İran Aşqabadda İsrail səfirliyinin açılmasından "çaş-baş" olub
Bildiyimiz kimi, Azərbaycanın İsraildə səfirliyinin açılışından sonra, İsrailin Türkmənistanın paytaxtı Aşqabad şəhərində səfirliyi açıldı. İran bu iki msələni də özünə təhdid hesab edir. Durmadan özünün "qırmızı cizgiləri"olduğunu tutuquşu tərzi ilə təkrarlayan İran Aşqabadda İsrail səfirliyinin açılmasından özünə gələ bilmir və bu məsələdən çaş-baş qalıb.
İran mediası, bu məsələnin üstündə "baş sındıraraq" “NATO-nun Turan dəhlizi planının reallaşması cəhdi: Sionistlərin Bakıda və Türkmənistanda eyni vaxtda olması nə deməkdir?” başlıqlı yazı dərc edib. Belə ki, İranın qatı anti-Azərbaycan mövqeyi ilə tanınan “Əllamə Təbatəbayi” Universitetinin analitik saytı qərəzli yazı dərc edib:
“Sionistlərin Azərbaycan və Türkmənistanda eyni vaxtda olmasını sırf İranı blokadaya almaq üçün reaksiya kimi qiymətləndirmək sadəlövhlük olardı. NATO-nun Turani dəhlizi planında ən mühüm ölkələrdən biri də Türkmənistandır. Bu ölkə üç cəhətdən əhəmiyyətlidir:
Aşqabad Çini Qərb dünyası ilə birləşdirən Asiya-Avropa beynəlxalq dəhlizinin bir hissəsidir. Ukrayna müharibəsi ilə Rusiyanın marşrutunu bağlanmasından sonra sözügedən dəhliz Çinin dünyanın qərbinə birləşməsi üçün ən yaxşı variantlardan biridir
Türkmənistanın əhəmiyyəti təkcə tranzitlə məhdudlaşmır. Türkmənistan qazı Transxəzər boru kəməri ilə Azərbaycana, oradan isə Cənubi Qafqaz Boru Kəməri (CSP) vasitəsilə Türkiyəyə, oradan da Avropaya nəql olunur. Amma diqqət çəkən maraqlı məqam odur ki, SCP boru kəmərinin gücü Türkiyə ərazisindən keçən TANAP kəmərindən azdır və türklər “saxta” Zəngəzur dəhlizi ilə TANAP kəmərinə daha bir boru xətti birləşdirməyi planlaşdırırlar.
Avropanın Türkmənistan qazına, eləcə də Cənub Qaz Dəhlizi üzərindən Xəzər dənizinin qaz ehtiyatlarına çıxışı həm də Avropanın enerji resurslarından olan asılılığını azaldacaq və Türkiyəni regionun qaz habına çevirəcək. Bu isə regionun qaz qovşağına çevrilməsini hədəfləyən İranın maraqlarına ziddir.
Türkmənistanın daha bir əhəmiyyəti “saxta” Turan birliyinə daxil olmasıdır. Bu, NATO-nun Turan dəhlizi planının bir hissəsidir ki, burada ölkələrin bir-biri ilə birləşməsi ilə üç ölkənin - İran (şimal-qərb, azərbaycanlılar və türkmənlərin yaşadığı bölgələr), Rusiya (tatar və türklərin yaşadığı bölgələr) və Çini (uyğurlar) parçalanması planı asanlaşır...
P.S. Türk faktorunun güclənməsindən təşvişə düşən İranın nəzərinə çatdıraq ki, "ölümün əcələ faydası yoxdur..."
Ülviyyə, Hurriyyet.az