İNSANLARDA ÖZGÜVƏN ƏSKİKLİYİ - Və yaxud qocalmaq istəməyən cavanlıq…
“İstər cavan, istər də yaşlı insanların hər biri uzunömürlü olmaq, çox yaşamaq istəyir. Heç kəs qocalmaq istəmir. Gənclik dövründə insana elə gəlir ki, qocalığa hələ çox var. Yaşlılıq dönəmində isə, bu, keçən illərə heyfsilənmə kimi özünü göstərir. Yəqin elə buna görə də, gənclər gələcəklərindən, yaşlılar isə keçmişlərindən danışmağı sevirlər”.
Bu barədə psixoloq Nərmin Kərimbəyli “Hüriyyət” qazetinin əməkdaşı ilə söhbətində bildirib.
Psixoloq hesab edir ki, elm, qidalanma və yaşayış səviyyəsinin inkişafı insan ömrünün əvvəlki illərdə yaşayanlara nisbətən daha uzun olmasına səbəb olmuşdur:
“Xüsusilə 50-80 yaşında hələ də xalqına faydalı və əlverışli olan bir çox insanlara yaşlı, qoca demək çox çətin, həm də ədalətsizlik olar. Birren (1982) yaşlılığı bioloji, sosial, psixoloji cəhətləri olan bir hadisə kimi qiymətləndirir. Qocalıqda ortaya çıxan müxtəlif fiziki dəyişikliklər və sağlamlıq problemləri ilə birlikdə təqaüdə çıxmaq, dul qalmaq, yaxın insanların itkisi, maddi çətinliklər, ailə həyatı qurmamaq və s. kimi sıxıntılar da bu dövrün çətinlikləri arasındadır.
Uyğunlaşma (adaptasiya) insanın öz ehtiyacları ilə ətraf mühitin ondan gözlədikləri arasında yaranan asılılıq kimi qiymətləndirilir. Bəzi 60-85 arası insanlar nə özlərindən, nə də ətraf mühitdən razı qalırlar. Bu mənada yaşlıların problemlərinin çox və çətin olduğunu deyə bilərik. Yaşlı insan sağlamlığından, ətrafdakılardan tez-tez şikayət edir. Ətraf mühit də onu “tənbəl”, “deyingən”, “məsuliyyətsiz”, “tez-tez ağlayan”, “yazıq” rolu oynayan insan kimi qiymətləndirir. Burada müəyyən həqiqətlər vardır. Yaşlı insanın stresslərlə mübarizədə apardığı reaksiyalar sabit və kəskin hal almışdır. Bu insanlar güclü stresslər qarşısında dözümsüzlüyə görə, hadisələrdə rast gəldiyi bütün mənfi hallara sanki böyüdücü vasitəsilə, yəni öz prizmalarından baxırlar. Yaşlı insanın özünü ətraf mühitdən təcrid edərək öz daxili aləminə qapanması, hərəkətsizliyi, depressiv reaksiyaları bezmə və uzaqlaşma kimi özünü göstərə bilər. Təbii ki, bunu bütün yaşlılara şamil etmək düzgün olmazdı. Öz enerjisi, potensialı ilə gəncləri belə geridə qoyan yaşlılar hər kəsə örnək ola bilirlər.
Almaniyanın cənubunda “Mersedes-Benz” zavodunda aparılan tədqiqatlar nəticəsində müəyyən edildi ki, yaşlı insanlar gənclərə nisbətən az səhvə yol verirlər. Fiziki güc tələb etməyən işlərdə yaşca böyük olanların daha yaradıcı və məhsuldar olduqları ortaya çıxmışdır”.
Nərmin Kərimbəyli deyir ki, qocaların tez-tez keçmişlərindən söhbət açmaları onların keçmişləri ilə yaşamaq istəkləri ilə əlaqədardır: “Yaşlının qarşısına çıxan çoxlu və çətin maneələr onları əsasən fizioloji ehtiyaclarını icra etməkdə çətin vəziyyətdə qoyur. Beləliklə, əvvəlki illərdə olduğu kimi, ehtiyaclarını ödəmək üçün onlar maneələr qarşısında yeni əlaqələndirici reaksiyalar verməlidirlər. Təbii ki, o zaman da qarşılarına müxtəlif yeni maneələr çıxır. Əvvəlcədən qeyd edildiyi kimi, vücuddaki itkilər, sağlamlıqla bağlı müxtəlif problemlər insanın özünü “qiymətsiz” görməsinə gətirib çıxarır. Təqaüdə çıxarkən işsiz və hüquqsuz qalmaq da onlarda “işə yaramama” hisslərinin inkişaf etməsinə səbəb olur. Məlumdur ki, yaşlılar bir çox şəxsi problemlərini həll etməkdə qətiyyətsiz olurlar. Bu vəziyyət sağlamlıq problemlərindən, maddi çətinliklərdən, problemi həll edə biləcəklərinə inamsızlıqdan irəli gəlir.
Qocaların gəlirləri az olduğundan pul xərcləmə onların gözündə böyüyə bilər. Bu mənada övladlarının cüzi köməyi onlara böyük mənəvi dayaq kimi görünür.
Yaşlıları yaşadan onların cəmiyyətdə, öz ailələrində faydalılığıdır. Təqaüdə çıxan hər kəs başqa bir işlə özünü ovundurmursa, onu ölüm təhlükəsi öz ağuşuna alır. Ona görə “iş insanın cövhəridir” kəlamı hamı üçün örnək olmalı, əmək qabiliyyətli yaşlılar işdən uzaqlaşdırılmamalıdır. Yaşlı insanların sosial həyatla əlaqələrinin itirməmələri üçün müxtəlif dərnəklərin qurulması, tədbirlərin keçirilməsi də vacib amillərdən biridir. Yaxşı olardı ki, yaşlılar bu dövrü edə bilmədikləri işlər üçün bir fürsət kimi qiymətləndirsinlər, hobbiləri ilə məşğul olsunlar”.
Psixoloqun sözlərinə görə, özgüvən əksikliyinin ən çox görülən 7 əlaməti bunlardır:
1. Davamlı üzr istəmək: Şübhə yoxdur ki, səhvlərə görə üzr istəmək lazımdır, lakin özgüvəni aşağı olan insanlar günahı olmayanda belə bunu edirlər. Bu, özünə şübhədən qaynaqlanır. Bəzən günahı öz üzərinizə götürmək hətta onları daha yaxşı hiss etdirə bilər.
2. Özünü təcrid etmək: Özgüvəni aşağı olan insanlar özlərini sosial cəhətdən təcrid etməyə meyllidirlər. Çünki onlar müəyyən bir cəmiyyətə uyğun gəlmədiklərini düşünürlər. Onlar ətrafdakı hər kəsi özlərindən üstün görürlər və onlar üçün ünsiyyət qurmaq çox çətindir.
3. Köhnə vərdişlərə bağlı qalmaq: Özgüvəni aşağı olan insanlar yenilikləri və ya yeni başlanğıcları çətinliklə qəbul edirlər. Çətinliklərin üstəsindən gəlməklə yeni fürsətlər qazanacaqlarını düşünmürlər, ağıllarına gələn ilk düşüncə uğursuzluq olur. Həyatlarında hər şeyi bir qayda üzrə davam etdirərək özlərinin komfort zonalarında qalmaqla təhlükələrdən uzaq qaldıqlarını düşünürlər.
4. Başqalarından təsdiq gözləmək: Problem ondadır ki, özgüvəni aşağı olan insanlar öz mühakimələrinə etibar etmirlər. Buna görə də, onlara təsir edən qərarları qəbul etmək üçün başqalarının razılığını almağa çalışırlar. Bir şey alarkən, səyahət edərkən, məktəb seçərkən öz düşüncələrinə məhəl qoymurlar. Bu vəziyyət onların gələcəkdə narazıçılıqlarla dolu keçmişin peşmanlığını yaşamasına səbəb olur.
5. Hadisələri həddən artıq şəxsiləşdirmək: Özgüvəni aşağı olan insanlar başqa insanların onların bacarıqlarını görməzdən gəldiyini düşünürlər və adekvat tənqidləri belə aqressiv qarşılaya bilərlər. Beləliklə, onlar aqressiv və emosional olurlar. Onlar üçün hər hansısa bir tənqid şəxsiyyəti üçün təhqirdir.
6. Başqalarını günahlandırmaq: Özgüvəni aşağı olan insanlar məsuliyyətdən qaçırlar. Buna görə də günahı adətən başqalarının üstünə atırlar. Özünü müdafiə mexanizmləri güclüdür.
7. Göz kontaktından qaçırlar: Özgüvəni aşağı olan insanlar göz təması qurmaqdan narahatdırlar və danışdıqları şəxsə baxmaq əvəzinə aşağı və ya ətrafa baxmağa meyllidirlər ki, bu da onların maraqsız görünməsinə səbəb ola bilər. Əslində isə onları qorxudan qarşı tərəfin narazı üz ifadəsi və mühakimə edici baxışlarıdır.
Son olaraq deyə bilərik ki, yaşlılar və özgüvəni olmayan insanlar zəngin həyat təcrübələri, təmkinləri, dözümlülükləri ilə gənclərə örnəkdilər. Qoy, həyatın bu mərhələsi xoş təəssüratlarla dolu olsun!
Hazırladı: Jalə FAMİLQIZI