📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İqtidarın xalqı rəiyyət sayması...

2022-02-08 11:14:00

İqtidarın xalqı rəiyyət sayması...

Və yaxud Fazil ağanın adları “Qırmızı Kitaba” salınmış quşları vəhşicəsinə ovlayan ərəbləri müdafiə etməsi...

Biz istəmirik ki, ideoloji işi bərbad günə salanlar, gözləri puldan başqa heç nəyi görməyənlər massaj salonlarının, daha dəqiq desək, leqal fahişəxanaların fəaliyyəti göstərməsinə demokratiya donu geyindirsinlər.

Adları “Qırmızı Kitaba” salınmış quşların vəhşicəsinə ovlanmasının qarşısını almaq istəyən qeyrətli insanların qəzəbli etirazlarını “absurd” adlandıran Fazil Mustafa görün nə deyir: “O quşları kim və hansı şəkildə yoxlayaraq qadağan olunmuş heyvanlar kateqoriyasına salıb?”

Ömürlük Milli Məclisin “Ev dəftərinə “(qoy bu sözü rusca deyim) “propiska” olmuş Fazil ağa (Mustafa – red.) gül dəhanını açanda heyran qalmışam, adamda da bu qədər savad olar? Bu kişinin adı da Fazildir, bununla belə Fazili–məmləkət adını da gəzdirə bilər. O müşkül iş yoxdur ki, Fazil ağa ona əlac tapmasın, o qəza, o hadisə yoxdur ki, bu həşəmətli ağa onu biz rəiyyət üçün şərh etmişin.

Puldan harınlaşmış ərəb turistlərin çıxartıqları pəstahlardan  hamı baxəbərdir. Neçə illərdir ki, bizim pulgir məmurların arsızlığından sui-istifadə edən ərəb turistlər Azərbaycanda əllərindən gələni beş qaba çəkirlər. Avropanın heç bir ölkəsində edə bilmədiyini ərəb dövlətlisi bizdə edir. Adları “Qırmızı Kitaba” salınmış quşların vəhşicəsinə ovlanmasının qarşısını almaq istəyən qeyrətli insanların qəzəbli etirazlarını “absurd” adlandıran Fazil Mustafa görün nə deyir: “O quşları kim və hansı şəkildə yoxlayaraq qadağan olunmuş heyvanlar kateqoriyasına salıb?”

Mən çox uzatmadan, ancaq onu deyə bilirəm ki, Fazil ağa, cənabınızın elementar ornitalogiyadan başı çıxmırsa, mən nə deyə bilərəm? Bu elm dəryasının başqa sentensiyasına diqqət yetirin: “Ərəblərdən vəhşi bir obraz yaradırlar. Yaxşı, o ərəb vəhşidirsə, ərəb bir din gətirib, hamınız da o dinin içindəsiniz, bəs bu necə olur? Əgər ərəb vəhşidirsə, dinindən də imtina edin!”

Fazil ağa, burada üç-dörd kəlmə ucu güləbətinli söz işlətmək istədim, amma təəssüf olsun ki, hörmətli redaktor izn vermir. Bircə onu deyə bilərəm ki, Sizin kimi zatları Milli Məclisdə oturdana qədər gərək bir-iki aylıq da olsa xüsusi kurs keçəydiniz, öyrənərdiniz ki, İslam ərəbin yox, Allahın dinidir. Peyğəmbər səlavatüllahın da bir kəlməsini sizin kimi alimnümaya deməyi lazım bilirəm: “Mən ərəbəm, amma ərəb məndən deyil!”

O ki qaldı əxlaq, qeyrət, namus məsələsinə, bu barədə bütün Yaxın Şərqdə heç kimi azərbaycanlının yanına qoymaq olmaz. Ərəb əmirləri bu torpağa hərəmxana və ən murdar göbək rəqslərindən başqa heç nə gətirməyiblər. Millətimin təkcə ornamentalistika sahəsində yaratdığı 600 çeşni tərəziyə qoyulsa, bütün ərəb sivilizasiyasından ağır gələr. Heç kim ərəb alimlərinin antik irsin öyrənilməsi sahəsində müstəsna xidmətlərini inkar eləmir. Bu başqa söhbətin mövzusudur. Biz ideoloji işin yarıtmaz günə düşdüyü, pula hər şeyi satan məmurların ağalıq etdiyi torpaqda ərəb harınlarının azğınlığından danışırıq. Fazil ağa, nə çarizm zamanında, nə də Sovet hakimiyyəti illərində xalqımızın əxlaqı indiki kimi pozulmamışdı.

Kimin ağlına gələrdi ki, Qarabağı əlindən getmiş ölkədə fahişələr küçələrə çıxıb “Mal mənimdir, kimə istəsəm verərəm!” şüarını başları üzərinə qaldıracaqlar, tanınmış “mavilərə”, elit pozğunlara, ipləmələrə fəxri adlar veriləcək, bər-bəzəkli məscidlərin göz oxşadığı ölkədə dünyanın ən mənfur sektaları at oynadacaq və heç kim buna məhəl qoymayacaq. Fazil ağa, bütün bunlar sizin mənsub olduğunuz “zümrənin” bərəkətindəndir.

Ərəb turistlərdən əldə edilən gəlirlər hesablansa məlum olacaq ki, bunun ümumi cəmi bizim üzdə olan maqnatların bəzilərinin sərvətindən qat-qat azdır. Belə ki, qazanc üçün ölkəni Ərəbistandan gələn lotuların ayaqları altında payəndaza çevirmək gərək deyil. Sarsıntılardan hələ xilas olmamış Azərbaycanı Serenqltiyə döndərmək istəyənlərə isə sözüm budur: - Namus-qeyrətiniz olsun, dünya xəritəsinə diqqət yetirin, Azərbaycanı heç bir zərrəbinlə görmək mümkün deyil. Burada axı o qədər də meşə qalmayıb ki, oraya da bizlərə yuxarıdan aşağı baxan qudurğanları buraxaq.

Ismayıllı rayonunun məşhur Topçu və Kələmərc meşələrindən, vaxtilə camaatın pir deyərək göz bəbəyi kimi qoruduğu əfsanəvi ormanlardan ancaq xatirə qalıb. Fazil ağa, bunların axırına çıxan sizin mənsub olduğunuz partiyanın üzvləridir. Məgər rüşvətxor bandanın üzvləri təkcə İsmayıllı rayonuna divan tutublar? Biz turizmin əleyhinə deyilik. Biz millətin əxlaqını Tailandın paytaxtı Bankonqun məşhur məhəllələrinin səviyyəsinə salanlara düşmənik. Biz istəmirik ki, ideoloji işi bərbad günə salanlar, gözləri puldan başqa heç nəyi görməyənlər massaj salonlarının, daha dəqiq desək, leqal fahişəxanaların fəaliyyəti göstərməsinə demokratiya donu geyindirsinlər.

Ən avam tarixçi də bilir ki, millətimizi əsrlərin keşməkeşlərindən, qanlı-qadalı qərinələrindən sağ-salamat çıxaran, əyilməyə qoymayan onun ülvi adət-ənənələri, heç bir xalqda olmayan əxlaq məcəlləsi olub. Özləri də qanmadan keşiş-mason dünyasının, bilə-bilə Moskva irticasının bütün niyyətlərini yerinə yetirən bizim dost-doğma “ziyalılar”, şərəfsiz məmurlar məhz bu dayağı baltaladılar. Fazil ağa, əcnəbi turistin qeyrətini çəkməkdənsə, gündə durub-oturduğunuz, şəxsən gözəl tanıdığınız, hətta çörək kəsdiyiniz nuvorişlərdən danışın...

Amma min il də qalsa dillənməyəcəksiniz, həmişə olduğu kimi ümumi sözlərlə, ünvansız tənqidlə vaxtınızı keçirəcəksiniz. Axı gələn dəfə də əzab-əziyyət çəkmədən Milli Məclisin rahat kreslosunda oturmaq istəyirsiniz.

Firuz HAŞIMOV