📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İntiqamın Vətən sevgisi

2023-08-15 12:38:00

İntiqamın Vətən sevgisi

O, ağır müharibə meydanında misilsiz şücaət göstərir, qan qusdurduğu dığaların sayı bilinmir

İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək öz adını Azərbaycanın  yeni, şərəfli tarixinə yazan İntiqam Yavər oğlu Abbasov Masallı rayonu, Köşəkli kəndində boya-başa çatmışdı. Vətəninə olan sonsuz sevgisi onu İkinci Qarabağ savaşı zamanı şəhidlik zirvəsinə ucaldır.  Beləcə yaşadığı həyat gələcək nəsillərə də örnək olmaqla ürəklərdə əbədiləşir. Vətəninə, millətinə baş ucalığı gətirən, mənən diri qalan şəhidimizin  əbədiyyət adlı dünyasına həm də dövlət tərəfindən layiq görüldüyü   “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”  ”Füzulinin azad olunmasına görə”  medalları əlavə olunur.

Bəli, Vətənə xüsusi xidmət göstərən, adı bütöv bir xalqın qəhrəman simvoluna dönən  İntiqam  Abbasov orta məktəbi bitirib  Qarabağa dadanan yağıdan qisas almaq məqsədilə  1996-cı ildə hərbi xidmətə yollanır. Doğma Azərbaycana əsgər olan gündən özünü qorxmaz  bir igid kimi göstərir,  vətənpərvərliyi, dosta sədaqəti  onu əsgər və zabitlərin  sevimlisinə çevirir. Xidmət müddəti başa çatana qədər Vətənini  göz bəbəyi  tək qoruyur, hər an yolunda canını, qanını  belə fəda edən qeyrətli oğullardan olur. Həmişə  ürəyində mənfur erməni dığalarına qarşı nifrət, kin bəsləyən  İntiqam  özünü hərbiyə bağlayır.  Gizirlər məktəbində oxuyub  PDM-2 komandiri ixtisasına yiyələnir.  N saylı hərbi hissədə tağım komandirinin müavini vəzifəsində  ermənilərdən alacağı qisas gününə hazırlaşır. Bir müddət keçəndən  sonra  PDM-3 komandiri  olur. 2014-cü il sentyabr ayının 27-də isə   BTR-82A komandiri vəzifəsində  çalışmaqla  hərbin sirlərini daha ətraflı öyrənir,  vacib təlimlərdə fəallığı rəhbərliyin diqqət mərkəzindən yayınmır və hər əməlində  xalq, Vətən üçün yararlı övlad olduğu bilinir.

Köksündə əsl qəhrəman ürəyi döyünən tankçı İntiqamın  yağı üstə getməyi  2016-cı il Aprel döyüşlərində başlanır. Elə bu haqq savaşımızda  düşmənlə sona qədər döyüşüb hər qarış Vətən torpaqlarının qisasını alacağına and içir.  Bu qanlı müharibədə İntiqam kimi qəhrəman oğulların misilsiz şücaəti nəticədə ordumuz qələbə qazanır. Düşmənin neçə-neçə canlı qüvvəsini, hərbi texnikasını məhv edən İntiqam  baş gizir rütbəsini alır.

Baş gizir İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşdə savaşa girir. O, ağır müharibə meydanında misilsiz şücaət göstərir. İki gündən  qan qusdurduğu dığaların sayı bilinmir.  Sentyabrın 29-da  elə Füzulidə  Vətənini canında əziz bilən  İntiqam şəhidlik məqamına yüksəlir.

Onu  da bildirim ki, qəhrəmanlığı dillərdə dastana dönən  şəhidimiz  ailəli idi. İki övladı yadigar qalıb. Qızı Xədicə və oğlu Əli.

Dahilər deyirlər ki, insan həyatının dəyəri illərlə deyil, Vətəninə, xalqına göstərdiyi təmənnasız  xidmətlə ölçülür. İntiqam Abbasovda məhz Tanrının ona bəxş etdiyi ömrünü  belə yaşadı.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü