İran deputatı Ermənistana dəstək siyasətinin iflasa uğradığını etiraf edib
Təbriz şəhərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirza Beyqi İslam Respublikasının Ermənistana dəstək siyasətinin iflasa uğradığını etiraf edib.
O, bu barədə yazıb: “Ermənistan-Azərbaycan müharibəsi Həsən Ruhaninin prezidentliyi dövründə baş verib, sonra isə o zamankı hakimiyyətin məsələyə qeyri-adekvat reaksiyaları və bu faktorlar Azərbaycan xalqını bizimlə qohum və şiə olmasına baxmayaraq, praktiki olaraq bizdən ayırıb. Azərbaycanın dini alimləri Qumda təhsil alır və İran İslam Respublikasından ilham alırlar. Amma biz etdiklərimizlə onları özümüzdən uzaqlaşdırdıq və məyus etdik”.
Millət vəkili İranın indiki hökumətinin bu məsələ ilə bağlı siyasətinə də toxunub:
“Əvvəlki hökumətin qərarlarına görə indiki hökumət də eyni yanaşmanı həyata keçirmək məcburiyyətindədir və əvvəlki mövqenin girovuna çevrilib. İndi beynəlxalq təzyiq altında olan Ermənistan bizə möhtac qalmamaq üçün Qərb düşərgəsinə sığınıb və amerikalılarla hərbi təlim keçirir. Əslində Ermənistan öz regional strukturunu dəyişir və bu gedişat İranın necə aldandığını göstərir. Bir tərəfdən biz Azərbaycan xalqını itirdik, digər tərəfdən isə arxasında dayandığımız Ermənistan İran İslam Respublikasının sərhədlərində NATO-nun mövcudluğu üçün zəmin yaratdı ki, bu da bizim təhlükəsizliyimizlə ziddiyyət təşkil edir”.
Ülviyyə, Hurryyet.az