📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İran bütün gücü ilə təxribatçı addımlar atmaqla regiona daxil olmağa çalışır" - SAMİR HÜMBƏTOV

2021-09-30 14:20:00

"Azərbaycan İranın son zamanlar atdığı addımları ciddi qəbul etməli, ona görə adekvat addımları müəyyən etməlidir"

"Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Rusiyanın Soçi şəhərində ikili görüş baş tutdu. Bu görüşün bağlı qapılar arxasında baş tutan detalları hələki mətbuata tam şəkildə açıqlanmasa da, qapalı qapılar arxasında baş tutan görüşdən öncə hər iki prezident mətbuat üçün qısa açıqlama verdi. Verilən bu açıqlamadan belə qənaətə gəlmək olar ki, həm Rusiya, həm də Türkiyə tərəfi regionda baş verən proseslərin həllində, o cümlədən Qarabağda baş verən proseslərin həllində əsas oyun qurucu və oyunu idarə edən özləri olmaq niyyətindədirlər. Yəni, qısacası prosesləri İran iştirakı olmadan həll etməyə çalışırlar". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.

Siyasi ekspertin sözlərinə görə, II Qarabağ savaşı dövründə və ondan sonrakı mərhələdə Rusiya və Türkiyənin tutduğu mövqe, atdıqları addımlar İranın oyundan kənar qalmasına səbəb oldu ki, bu da cənub qonşumuz üçün əlbəttə aydın idi: "İndi isə görünən ondan ibarətdir ki, II Qarabağ savaşından sonra oyundan kənarda qalan İran bütün gücü ilə təxribatçı addımlar atmaqla regiona daxil olmağa çalışır. Bu məqsədlə keçən ilin sonu, bu ilin əvvəlindən İran tərəfi dəfələrlə müxtəlif formalı addımlar atmağa başladı. 10 dekabr 2020-ci ildə Azərbaycan ordusunun Qarabağda qələbə çalması ilə bağlı keçrilən "Zəfər" hərbi paradında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi bir şeirə cavab olaraq İran XİN başçısı Cavad Zərif təxribat xarakterli twitter paylaşımı etdi və demək olar ki bu paylaşım böyük skandala səbəb oldu. Yanvar ayının sonlarına yaxın isə İran XİN başçısı Cavad Zərif regiona səfəri çərçivəsində Azərbaycana və Ermənistana səfər etdi. Bu səfər zamanı həmişə olduğu kimi yenə ikibaşlı bəyanatlar verən İranın baş diplomatı bölgədən əliboş qayıtmalı oldu. 4 ay sonra, yəni bu ilin may ayının sonlarında Cavad Zərifin Azərbaycana daha bir səfəri baş tutdu. Aparılan danışıqlara baxmayaraq, Zərif yenə əliboş qayıtmalı oldu. Yəni, İran yenə bölgədə gedən proseslərdən kənarda qalmalı oldu".

Samir Hümbətov qeyd edib ki, diplomatik yollarla atılan addımların nəticəsiz olduğunu anlayan İran tərəfi bu dəfə təxribatçı addımlara keçməyə başladı: "10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra Azərbaycanın çoxsaylı xəbərdarlıqlarına baxmayaraq İrana məxsus yük maşınları mütəmadi şəkildə rus "sülhməramlıları"nın müvəqqəti nəzarət etdiyi Laçın koridoru vasitəsilə qondarma rejmə yardım daşımışdır. Nəhayət, Azərbaycanın verdiyi notaya əhəmiyyət verməyən İran tərəfinin addımına cavab olaraq Azərbaycan Gorus-Qafan yolunda polis və gömrük postları qurdu və oradan keçən maşınların yoxlanışına başlanıldı ki, bunlar arasında İrana məxsus yük maşınları da vardı. İran isə buna cavab olaraq bir neçə gün öncə Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə paraleldə, yəni Adlandüzdən İran Culfasına kimi olan ərazidə genişmiqyaslı hərbi təlimlərə başladı. Bu təlimlərdə İran kəşfiyyatı SEPAH da iştirak edirdi. Azərbaycan prezidenti cənab İlham Əliyev Türkiyənin "Anadolu" xəbər agentliyinə müsahibə verərkən bu məsələyə haqlı olaraq toxundu və bəzi suallar ünvanladı. İran tərəfi isə XİN səviyyəsində məntiqsiz və əsassız cavablarla məsələni bağlamağa çalışdı. İndi isə yeni yayılan məlumata əsasən İran tərəfi yenidən ölkənin şimal-qərb hissəsində, həmçinin, Azərbaycanla sərhəddə hərbi təlimlərə başlamaq niyyətindədir. Bu istiqamətdə artıq hazırlıqlar da davam edir. Əldə edilən məlumata əsasən "Xeybərin Fatehləri" adlı hərbi təlimlərə zirehli texnikalar, toplar, PUA-lar və hərbi hava qüvvələri cəlb ediləcək. İndi buradan belə suallar yaranır ki, İranın Azərbaycana qarşı belə qərəzli mövqeyi nədən və haradan qaynaqlanır? İranın tez-tez Azərbaycanla sərhəddə belə əzələ nümayiş etdirməklə kimə və nə üçün güc göstərmək niyyətindədir? İranın erməni və Ermənistan sevgisinin arxasında hansı niyyətlər dayanır? Görünən odur ki, suallar çox olsa da, orada məntiqlə cavab verəcək kiminsə olması çətin məsələdir. Fikrimcə, Azərbaycan İranın son zamanlar atdığı addımları ciddi qəbul etməli, ona görə adekvat addımları müəyyən etməlidir. Əlbəttə ki, İranın da bəzi məsələlərdə həssas yerləri çoxdur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az