən artıq təhlükəli qəbul edərək qorxu keçirir, digər qrup insanlar isə COVİD-19-u inkar edərək bunun adi ”soyuqdəymə" olduğunu zənn edir. Qeyd edək ki, ikinci qrup insanların yanaşması daha təhlükəlidir, çünki onlar özlərini qorumur və epidemiyanın yayılmasını sürətləndirirlər. COVİD-19 epidemiyası zamanı əvvəldə qeyd etdiyim səbəblərdən yaranan narahatlıq və stress, epidemiyadan əvvəlki dövrdə psixi sağlamlıq problemləri olan insanlarda bu problemləri daha da gücləndirə, sağlam fərdlərdə psixoloji problemlərin yaranmasına zəmin yarada bilər. Depressiya, panik pozuntu, obsessiv-kompulsiv pozuntu  olunmuş təşviş pozuntusu, adaptasiya pozuntusu kimi problemlər ən çox rastlaşdığımız problemlərdir.

Əvvəllər psixoloji xəstəlik diaqnozu qoyulmuş və ona qarşı dərman qəbul edən şəxslərdə bu müddət ərzində dərmanlar fasiləsiz istifadə edilməlidir. Digər şəxslər isə yaranan psixoloji narahatlığın qarşısını almaq üçün tədbirlər görərkən ciddi problemlər yaşamağa başlayarsa, peşəkar mütəxəssisə müraciət etməlidirlər".