"İntihar etməsə və ya öldürülməsə Putin hökmən ədalət məhkəməsi önünə çıxarılacaq" - XAQANİ CƏFƏRLİ
"Adı "Kreml siyahısı"nda yer alanların heç biri Putinin cinayətlətini ictimaiyyət qarşısında mühakimə etməyiblər, bu hal isə onlar üzərində ədalət məhkəməsinin qurulmasını labüd edir"
"Aleksey Navalnının qətlindən sonra Vladimir Putinin adı çağdaş dövrün ən qanlı diktatorlarının siyahısında Hitlerlə Qəddafinin arasında çəkilir. Navalnının qətli Kreml sahibinin ölkə daxilində və xaricində törətdiyi cinayətlərinin sonuncusu olmayacağı üçün diktator Putinin Hitleri də ötüb keçərək çağdaş tarixin ən qanlı diktatorlarının siyahısında ilk sırada yer alacağı ehtimalı böyükdür". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, qanlı diktatorlarının siyahısında ilk və yaxud ikinci yerdə, Hitlerdən öncə və yaxud sonra olub-olmamasından asılı olmayaraq Putinin gələcək taleyi məlumdur: "İntihar etməsə və ya öldürülməsə Putin hökmən ədalət məhkəməsi önünə çıxarılacaq. Ancaq hər kəsə aydındır ki, Putinin bu cinayətləri törətməsinə imkan verən rejimi müəyyən insanların dəstəyi və iştirakı ilə yaradaraq idarə edib. Ona görə də Putinlə yanaşı, onun ətrafı da məsuliyyətdən yayına bilməyəcək. Putinin ətrafı ilə ən ciddi dəyərləndirmə ABŞ Maliyyə Nazirliyinin tərtib etdiyi “Kreml siyahısı” hesab olunur. Bu siyahıda yer alanların Putinlə bərabər məsuliyyətə cəlb ediləcəyi ehtimalı çox yüksəkdir".
Xaqani Cəfərli hesab edir ki, Putin rejiminin Ukraynada və Rusiyanın daxilində törətdiyi cinayətlərin gələcəkdə təkrarlanmaması üçün Putinin yaxın ətrafı üzərində məhkəmə prosesi hökmən keçiriləcək: "Bununla bağlı müzakirələr artıq başlayıb. Çünki adı “Kreml siyahısı”nda yer alanların heç biri Putinin cinayətlətini ictimaiyyət qarşısında mühakimə etməyiblər. Bu hal isə onlar üzərində ədalət məhkəməsinin qurulmasını labüd edir. Çox təəssüf ki, adları “Kreml siyahısında yer alan Azərbaycan əsilli şəxslər də ictimaiyyət qarşısında Putinin cinayətlərini mühakimə edərək ondan imtina etməyiblər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az