İran mediasının Azərbaycan əleyhinə adət halını almış yazılarna demək olar ki, müntəzəm şahidi oluruq. Bu dəfə də İranın anti-Azərbaycan mövqeyi ilə fərqlənən “Rahborde Moaser” saytı ölkəmizə qarşı təxribat xarakterli yazı dərc edib. Yazıda deyilir:
“Azərbaycan Respublikası Türkiyə, Gürcüstan kimi dövlətlərin və sionist rejim kimi bir tərəfin hərbi, təhlükəsizlik və siyasi dəstəyi ilə Ermənistana təzyiq etmək və Zəngəzur dəhlizini yaratmağa çalışır. Rəsmi Tehran diplomatik kanalı aktiv saxlamaqla yanaşı, Bakı rejiminin istənilən fitnəsinə qarşı durmaq üçün bu coğrafi ərazidə İslam inqilabına inanan qrupları fəallaşdırmalıdır.
Azərbaycanın Qarabağ savaşında qələbəsi ilə, rəsmi Bakı regional və trans-regional müttəfiqləri ilə birlikdə Cənubi Qafqaz regionunun geosiyasi xəritəsini dəyişməyə və Ermənistanın Sünik bölgəsini ələ keçirməyə çalışır. Buna isə İran İslam Respublikası açıq-aşkar şəkildə qarşı çıxır. Bakının adıçəkilən bölgəni ələ keçirməsi ilə Zəngəzur dəhlizi artıq reallaşma mərhələsinə qədəm qoyacaq və Xəzər dənizindən enerji nəqli dəhlizi Türkiyədən keçməklə Cənubi Avropa bazarlarına çıxarılacaq. Hazırda Trans-Anadolu kəməri Azərbaycan qazının bir hissəsini Türkiyədən Avropaya çatdırır. Sərhədlərin dəyişdirilməsi planı həyata keçirilərkən, Moskva enerji rıçaqından istifadə edərək Avropaya təzyiq göstərməyə çalışır.
Ermənistanla ümumi tarixi sərhədini Avropa bazarlarına çıxışın açarı hesab edən İran İslam Respublikası beynəlxalq sərhədlərdə istənilən dəyişikliyin əleyhinə çıxıb və bu regionda ekspansionist planlara qarşı xəbərdarlıq edib. Azərbaycanın Ermənistan ərazisinə təkrar “təcavüzlərinə” cavab olaraq, SEPAH-ın Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpur Araz boyu ərazidə genişmiqyaslı hərbi təlim keçirildiyini açıqlayıb.
Son həftələr Bakıda siyasi-diplomatik müstəvidə əhəmiyyətli fəallıq nəzərə çarpıb. Ötən bazar ertəsi İsrailin müdafiə naziri Beni Qans Bakıya gedib və Azərbaycan rəsmiləri ilə görüş keçirib. Onun Azərbaycanda olması ilə eyni vaxtda, Türkiyənin müdafiə naziri Hulusi Akar və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan da Bakıya səfər ediblər.
Bəzi ekspertlərin fikrincə, adıçəkilən xarici rəsmilərin demək olar ki, eyni vaxtda “Bakı Respublikasında” olması regional güclərin Qafqaz regionunun sərhədlərini dəyişdirmək və İranı bölgədəki yeni dəhliz marşrutlarından kənarlaşdırmaq planlarından xəbər verir. İranın şimal sərhədlərində həmin ssenarinin reallaşması Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində Tehranın milli maraqlarını ciddi şəkildə təhdid edir.
Başqa sözlə, əgər rəsmi Bakı Ermənistanı “işğal etməklə” və ya ona təzyiq göstərməklə Zəngəzur dəhlizinin aktivləşdirilməsinə nail olsa, o zaman İranda kommunikasiya dəhlizlərinin açılması məqsədilə yaradılmış infrastrukturun inkişafına yönəldilmiş milyardlarla dollarlıq daxili investisiya səmərəsiz olacaq və yeni beynəlxalq nizamda İranın mövqeyinə böyük təhlükə sayılır”.
Ülviyyə, Hurriyyet.az