İran mediası: “Ərdoğan İran hakimiyyəti ilə psixoloji oyun oynamağa başlayıb?”
İran mediası prezident Ərdoğan haqda kinayə dolu və təşviş mahiyyətli “Ərdoğan İran hakimiyyəti ilə psixoloji oyun oynamağa başlayıb?” başlıqlı yazı paylaşıb.
Materialın dərc olunduğu "Eghtesad News" saytı yazır: “Azərbaycanın Qarabağı ələ keçirdiyi və İrəvanla Bakı arasında gərginliyin artdığı bir vaxtda Türkiyə prezidenti Ərdoğan Naxçıvana səfər edib. O, səfərdən qayıdarkən Zəngəzur dəhlizinin açılması ilə bağlı deyib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında Naxçıvanı birləşdirən sülh dəhlizini dəstəkləyir. Amma İrəvan dəhlizin açılmasına qarşı çıxsa, dəhliz İran ərazisindən keçə bilər ki, bu da müsbət ideyadır. Dəhlizin açılması üçün əlimizdən gələni edirik və İrandan da bu yöndə müsbət siqnallar gəlir.
Ərdoğanın bu sözləri İranda müzakirəyə səbəb olub. Bəzi ekspertlərin fikrincə, bu doğrudursa və dəhliz İrandan keçərsə; Bu, həm münaqişələri başa çatdırar, həm də İrana iqtisadi divident qazandırar.
Bəziləri isə hesab edir ki, Ərdoğanın sözlərinə güvənmək olmaz və o, bu açıqlamanı başqa məqsədlə, o cümlədən Tehran və İrəvanın fikirlərini İranın şimal sərhədlərində dəhliz açmaqdan yayındırmaq üçün verib”.
Ülviyyə, Hurriyyet.az