İran İsrailə hücum etməyə risk edərmi?
İranın Ərbildəki son raket hücumları, bu hücumların əhatə dairəsi və hədəfləri nəzərə alınmaqla bir sıra suallar doğurur. Üstəlik də bu hücumlar İsrailin bir neçə dövlət obyektinin elektron infrastrukturuna qarşı ən böyük kiberhücumlarla üst-üstə düşür.
İran mediası xəbər verir ki, Ərbildəki raket hücumu Qolana daha böyük hücum üçün müqəddimədir, yaxud da İran İsrailə dərin zərbə endirməyə hazırlaşır. ABŞ hərbi qüvvələri İranın raket hücumuna cavab vermədi, ehtimal ki, İranın hücumları martın 7-də Suriyada iki SEPAH zabitinin öldürülməsinə cavabdır.
Diqqət edilməlidir ki, iki mühafizəçisinin öldürülməsinə İranın reaksiyası bu dəfə sürətli və qəfil oldu. İran getdikcə cəsarət və özünəgüvən qazanır ki, bu da onu daha böyük və daha çevik hücumlar etməyə sövq edir.
Bu, əsasən, onun raketləri idarə etmə imkanlarının artması və mürəkkəb döyüş tapşırıqlarını yerinə yetirə bilən PUA-ların əldə edilməsi ilə bağlıdır ki, bu da İranı daim güc nümayiş etdirməyə, eləcə də düşmənlərə və düşmən hesab etdiyi qüvvələrə qarşı "gözünü qorxutma" imkanlarını artırmağa sövq edir.
İsrailin də tərkibinə daxil olduğu ABŞ Mərkəzi Komandanlığının komandiri general Kennet Makkenzi Senatın Silahlı Qüvvələr Komitəsinin bu yaxınlarda keçirilən dinləmələrində deyib ki, İran müxtəlif tipli 3000 ballistik raketə malikdir və onlardan bəziləri İsrailin dərinliklərinə nüfuz etməyə, Təl-Əvivi vurmağa qadirdir.
O, raketlərin Yaxın Şərq ölkələrinin təhlükəsizliyi və ABŞ-ın maraqları üçün ekzistensial təhdid olduğuna işarə edərək, İranın son 5 ildə raketlərin məsafəsini və dəqiqliyini artırmaq üçün böyük resurslar sərf etdiyini vurğulayıb.
“Biz 2020-ci ilin yanvarında İraqda Əl-Qaidəyə edilən hücumda İran raketlərinin onlarla hədəfi dəqiq vurduğunu gördük” deyərək o, İranın ballistik raketləri və hücum pilotsuz təyyarələrinin effektivliyinin “çox narahatedici” olduğunu bildirib. Eyni zamanda, ekspertlər hesab edirlər ki, İranın ballistik raketləri təhlükəsi onun nüvə proqramının hərbiləşdirilməsi və nüvə bombalarına malik olmasından heç də az təhlükəli deyil.
Əslində, bu raketlər, onların yerləşdirilə və istifadə oluna biləcəyini nəzərə alsaq, nüvə təhlükəsini üstələyə bilər, halbuki nüvə bombası sadəcə olaraq, güc balansını nəzərə alsaq, istifadəsi çətin, hətta qeyri-mümkün olaraq qalır. Bununla belə ekspertlər bəzi məntiqi məsələlər qaldırırlar: İran təhlükəsini necə azaltmalı və ən əsası, İranın arsenal toplamaq və bütün resurslarını region ölkələrindəki silahlı dəstələrə payladığı silahların hazırlanması cəhdini necə cilovlamaq olar. Görünür İran İsrailə qarşı terror balansı yaratmağa çalışır. Tehranın nöqteyi-nəzərindən bu tarazlıq təkcə İranın daxili məkanı ilə məhdudlaşmır. O, həmçinin Livan, İraq və Yəməndəki regional müttəfiqləri əhatə edir. Məqsəd İsrailin Hizbullahı hədəf almaq, təhdid etmək və ya hücum etmək qabiliyyətini sarsıtmaq ilə İsraili Suriya və İraqdakı hərbi əməliyyatlarını dayandırmağa məcbur etməkdir. Yəqin ki, bu strategiya üçün hazırkı beynəlxalq vəziyyətdən daha yaxşı məqam yoxdur.
ABŞ və Avropa hazırda Ukrayna böhranı ilə məşğuldur. Rusiya prezidenti Vladimir Putinin növbəti addımını proqnozlaşdırmaq çətindir. İranın ən böyük müttəfiqi Rusiya da Ukrayna böhranında İsrailin mövqeyindən tam razı görünmür.
Beləliklə, İranın Ağ Evlə nüvə sazişinin bərpasına dair danışıqları poza biləcək hər hansı reaksiya göstərməkdən çəkinən İsrail və ABŞ tərəflərinə öz mesajını çatdırmaq üçün bundan daha əlverişli məqamı ola bilməz.
Yaxın gələcəkdə İsrailin istənilən addımı İran tərəfindən oxşar, bəlkə də daha güclü, daha sürətli və daha cəsarətli əks-cavabla qarşılanacaq. Lakin, nəzərdə tutulan taktiki məqsədinə çatdığı müddətcə İran İsrailin arxa tərəfinə raketlər atmaq qədər uzağa getməyəcək.
Bu, İranın hazırda istəmədiyi açıq müharibə ssenarisi demək olardı. Bu o anlama gəlir ki, İranın İsrailə göndərmək istədiyi mesajlardan biri budur: əgər həqiqətən də ABŞ ilə nüvə sazişinin bərpasına dair razılıq əldə olunarsa, İran İsraili onun nüvə obyektlərinə birtərəfli hərbi hücumdan çəkindirməyi nəzərdə tutur.
Tehran Təl-Əvivin bununla bağlı təhdidlərini həyata keçirəcəyindən və ya ABŞ-ın hücuma yaşıl işıq yandıracağından qorxur. Etiraf etmək vacibdir ki, təhlükə təkcə İranın İsrailə və ya başqalarına birbaşa hücumu deyil. Ukrayna böhranından sonra Tehran əmindir ki, ABŞ müttəfiqlərini qorumaq üçün müharibəyə getməyəcək və yalnız onun milli təhlükəsizliyinə birbaşa təsir edən zaman hərbi müdaxilə edəcək. Bu kontekstdə xatırlamaq lazımdır ki, İranın son raket hücumları kənar şəxslər tərəfindən həyata keçirilmədi. Hətta o Şimali İraqı vurmaq üçün İran ərazisindən atıldı və SEPAH onu üstünə götürdü, bu İranın raket gücünün nümayişi oldu.
Bütün bu siyasi və hərbi detallarla İran qonşu ölkələrə təzyiq göstərməyə, İsraili təhdid etməyə, Suriya ilə İraqda hərbi mövcudluğunu gücləndirməyə, İsrail və digər dövlətlərin İran silahlı qüvvələrini Suriyadan çıxarmaq cəhdini durdurmağa çalışır. Bütün bunlar Yəməndən Livana, Suriya və İraqa qədər İranın son on ildə çatdığı nüfuzu saxlamaq məqsədi daşıyır.
İranın Ərbilə son raket hücumu İraqdakı siyasi mənzərəsinin formalaşmasında Tehranın onun fikrini nəzərə almağın vacibliyinin altını cızmasının bariz göstəricisidir. O, həmçinin Vyana danışıqlarına təzyiqi artırmaq və Suriyada iki SEPAH zabitinin öldürülməsinə cavab vermək məqsədi daşıyır.
Lakin ən təhlükəli mesaj İsrailə və onun Körfəzdəki yeni dostlarına yönəlib. Bu mesaj İsrail və onun dostlarına raketlərinin imkanlarını, dəqiqliyini və effektivliyini xatırlatmaq, Vyana danışıqlarından sonrakı mərhələdə Tehran öz regional təsirindən bərk yapışdığını, onu itirmək istəməməsini, istənilən koalisiya və ya hərbi hücumlara cavab verməyə hazır olduğunu vurğulayır.
Ülviyyə, Hurriyyet.az