İrakli Qaribaşvili: İnanıram ki, Gürcüstan tezliklə Aİ-yə tamhüquqlu üzv olacaq
“Mən dərindən inanıram ki, bir il əvvəl dönməz olan tarixi proses tezliklə Gürcüstanın Avropa İttifaqına tamhüquqlu üzvlüyü ilə taclanacaq”, deyə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyanatında bildirib.
Onun sözlərinə görə, bütün tarixi, mədəniyyəti, dəyərləri, Qərb sivilizasiyasının üzvi hissəsi və onun böyük mədəniyyətinin həmyaradıcısı olan Avropa ölkəsi - Gürcüstan, şübhəsiz ki, indiki, genişmiqyaslı islahatları, tempi və inkişaf keyfiyyəti ilə ədalətli tanınmağa layiqdir.
“Bu gün Gürcüstanın Aİ-yə üzvlük üçün rəsmi müraciət etdiyi tarixi gündən bir il ötür.
2022-ci il martın 3-də gürcülərin bir çox nəsillərinin arzusunu, xalqımızın çoxəsrlik istəklərini təcəssüm etdirən sənədi imzalamaqdan xüsusi şərəf duydum.
Bu gün tariximizin yeni səhifəsi açıldı. Tezliklə Aİ Şurası tərəfindən Gürcüstanın Avropa perspektivinin tanınması bizi azad xalqların Avropa ailəsinə üzv olmağa daha da yaxınlaşdırdı.
Ötən ildə biz bütün tariximizi və təbii ki, hökumətimizin fəaliyyətini müəyyən edən məqsədə çatmaq üçün səylərimizi gücləndirmişik. Biz Avropanın həyat tərzinə və standartlarına, institusional mexanizmlərə və qanunvericiliyə yaxınlaşmaq, öhdəliklərimizi yerinə yetirmək üçün hər addımı atmışıq.
Bu prosesdə biz hər zaman xalqımızın dəstəyini hiss edirik ki, bu da hakimiyyətin və bütövlükdə siyasi komandamızın gündəlik fəaliyyəti üçün ən güclü stimuldur.
Biz avropalı dostlarımıza, tərəfdaş ölkələrin hökumətlərinə və bu məqsədə çatmaqda bizə dəstək olan insanlara minnətdarıq.
Aİ-nin genişlənməsi ləyaqətə əsaslanan bir prosesdir və bizə ən çox ümid verən də budur. Bütün tarixi, mədəniyyəti, dəyərləri, Qərb sivilizasiyasının üzvi hissəsi və onun böyük mədəniyyətinin həmyaradıcısı olan Avropa ölkəsi - Gürcüstan, şübhəsiz ki, indiki, genişmiqyaslı islahatları, inkişaf tempi və keyfiyyəti ilə ədalətli tanınmağa layiqdir. Mən dərindən inanıram ki, bir il əvvəl dönməz xarakter daşıyan tarixi proses tezliklə Gürcüstanın Avropa İttifaqına tamhüquqlu üzvlüyü ilə taclanacaq”, deyə Qaribaşvili bildirib.
Ülviyyə, Hurriyyet.az